AZ

Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyəsi baxımından əhəmiyyətlidir ŞƏRH

Anım

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-si günü Azərbaycanın tarixinə və xalqımızın qəlbinə əbədi həkk olunub. Çünki məhz dörd il öncə bu tarixdə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması üçün Vətən müharibəsi başlayıb. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, 4 il öncə - sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin elan olunması, eləcə də qismən hərbi səfərbərliyin elan olunması unudulmaz hadisələrdir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımız yaşından asılı olmayaraq, könüllü sürətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara müraciət edirdilər. Xalqda böyük coşqu var idi. Nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başlamışdı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Vətən müharibəsində Birinci Qarabağ müharibəsində canlarını qurban vermiş şəhidlərimizin, Xocalı soyqırımının, digər erməni qətliamlarının qurbanı olan soydaşlarımızın qisası alındı. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya-başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Deputat vurğulayıb ki, 2020-ci il noyabrın 8-də üçrəngli Bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış Bəyanat Azərbaycanın siyasi qələbəsi oldu. Azərbaycan Ordusu işğalçı Ermənistanı 44 gündə diz çökdürdü. Nikol Paşinyanın Azərbaycanın tarixi Qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu. Eyni zamanda, Bəyanata əsasən üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı.

Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyinin mühüm rol oynadığını xatırladan Fatma Yıldırım deyib: “Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman xatırlayacaq. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu Qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən başa saldı. Bu Zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi”.

Hazırda doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işlərinin həyata keçirildiyini vurğulayan deputat əlavə edib: “Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir və Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin, Milli Musiqi Gününün təşkil olunması buna sübutdur. İşğaldan azad olunmuş ərazilərdə bütövlükdə sürətli bərpa-quruculuq işlərinin aparılması Böyük Qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Hesab edirəm ki, qazandığımız Qələbənin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı, cəmiyyəti Ali Baş Komandanımızla sıx birlik nümayiş etdirdi. Bu amil Qələbəmizdə çox mühüm rol oynadı. Biz bu zəfər tariximizin 4-cü ildönümünü digər möhtəşəm Zəfərimizin əldə olunması ilə qeyd etdik. Ötən il sentyabrın 19-20-də şanlı Ordumuz, qəhrəman əsgərlərimiz 23 saat ərzində Qarabağ ərazisində antiterror tədbiri keçirərək erməni separatçılarını diz çökdürdü. Artıq həmin torpaqlarda da Azərbaycan Bayrağı dalğalanmaqdadır. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən öz yurduna qayıtdı. Biz bu torpaqlarda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra Azərbaycan tarixində yeni mərhələ və səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq”.

Seçilən
9
azertag.az

1Mənbələr