AZ

 “Yaşıl biznes” üçün iqtisadi stimullar və vergi güzəştləri...

Ekoloji mühiti ağırlaşdıran sənaye sektoruna isə karbon vergisi tətbiq olunacaq

Azərbaycan hökuməti ətraf mühitin qorunması, sənayeləşmənin ekoloji təsirlərinin azaldılması istiqamətində yeni hədəf tədbirlərinə uyğun olaraq səylərini artırmaqdadır. Yeni ekoloji siyasət çərçivəsində ətraf mühitə dost texnologiyalardan və tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, daha təmiz yanacağa keçidin təmin olunması, enerji istehsalında su elektrik stansiyalarının və külək, günəş enerjisi stansiyalarının payının artırılması, müasir ekoloji alətlərin geniş tətbiqi nəzərdə tutulur.

Doğrudur, ölkəmizin ətraf mühitə emissiya edilən karbon üzrə payı hədsiz dərəcədə azdır, dünyadakı karbon emissiyasının 0,13 faizi Azərbaycanın payına düşür. Bu nisbət kifayət qədər kiçik olsa da, qlobal çağırışlardan geri qalmayaraq karbonsuzlaşdırma strategiyaları inkişaf etdiriləcək. Həmçinin Azərbaycanın 2040-cı ilədək emissiyaları 40 faiz azaltmaq öhdəliyi var.

Ona görə də, qarşıda duran ən başlıca tədbirlərdən biri istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının azaldılmasıdır. Bu məqsədlə ekoloji mühiti ağırlaşdıran sənaye sektoru üçün vergi nəzarəti tətbirlərinin gücləndirilməsi və müxtəlif məhdudlaşdırıcı addımların atılması planlaşdırılır. Məhdudlaşdırıcı vasitələrdən biri kimi dünyada geniş yayılmış vergi alətlərindən biri olan karbon vergisinin tətbiqi nəzərdən keçirilir. Bakıda təşkil olunan karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda da bu məsələ əsas müzakirə mövzularından biri olub.

Avropa İttifaqı 20 ildir ki, karbon vergisi tətbiq edir

Karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Vergitutma mexanizmi müəssisənin karbon emissiyasını ölçərək ətraf mühitə vurulan zərərin maddi dəyərini uyğun vergi dərəcəsi müəyyənləşdirir. İlk dəfə bu vergi 1991-ci ildə Finlandiyada qüvvəyə minib. Avropa İttifaqı ölkələri 2005-ci ildən bu verginin tətbiqinə başlayıb, İsveçrə, Norveç, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisinin müxtəlif növlərini tətbiq edir. Fəaliyyətə görə karbon vergisinin tətbiqi zamanı məhsullara və ya müəssisələrə istehsal etdikləri emissiyalara nisbətdə vergi öhdəliyi müəyyənləşir.

Karbon vergisi tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu vergi istixana qazı emissiyalarını effektiv şəkildə azaldır. Karbon vergisi tətbiq edən ölkələrdə ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarından istifadə artıb, ekoloji maarifləndirmə, istixana qazlarının emissiyalarının azaldılması kimi müsbət nəticələr əldə edilib.

Qeyd edək ki, 2026-cı ildən Avropa İttifaqının sərhəddə karbon ticarət sistemi tətbiqinə başlayacaq. Aİ-yə üzv dövlətlərin qərarına əsasən, üçüncü ölkələrdən Aİ-yə idxal edilən sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi tətbiq olunacaq ki, bu da Azərbaycanın, ümumilikdə, həmin vergiyə keçidini labüdləşdirəcək.

Kiçik və orta biznesin maraqları müdafiə olunacaq

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Aliks Perinyonun fikrincə, hazırda 2 əsas karbon qiymətləndirmə mexanizmi var, birincisi karbon vergisidir. İkincisi isə emissiya ticarəti sistemidir. Bütün bunlar konseptual olaraq eyni məqsədə - “yaşıl vergi” yolu ilə “yaşıl iqtisadiyyatı” inkişaf etdirmək, daha təhlükəsiz və sağlam dünya qurmaq startegiyasına xidmət edir. Ona görə də bu cür mexanizmləri inkişaf etdirmək hazırda bütün ölkələr üçün əsas çağırış olmalıdır və bütün ölkələrin vergi administrasiyaları “yaşıl vergi” tətbiqləri üçün dialoqu daha da gücləndirməlidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, karbon qiymətləndirilməsi prosesində kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyllərini dəstəkləməklə və bu sahədə toplanan vəsaitlərin yenidən biznesə reinvestisiya edilməsi ilə tətbiqi planlaşdırılır. Bu baxımdan karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə dəstəklənəcək. Səmərəli vergi siyasəti effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiya”lardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq. Həmçinin, ölkəmizdə ekoloji və “yaşıl vergi”lərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə araşdırılır ki, məqsəd regional və qlobal təşəbbüsləri reallaşdırmaqdır.

Karbon vergisi sənaye biznesini “yaşıl texnologiayalara” motivasiya etmək məqsədi güdür

Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli bildirib ki, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşu, istehsal sektoru və ixracda “karbon izi”nin azaldılması üçün müasir vergi alətlərinə geniş yer verilməsi milli vergi sisteminin diqqət mərkəzindədir. Bərpa olunan enerji mənbələri və “yaşıl texnologiyalar”dan geniş istifadənin təşviqində vergilər mühüm alətlərdən biridir. Bu tədbirlərə uyğun olaraq karbon vergisi və yaxud analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi müzakirə edilir.

Ancaq bu çərçivəyə əsasən, elə bir optimal yol müəyyən ediləcək ki, bu, “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində biznesin üzərinə əlavə vergi qoyulması kimi qəbul olunmasın. Məsələn, ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib, elektrik və hibrid avtomobillərə, həmin avtomobillər üçün enerji doldurucularına vergi güzəştləri edilib, habelə bərpa olunan enerji mənbələri üzrə elektrik təchizatı şəbəkəsindən əldə edilən gəlirlərə vergi təşviqləri verilib. Yəni əsas prioritet “yaşıl enerji”nin istehsalını həyata keçirənlər üçün iqtisadi stimulların verilməsidir və karbon vergisi də məhz ənənəvi, köhnə və səmərəsiz texnologiyalara  əsaslalan sənaye bizneslərini çəkindirmək, “yaşıl texnologiyalara” motivasiya etmək məqsədi güdür.

Asiya Bankından “yaşıl sənaye” dəstəyi...

Asiya İnkişaf Bankının (AİB) nümayəndəsi Sandep Bhataçarya bildirib ki, sənaye sektorunun ətraf mühitə zərərlərinin azaldılmasında inzibati alətlərdən biri kimi karbon vergisinin tətbiqi və karbon qiymətqoyma mexanizmləri effektli olsa da, başqa strateji alətlərin üzərində də çalışmaq lazımdır. Çünki, məhdudlaşdırma və inzibatçılıq sənaye biznesini ekoloji karbonizasiyadan uzaqlaşdırmaqda maksimum təsirli rol oyanmaya da bilər, bunun üçün digər təşviqedici qərarların verilməsi də zəruridir. Ən səmərəli vasitələrdən biri sənayenin formasını, istehsal və emal profillərini dəyişməkdir, daha müasir ekoloji texnologiyalarla fəaliyyətini qurmaqdır. Bu cür “ağıllı yaşıl texnologiyaların” dəyəri böyükdür, sənaye sektorunun yaşıllaşdırılması hədsiz dərəcədə iri investisiyalar tələb edir.

Asiya Bankı “yaşıl sənaye” və “yaşıl tikinti” sektorlarında biznesin maliyyə ehtiyaclarını nəzərə alaraq öz donorluğunu artırmağa hazır olduğunu, iqlim dəyişikliyindən əziyyət çəkən sənaye icmasına yeni maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsinə dəstək verəcəyini bəyan edib.

Yeri gəlmişkən, Asiya İnkişaf Bankı Azərbaycanda “yaşıl iqtisadiyyat”a yönələn sərmayələri artıracağını da bəyan edib və 2024-2026-cı illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq strategiyasına əsasən, yeni layihələrin əsas istiqamətləri bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcək.

Valyuta Fondu da “yaşıl vergi”ləri təşviq edir...

Beynəlxalq Valyuta Fondu (BVF) da de-karbonizasiya siyasətinin təşviqini sürətləndirməyi və mərhələli şəkildə karbon emissiyasını azaldan fiskal-vergi təşəbbüslərinin reallaşmasını dəstəkləyir. BVF təklif edir ki, 2030-cu ilə qədər Qafqaz və Mərkəzi Asiya ölkələri yanacaq subsidiyalarının mərhələli şəkildə dayandırmaq və CO2 emissiyasının hər tonuna 4 dollar həcmində vergi tətbiq etməklə biznesi və sənaye icmasının “yaşıl vergilərə” keçidini təmin etmək olar. Qeyd edək ki, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda hər ton karbon qazı üçün 8 dollar həcmində vergi tətbiqi nəzərdə tutulur.

Beynəlxalq Valyuta Fondunun Gəlirlər İdarəsinin direktor müavini Marqaret Kotton isə bildirib ki, emissiya ticarəti sxemini tətbiq edən ölkələrə maliyyə dəstəyinin artırılması istisna deyil.

Beləliklə, Azərbaycan qlobal çağırışları nəzərə alaraq karbon vergisinin tətbiqi ilə sənaye müəssisələrini ekoloji problem yaratmaqdan uzaqlaşdırmağa, karbon emissiyasından çəkindirməyə çalışmağı düşünür. Ölkəmizin bu vergi rejiminə keçməsindən sonra karbon vergisinə məruz qalacaq sahibkarlar məlum öhdəlikləri nəzərə alaraq öz gələcək fəaliyyətlərini intizamlı, “yaşıl davranış kodeksinə” uyğun qurmalı olacaqlar.

E.CƏFƏRLİ

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr