AZ

“Atam danışırdı ki, evimizi tərk edəndə qapıdakı itimiz ağladı”- Qərbi Azərbaycan Xronikası 

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Azərbaycanlılar erməninin kəsdiyi malın ətini almırdılar” adlı veriliş Gərnibasar mahalının Qəmərli rayonunun Yamancalı kənd sakini Elara Şükürovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq xatirələri, təhsil və iş həyatında qarşılaşdığı ayrı-seçkilik, üzləşdiyi çətinliklər, 1950, 1965 və 1988-ci illərdə baş verən hadisələr haqqında danışıb, yaşadığı ümumi həyatı bölüşüb:

“1958-ci ildə 8 yaşında məktəbə getmişəm. O dövrdə kənddə azərbaycanlılar az olduğu üçün yalnız erməni dilində məktəb var idi. Uşaq vaxtı kitab oxumağa böyük həvəs göstərmişəm”.

Onun sözlərinə görə, 1965-ci ildə "erməni soyqırımı"nın 50 illiyi ilə əlaqədar kənddə böyük gərginlik yaşanıb:

“Polis kəndə gətirilib, sakinlərə evdən çıxmamaq tapşırılıb. Bu hadisədən sonra azərbaycanlılara qarşı münasibət dəyişməyə başlayıb”.

E.Şükürova 1968-ci ildə İrəvan şəhərinə köçüb, əvvəlcə Tibb Texnikumunu, sonra isə İrəvan Dövlət Universitetinin biologiya fakültəsini bitirib:

“Təhsil aldığım müddətdə və iş həyatımda azərbaycanlı olduğum üçün müəyyən çətinliklərlə üzləşirdim. 1988-ci ildə Sumqayıt hadisələrindən sonra vəziyyət kəskin şəkildə pisləşdi. Ailəmiz və digər azərbaycanlılar təzyiqlərə məruz qalır, evləri yandırılırdı. Nəticədə, biz doğma yurdumuzu tərk etməyə məcbur qaldıq. 1988-ci ildə ailəmiz ilə birlikdə doğma yurdumuzdan deportasiya olunub qovulduq”.

Yamancalı kənd sakini sonda Vətənə qayıdış ümidini ifadə edərək vurğulayıb ki, Qərbi Azərbaycan bizim torpağımızdır:

“Orada ulu babalarımızın qəbirləri var. Mən inanıram ki, biz ora qayıdacağıq".

Bir sözlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan olan qaçqınların yaşadığı çətinlikləri və eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirir. Onun həyat hekayəsi Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların taleyini əks etdirən bir güzgüdür.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Seçilən
11
far.az

1Mənbələr