AZ

Torpağın altındakı “düşmən…”

NATO ərazilərimizin onlardan təmizlənməsində ölkəmizə kömək edəcək
Azərbaycanda mina terrorunun aradan qaldırılması üçün davamlı tədbirlər görülür. Təqdirəlayiq haldır ki, bu işə dünyanın güc mərkəzlərindən biri olan Şimali Atlantika Hərbi Bloku (NATO)  kimi nüfuzlu hərbi təşkilat da öz köməyini təklif edib. Belə görünür ki, NATO rəhbərliyi Azərbaycan torpaqlarında mina təhlükəsizliyindən narahatlıq keçirir və bu səbəbdən də onsuz da çox qurbanlar vermiş  ölkəmizdə yeni qurbanların sayının daha da artmasının qarşısının alınmasına qərar verib. 30 illik işğal dövründə əzəli torpaqlarımızda Ermənistan silahlı birləşmələri tərəfindən 1,5 milyondan artıq mina basdırılıb. İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində erməni separatçıları Qarabağda 500 min mina basdırıblar. Demək olar ki, Ermənistanın hərbi zavodlarının istehsal etdikləri “gözəgörünməz düşmən” ərazilərimizin minalanması üçün işləyib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində təkcə bu bölgəmizdə ümumilikdə 300-dən çox soydaşımız mina qurbanına çevrilib. Azərbaycanın mina problemi və onun aradan qaldırılması sahəsində NATO-nun maliyyə və texniki dəstəyi Alyansın Avro-Atlantika Tərəfdaşlıq Şurasının iclasında müzakirə edilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (EAPC) formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə “Ad hoc” İşçi Qrupunun iclasında iştirak edib. İclasa NATO-nun üzv və tərəfdaş dövlətlərinin təmsilçiləri, eləcə də Alyansın aidiyyəti strukturlarının nümayəndələri qatılıblar. Müzakirələrdə Azərbaycanın üzləşdiyi mina problemi, məsələnin həlli istiqamətində görülmüş işlər, müxtəlif dövlət və beynəlxalq təşkilatların bu sahədə Azərbaycana dəstəyi, eləcə də təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu xüsusda Ağdam rayonunun Qərvənd kəndinin 400 hektar ərazisinin minalardan təmizlənməsinə dair Qərvənd Etimad Fondunun yaradılmasının tezləşdirilməsinin vacibliyi vurğulanıb. İclasda ANAMA-nın nümayəndə heyəti Aərbaycanda mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə geniş təqdimatla çıxış edib.
Təqdimatda 2020-ci ilin noyabr ayından, yəni hərbi əməliyyatlar və antiterror tədbirlərindən sonra 379 nəfər azərbaycanlının mina partlayışları nəticəsində həlak olduğu və yaralandığı, minaların məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını və həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyi, kənd təsərrüfatı işlərini əngəllədiyi, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ətraflı şəkildə izah olunub. Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və sahədə tətbiq olunan yeni yanaşmalar haqqında məlumat verilib.
Eyni zamanda, iclas çərçivəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını və işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi təşkil edilib. Sərgi iştirakçılarda işğalın nəticələri barədə müəyyən təsəvvürlər yaradıb. Səfər çərçivəsində ANAMA nümayəndə heyətinin üzvlərinin NATO-nun Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini B. San və NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmaması Bölməsinin (ADN) direktoru E. Lemos-Maniati ilə ikitərəfli görüşləri keçirilib. Görüşlər zamanı Alyansın mina probleminin həlli istiqamətində mövcud təcrübəsi və bu xüsusda NATO-nun ölkəmizə maliyyə və texniki dəstəyi müzakirə olunub. Bununla yanaşı, ANAMA və NATO nümayəndə heyətinin NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) yerləşdiyi Lüksemburqa səfəri baş tutub. Səfər zamanı NATO ilə minatəmizləmə sahəsində təcrübə mübadiləsi, müasir texnologiyaların öyrənilməsi və yeni üsulların tətbiqi sahəsində müzakirələr aparılıb.
Şübhəsiz ki, NATO-da keçirilən bu müzakirənin ölkəmiz üçün böyük faydası olacaq. Əgər minalardan təmizləmə işi bir qədər də canlandırılsa ərazilərimiz gözlənilən müddətdən daha tez təhlükəsizliyə qovuşar və işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri xeyli sürətlənər, əkin sahələrində məhsul yetişdirilər və ərzaq bolluğu yaranar.
Vəli İlyasov, “İki sahil”

Seçilən
2
1
arantv.az

2Mənbələr