AZ

Problem çözülsə, bu komandaya ölüm yoxdur

“Səbail”in oynadığı futbola baxıb, sonra da turnir cədvəlinə göz gəzdirəndə adam məəttəl qalır.

Belə oyunla 4 xal?

Necə olur bu?

“Səbail”in ən yaralı yeri müdafiə xəttidir. Yusif Nəbiyevi çıxsaq, digər üç nəfər – Dmitri Litvin, Amir Bilali və Mert Çelik komandaya yayda qoşulublar.

Aralarındakı anlaşma səviyyəsinin istənilən səviyyədə olmadığı vaxt keçdikcə görünür. Qolların böyük əksəriyyəti arxa xətt oyunçularının diqqətsizliyindən və fərdi səhvlərindən vurulub.

“Çərçivə”dəki Hüsenəli Quliyev də ümidləri tam doğrultmur, komanda yoldaşlarını sığortalamaqda çətinlik çəkir.

Onun yerində “Kəpəz”in, yaxud “Şamaxı”nın qapıçılarından biri olsaydı, “Səbail”in xal ehtiyatı daha çox olardı.

Büdcə ən yaxşı halda Hüseynəli ilə oynamağa imkan verirsə, bundan artığını gözləmək də yersizdir.

Komanda 7 oyunda qapısından 14 top buraxmaqla bu göstəricidə yalnız “Kəpəz”i qabaqlayır (18).

Əvəzində yarımmüdafiə və hücum xətti rəqiblər üçün sözün əsl mənasında başağrısıdır. “Səbail” 7 oyunda rəqib qapılarına 10 qol vurmağı bacarıb.

Bayıllıları bu göstəricidə oturuşmuş heyətə malik “Qarabağ”, “Sabah” və “Zirə” geridə qoyur. Hətta bu gün üst pillələrdə qərarlaşan “Araz-Naxçıvan”la “Turan Tovuz” belə, “dəzniçilər” qədər qol vurmayıb.

Hücum etmək, qol vurmaq baxımından heç bir problem yoxdur, 7 oyunda 10 qol “Səbail” üçün əladır. Şahin Diniyev irəli xətdəkilərdən, mütləq ki, razıdır.

Bircə qalır müdafiəçilərin öz aralarında anlaşma səviyyəsini qaldırması və qapıçının sayıqlığını bir qədər artırması.

Məşqlərdə bu yöndə çalışıb çatışmazlığı aradan qaldırmaq mümkün olsa, “Səbail” mövsümü ən pis halda indiki yerində - 8-ci pillədə başa vuracaq.

Onsuz da, əsl yeri elə oradır da. Guya büdcə müqayisəsində Premyer Liqada hansı klubları qabaqlayır ki? “Kəpəz”lə “Şamaxı”nı, vəssalam.

HƏBİB / SPORTINFO.AZ

Seçilən
7
sportinfo.az

1Mənbələr