AZ

“Gənc nəsil şəhidlərimizin ruhunu daim uca tutmalıdır” — Millət vəkili

“27 sentyabr tarixi həm Anım Günü, həm də qəhrəmanlıq günüdür. Bir gözümüz ağlayırsa, bir gözümüz gülür. Uşaqlarımızı, yeniyetmələrimizi milli ruhda, vətənə sədaqət ruhunda böyütmək vacib məsələdir. Gənclərimiz ölkəmizin inkişafı, dövlətimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü, ərazilərimizin suverenliyi uğrunda ali məqsədə xidmət etməyi özlərinə borc bilməlidirlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. V.İskəndərov qeyd edib ki, bu gün bütün dünya Azərbaycanı heyrətlə izləyir, ölkəmizin inkişafının, uğurlarının şahidi olur:

“Dünya güclərinin dəstəklədiyi bir ölkə üzərində şanlı qələbə çalmaqla həm torpaqlarımızı, həm qürurumuzu geri qaytardıq. Azərbaycan ərazisinə görə kiçik dövlət olsa da, xalqının, ordusunun əzmkarlığı, şücaəti ilə necə böyük bir dövlət olduğunu göstərdi. Bütün dünya dövlət başçısının, Ali Baş Komandanın qətiyyətinin, prinsipiallığının, uzaqgörənliyinin şahidi oldu. Şahidi oldu ki, xalq və ordu Prezidentinin ətrafında dəmir yumruq kimi birləşib hər an düşməni məhv etməyə qadirdir”.

Azərbaycan xalqının faciəli dövrlər yaşadığının söyləyən millət vəkili bildirib ki, mənfur qonşularımız öz ağalarının dəstəyilə torpaqlarımızı işğal edib, soyqırımlar törədib, tarixi abidələrimizi mənimsəyib, mədəniyyətimizi, mətbəximizi, musiqilərimizi özününküləşdirməyə çalışıblar:

“Bütün bunlar dünyanın gözü qarşısında baş verib. Sovet dönəmindən başlayan bu çirkin siyasətin qarşısını ulu öndər Heydər Əliyev almağa müvafiq oldu. Sonradan Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsi ermənilərin əlində fürsətə çevrildi. 1988-ci ildən ermənilər Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etməyə başladılar. 1993-cü ilə qədər bu proseslərin ağrı-acısını yaşadıq. Yüz minlərlə soydaşımız Ermənistandan qovuldu, torpaqlarımız işğal olundu, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimiz oldu. Ulu öndərin yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni səhifə açıldı. Ölkə iqtisadi inkişafa qədəm qoydu, əhalinin rifahının yüksəlməsi üçün işlər görüldü, Azərbaycanda yeni ordu quruculuğu dövrü başladı”. 

Prezident İlham Əliyevin rəhbərliyi altında bu inkişaf yolunun yeni formada davam etdirildiyini vurğulayan V.İskəndərov əlavə edib ki, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi prioritet məsələ kimi ortaya qoyuldu:

“Həmin gənclər 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandanın göstərişi ilə cəbhədə düşmənlə üz-üzə gəlməyə hazır dayandılar. Həmin gənclər canlarından keçərək, şəhid olaraq, qazi olaraq torpaqlarımızı düşməndən azad etdilər. 2023-cü ilin sentyabrında isə bir günlük antiterror əməliyyatı ilə suverenliyimizi tam olaraq bərpa etdik. 

Qonşu Ermənistan təəssüf ki, hələ də eskalasiyaya meyilli olduğunu göstərir, məkrindən əl çəkməyib. Ona görə də böyüyən gənc nəsil şəhidlərimizin ruhunu daim uca tutmalı, Vətən müharibəsində göstərilən qəhrəmanlıqları unutmamalıdır ki, qələbəmiz daim olsun, sarsılmaz olsun”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
7
demokrat.az

1Mənbələr