AZ

Bir şəklin yaratdığı suallar

“26 sentyabr müşavirəsi izaholunmaz hadisədir” Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin iştirak bir sıra suallar doğurub. İlk ağla gələn sual Heydər Əliyevin hansı protokol qaydalarına əsasən müşavirəyə qatılması idi. Əlbəttə, indiyə qədər Heydər Əliyev bir sıra tədbirlərə qatılıb, konkret olaraq, cari ilin yanvarın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfərini xatırlada bilərik. Heydər Əliyevin qonaqlara verilən rəsmi ziyafətdə xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə eyni masada əyləşmişdi. Ardınca İlham Əliyevin qonaqları nazir Bayramovla və Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyevlə yox, oğlu Heydər Əliyevlə yola salması da bunun hansı protokol qaydası ilə tənzimləndiyi sualını gündəmə gətirdi. Yaxud Heydər Əliyevin atası ilə fevral ayında Azərbaycan Hərbi Hava Qüvvələrinin obyektlərinə səfər zamanı yeni alınan “Akıncı” hücum PUA-larının uçuşlarını izləməsi, o cümlədən, Xankəndidə Qarabağ Universitetinin açılış mərasimində də iştirakı, onun dövlət işlərinə qatıldığının ilk olmadığını göstərir. Azərbaycan ictimaiyyətinə Heydər Əliyevin hansı vəzifə daşıdığı haqda məlumat verilməsə də, onun İqtisadiyyat Nazirliyində müəyyən bir vəzifə tutduğu barədə yayılan informasiyalar hələ rəsmən təsdiqlənmir. Sadaladıqlarımıza indiyə qədər rəsmi izah verilmədiyindən bu məsələnin keçmişinə ekskurs etməli olduq. Haşiyə: 2016-cı ilin sentyabrında keçirilən referendumda Konstitusiyanın 42 maddəsinə 29 dəyişiklik edildi. Referendumla Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırıldı, ona Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verildi, prezidenti seçilmək üçün yaş məhdudiyyəti 35 yaşdan 18 yaşa, Milli Məclisə üzv seçilmək üçün yaş məhdudiyyəti isə 25 yaşdan 18 yaşa endirildi. Xüsusən referendumla I Vitse-prezident və vitse-prezident vəzifələri yaradıldı və 5 ay sonra (2017-ci ilin fevralı) İlham Əliyev xanımı Mehriban Əliyevanı I Vitse-prezident təyin etdi. Foto: Azərtac 2021-ci ilin martında hakim partiyanın VII qurultayında Mehriban Əliyeva sədrin birinci müavini təyin olundu. Ancaq ötən 7 ildə vitse-prezidentlər hələ təyin edilməyib. Ümumiyyətlə, son 100 ildə Azərbaycan hakimiyyət iyerarxiyasında ailə üzvlərini yüksək vəzifəyə təyinat Heydər Əliyev tərəfindən olub. Düzdür, ona qədər Azərbaycan Kommunist Partiyasının I katibi Vəli Axundovun (1959-1969-cu illərdə) qardaşı Hüseynkamal Axundov Sumqayıt şəhərinin İcraiyyə Komitəsinin sədri olmuşdu. Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə gələndən az sonra oğlu İlham Əliyevi əvvəlcə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, ardınca I Vitse-prezidenti təyin etdi. 1995-ci ildə İlham Əliyev Milli Məclisə deputat mandatı aldı, 5 il sonra isə hakim partiyanın seçki siyahısına başçılıq etdi. O cümlədən, oğul Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə birinci müavini təyin olundu. Rəsul Quliyev: Mən ona dedim ki… İllər əvvəl hazırda mühacirətdə olan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində iddia etmişdi ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra oğlunu iqtisadiyyat nazirinin I müavini təyin etmək istəyirdi: “Məqsəd idxal və ixrac məsələlərini ona tapşırmaq idi. O zaman mən dedim ki, siz onun xaricilərlə işləməsini istəyirsinizsə, bunun ən yaxşı əlaqə yeri Neft Şirkətidir, aparın qoyun ora prezident müavini”. Rövşən Cavadov: Heydər Əliyevin məqsədi Azərbaycanda monarxiya qurmaqdır Heydər Əliyevin Azərbaycanda ailə hakimiyyəti qurmaq niyyət barədə isə ilk dəfə 1995-ci ildə hakimiyyətə qarşı qiyam edən OMON komandiri Rövşən Cavadov danışmışdı. Qiyamdan bir neçə gün əvvəl mətbuat konfransı keçirən Rövşən Cavadov demişdi ki, Heydər Əliyev oğlu İlham Əliyevi yerinə hazırlayır və məqsədi Azərbaycanda monarxiya qurmaqdır. Nemət Pənahlı: Murtuz Ələsgərov müvəqqətidir İkinci belə iddianı Nemət Pənahlı 1996-cı ilin sentyabrında Murtuz Ələsgərov Milli Məclisin sədri təyin olunanda səsləndirdi. Nemət Pənahlı “Azadlıq” qəzetinə bildirmişdi ki, Murtuz Ələsgərovun Milli Məclisin sədri postuna təyinatı müvəqqəti xarakter daşıyır, Heydər Əliyev oğlu İlham Əliyevi həmin vəzifəyə hazırlayır. Nemət Pənahlının söylədiklərinin reallığı 2000-ci ilin seçkilərində YAP-nin seçki siyahısında özünü təzahür etdirdi. Hakim partiyanın yaradıcılarından, Milli Məclisin spikeri Murtuz Ələsgərov siyahıda Gənclər Təşkilatının sədri Siyavuş Novruzovdan sonra dördüncü olduğu halda partiya rəhbərliyinə 1999-cu ildə gətirilmiş İlham Əliyevin birinci yerdəydi. Sirus Təbrizli: Dedim ki, İlham Əliyevi spiker təklif etməklə onu zərbə altına qoyuruq 2006-cı ildə “Gündəlik Azərbaycan” qəzetinə müsahibə verən hakim partiyanın yaradıcılarından Sirus Təbrizli də Heydər Əliyevin İlham Əliyevi qanunverici orqana sədr gətirmək planı olduğunu gizlətməyib: “2000-ci il parlament seçkilərindən sonra Heydər Əliyevin müşavirə çağırdı və İlham Əliyevi yeni parlamentin spikeri görmək istədiyini söylədi. Buna ilk etirazı mən edəndə Heydər Əliyev təəccübləndi, amma arqumentimi səsləndirməyə söz verdi. Mən dedim ki, İlham Əliyevi spiker təklif etməklə onu zərbə altına qoyuruq. Çünki biz seçkini uduzmuşuq, seçkini Müsavat Partiyası udub. Cənab Prezident sizə səhv məlumat veriblər. Bundan sonra Heydər Əliyev Ramiz Mehdiyevə Məzahir Pənahovu çağırmağı tapşıraraq fasilə elan etdi. Fasilədən sonra MSK sədri çıxış edərək dediklərimi təsdiqlədi. Onu dinləyən Heydər Əliyev dedi ki, Murtuz Ələsgərov yerində qalır”. Beləliklə, Azərbaycanda ailə hakimiyyətinin təməllərinin atıldığı illərdə müxalifət partiyalarının liderləri bu gedişatın pik nöqtəsinə çatacağına inamsız yanaşır, hətta reallaşacağını fantaziya hesab edirdilər. Məsələn, AMİP lideri Etibar Məmmədov 2001-ci ildə “Yeni Müsavat” qəzetinə müsahibəsində İlham Əliyevin prezident seçiləcəyini fantaziya adlandırmışdı. Oxşar fikirləri Müsavat, AXCP və digər partiyaların liderləri də səsləndirmişdi. “Azərbaycanda formalaşan rejimi artıq özünəməxsus protokol müəyyən edib” İndi isə gələk Heydər Əliyevin ölkə başçısının sentyabrın 26-da keçirdiyi müşavirədə iştirakına. Hüquqşünas Xalid Bağırov deyir ki, bu, nə qapalı iclasdır, nə də Nazirlər Kabinetinin və ya Milli Məclisin iclasıdır, müşavirədir, məsləhətləşmədir: Xalid Bağırov, foto: Meydan TV “Müşavirə Konstitusiyada nizamlanmayan bir tədbirdir, rəsmi tədbir sayılmır. Müşavirədə hər bir vətəndaş iştirak edə bilər, amma rəsmi şəxslərin yanında yox, yəni masanın arxasında deyil, daha arxa hissədə yerləşdirilən oturacaqlarda oturmalıdır. Beləliklə, bu iclasa hüquqi standartlarla deyil, Azərbaycan avtoritarizminə xas özünə məxsus “standartlarla” baxılmalıdır. Amma Heydər Əliyevin I Vitse-prezidenti yanında oturması isə protokolun pozulmasıdır. Azərbaycanda formalaşan rejimi artıq özünəməxsus protokol müəyyən edib”. “Əliyev daxil və xarici opponentlərinə göstərmək istəyir ki, uzun illər Azərbaycanı ailəsi idarə edəcək” Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Heydər Əliyevin müşavirədə iştirakına əsas olmadığını düşünür. Onun dediyinə görə, bu məsələ ilə bağlı müxtəlif şayiələr yayılır, guya, yaranmış geosiyasi və daxili siyasətlə bağlı İlham Əliyevin ailəsinə təhdidlər ola bilər: “Ona görə təhlükəsizlik məqsədi ilə ailə üzvlərini yanında saxlayır. Bu, inandırıcı görünmür, çünki hakim ailə dövlət mühafizəsindədir. Onu qoruyan qurum ailənin də mühafizəsinə cavabdehdir. İkinci şayiə Heydər Əliyevin Mikayıl Cabbarovun müşaviri təyin edilməsidir, guya nazirin müşaviri kimi də toplantıya qatılıb. Ancaq bu barədə rəsmi məlumat yoxdur və gülünc versiyadır. Çünki nazir müşavirləri nə zamandan Prezidentin yanındakı iclaslara qatılırlar?! Bu iki versiyanı birləşdikdə spekulyasiya kimi görünsə də, hər iki ehtimal qismən də olsa, həqiqətəuyğundur. Yəni Əliyev ailəsinin gözü qarşısında olmasını istəyir və buna rəsmi don geyindirir. Nəhayət, Əliyev cəmiyyətə mesaj verir ki, ondan sonra həyat yoldaşı var, rəsmi statusu da I Vitse-prezidentdir, kimsə məni hakimiyyətdən uzaqlaşdırmaq istəsə, onsuz da hakimiyyət onlarda qalacaq. Lakin 9 fevral seçkisinin bir ili tamam olmadığından bu ehtimal da inandırıcı görünmür. Ümumiyyətlə, indiki keşməkeşli siyasi gedişatda nəinki 5-6 il, hətta 1 il sonra nə baş verəcəyini heç kim deyə bilməz. Hər bir halda sadaladığım ehtimalların ümumi nəticəsini ortaya qoymaq olar ki, Əliyev həm daxildə, həm də xaricdə olan opponentlərinə göstərmək istəyir ki, istədiyini edir və ailəsi də uzun illər Azərbaycanı idarə edəcək”. “Neft gəlirləri talanıb və onu hakimiyyətdə daxlayanların payları çatıb” Lakin Ərəstun Oruclunun fikrincə, Azərbaycanda hüquqi baxımdan monarxiyanın qurulması haqda sualın cavabı neqativdir: “Siyasi reallıqdan yanaşdıqda 1969-cu ildə Moskvadan Azərbaycan Kommunist Partiyasına rəhbər təyin olunan Heydər Əliyevin ailəsi 50 ilə ölkəni idarə edir. Ona görə heç kim təminat verə bilməz ki, növbəti 50 ili də onlar idarə etməyəcək, bu, tamamilə mümkündür”. Oruclu indiki vəziyyətin yaranmasında daxili və xarici amillərin rol oynadığını hesab edir: Ərəstun Oruclu, Mənbə: Meydan TV “Əsasən də xarici amillər. Azərbaycan kimi ölkədə xarici amilin rolu olmadan heç bir halda hakimiyyət bu cür ötürülə bilməz. Həmçinin xarici amilin rolu olmasaydı, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələ bilməzdi. O cümlədən hakimiyyəti 2003-cü ildə də oğlu Əliyevə ötürə bilməzdi. Azərbaycan xalqının fəlakəti ondadır ki, bu məsələdə dünyanın hər iki qütbünün maraqları üst-üstə düşdü. 1993-cü ildə Yeltsin Heydər Əliyevi istəməsə də, xüsusi xidmət orqanları isə əksinə, istəyirdi. İkincisi, Heydər Əliyevin hakimiyyətə gəlməsində, yalnız Rusiya yox, Türkiyənin, Süleyman Dəmirəlin birbaşa, Qərbin də rolu olub. Həmin mərhələdən sonra İsrail və müəyyən mənada İran da bu prosesə qoşuldu. Sanki bütün dünya əl-ələ verib gücünü Azərbaycana qarşı yönəltdi. Bir ailəni 50 il hakimiyyətdə saxlamaq xalqa qarşı düşmənçilikdir”. “Azərbaycan xalqı öz taleyini düşünəndə Şərqi, Qərbi, Rusiyanı fikirləşməməlidir, özü taleyini həll etməlidir. Çünki belə davam etsə, biz yalnız müşahidə etməli olacağıq. Gələcək nəsillər də görəcəklər ki, Əliyevlər 100 ildir hakimiyyətdədir. Bunu dayandırmağa ehtiyacı olan proses iştirakçısı Azərbaycan xalqıdır ki, onu da Qərb, Rusiya, Türkiyə və İsrail siyasətdən kənara qoyub. Son aylar Azərbaycana gələn bu ölkələrin rəsmi nümayəndə heyətlərinə baxın, məqsədləri bəllidir, Əliyev hakimiyyətdə qalır və istədiyi kimi də davranır. Məsələn, Əliyev dünən deyirdi ki, 1 faiz inflyasiya olub, halbuki, ölkə iqtisadiyyatı çöküb. Yaxud neft gəlirlərinin ədalətli bölündüyünü söyləyir, xeyr, talanıb və həmin ölkələrin də payları çatıb. Azərbaycan xalqı bunları dərk edəndə, vəziyyət dəyişəcək”, – deyə Oruclu fikrini tamamlayıb. “Əliyev bu sərəncamla respublika dəyərlərinin üstündən xətt çəkib” Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, İlham Əliyev Azərbaycanda ailə hakimiyyəti qurmaq strategiyası götürüb və bu, 2016-cı il referendumunda başlayıb, bir il sonra həyat yoldaşını I Vitse-prezident təyin edib. O, dünyada bu cür hallara nadirən təsadüf edildiyini bildirib: “Rəsmi monarxiya dövlətlərində belə hal müşahidə edilmir. Yəni bir evdə ailə başçısı prezidentdir və öz sərəncamı ilə həyat yoldaşını I Vitse-prezident təyin etsin. Əslində, Əliyev bu sərəncamla respublika dəyərlərinin üstündən xətt çəkib. Hətta özünü respublika dəyərlərinin təmsilçisi sayan bir partiya bunu əsaslandırmaq üçün izahı olmayan fikirlər səsləndirdi. O necə respublikadır ki, ər prezident, xanımı da I Vitse-prezidentdir? Son bir neçə ayda isə Əliyev işğaldan azad olunan ərazilərə gedəndə oğlu da hərbi formada onu müşayiət edirdi. Əslində, hərbi formada həmin ərazilərin azad edilməsi uğrunda müharibə gedən zaman olmaq lazım idi. İndi hərbi forma geyinməyin elə bir mənası yoxdur, çünki ərazilər azad edilib”. Professor Azərbaycan tarixində son 100 ildə yaxınlarını vəzifəyə təyin etmə nümunəsini Heydər Əliyevin gətirdiyini deyib: Foto: Meydan TV “Cümhuriyyət qurucularının ağıllarına belə şeylər gəlməzdi. Əli Mərdan bəy Topçubaşov parlamentin sədri seçiləndə Bakıda yox idi. Amma hamı Məhəmməd Əmin Rəsulzadənin təqdimatını dəstəklədi. Yəni Rəsulzadə demədi ki, əmisi oğlu Məmməd Əli Rəsulzadə parlamentin sədri olsun. Çünki Topçubaşovun yüksək hüquq təhsili vardı, Rusiya Dumasının deputatı olmuşdu. SSRİ-də isə nəinki varis təyin etmək, yaxın qohumların eyni idarədə işləməsi qanunvericilik və əsasnamələrlə qadağan edilirdi. Nərimanov, Bağırov, Mustafayev, Axundov yaxın qohumlarını yüksək vəzifələrə təyin edə bilməzdilər. Yalnız Axundovun qardaşı Sumqayıt İcariyyə Komitəsinin (İK) sədri idi, onun da üstündə birinci katib Nadir Balakişiyev vardı. Yəni İK-nin sədri ən yüksək vəzifə deyildi, aparıcı mövqe partiyadaydı. Axundov vəzifədən çıxanda Sumqayıt məsələsi ona qarşı istifadə olundu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının I katibi təyin ediləndə, yaxın qohumların vəzifələrə gətirməsə də, yerliçilik tendensiyası idarəçiliyə gətirildi”. “…əhalini vəziyyətə adaptasiya edirlər” “52 ildir ölkə Əliyevlərin idarəçiliyindədir. 1987-1993-cü illər qısa fasilədir, bu dövr onlarsızdır. Bunlarda belə fikir formalaşıb ki, hakimiyyətlərini daimi etsinlər və bunun yolu vitse-prezidentlər institutunun yaradılması idi. Halbuki inzibati, ərazi quruluşu, iqtisadiyyatı böyük olmadığından Azərbaycana bu qədər vitse-prezidentlər lazım deyil. İkincisi, vitse-prezident bir nəfər olar, yaxud gərək də deyil. Bu, ailə hakimiyyətinin hüquqi bazasının yaradılması idi. Nikaraquada da vitse-prezident var, ancaq təyinatla yox, seçki ilə seçilir. 8 ildir vitse-prezidentlər institutu yaradılıb, bəs niyə digər təyinatlar yoxdur? Kim təminat verə bilər ki, bu postlar ailə üzvləri üçün rezerv deyil. Məqsəd hakimiyyətin ötürülməsindəki boşluğu aradan qaldırmaqdır. Hər hansı səbəbdən prezident vəzifəsini idarə edə bilməyəndə, həmin vəzifə yad adama yox, ailəyə keçsin. Həmin vəzifələrin boş saxlanılmasının ikinci səbəbi ailə mülkiyyətinin uşaqlarda olmasıdır. Vitse-prezident isə dövlət vəzifəsidir. Məsələn, Londonun mərkəzində mülklər, 740 milyon funt-sterlinqə əmlak alınıbsa, mənbəyi göstərilməlidir. Yaxud SOCAR-ın xaricdə aldığı mülklər necə hakim ailənin adına keçir, bu barədə xarici mətbuat yazır. Beləliklə, ailənin gənc üzvü hökumət müşasvirəsinə qatılırsa, sabah onun yüksək post tutma ehtimalının altyapısı hazırlanır. İranda Pəhləvilər sülaləsi Rza şahın oğlu Məhəmməd Rza hətta Baş nazirdən də yuxarıda otururdu və heç kim də ona bu barədə irad tuta bilməzdi. Lakin İran rəsmən monarxiya idi və Rza şah oğlunu vəliəhd elan etmişdi. İlham Əliyev isə çıxış edəndə Azərbaycan respublikası ifadəsini işlədir. Ailə üzvünün həmin müşavirədə olması Azərbaycanın respublika dəyərlərini şübhə altına alır və bununla əhalini vəziyyətə adaptasiya edirlər”, – deyə Həsənli əlavə edib. Cəmil Həsənlinin fikrincə, 26 sentyabr müşavirəsi izaholunmaz hadisədir: “Tədbirdə Prezidentin çıxışından başqa nazirlərin heç birinin fikirlərini mətbuatda görmürük. İkincisi, Əliyevin çıxışında ekspremental yanaşma vardı, iqtisadi təhlil yox idi. Rəsmi mətbuat müşavirədə müzakirələrin aparıldığını yazır, amma nələrin müzakirə edildiyi barədə heç nə yoxdur. Məsələn, Əliyev inflyasiyanın 1 faiz olduğunu deyir, bu, real yox, statistika inflyasiyasıdır. Statistikanın rəqəmləri isə mövcud gerçəkliyi obyektiv əks etdirmir. Üçüncüsü, manatın alıcılıq qabiliyyəti aşağı düşür, 2024-cü ilin 9 ayında istehlak mallarının, xidmətlərin qiyməti 4 dəfə artıb. Manat dollarla müqayisədə dəyərin saxlasa da, bazarla müqayisədə mənzərə əksinədir. Bu qiymət artımı da manatın alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salır. Bu il ətin qiyməti bir neçə dəfə bahalaşıb. Səbəb isə ticarət inhisarının hakim ailənin əlində olmasındadır. Ticarət monopoliyası olan yerdə qiymətlərin diktə siyasəti işə düşür. Dördüncüsü, sərhədlər də qapanıb, sərhəd rayonlarında yaşayanlar qonşu ölkələrlə ticarətə gedə bilmirlər. Əliyev xarici neft şirkətlərini ittiham edir, amma SOCAR haqda susur”. “Son 10 ildə neft istehsalı 51 milyon tondan 30 milyona tona enib. Axı bunun hamısı xarici şirkətlərlə bağlı deyil və neftdən gəlirlərinin böyük hissəsi xarici şirkətlərin hesabınadır. İqtisadi inkişaf yalnız ailə iqtisadiyyatının inkişafı deyil, bu, həm də xalqın həyatında təmin olunmalıdır. Müşavirədə bu suala cavab versinlər ki, Azərbaycanda pensiyalar və əməkhaqları nə üçün məğlub olmuş Ermənistandan aşağıdır. Statistik rəqəmləri sadalamaqla iş ötmür, bir az Bakıdan kənara çıxmaq lazımdır, Əliyev hökuməti bunlardan xəbərsiz deyil”, – deyə Cəmil Həsənli qeyd edib. Meydan TV

Seçilən
8
xural.com

1Mənbələr