AZ

Zəfərin 4 illiyi: Böyük Qləbəyə aparan yol nədən və hardan keçdi? – ANALİZ

2020-ci il tarixdə Azərbaycanın Qələbə ili və işğal olunmuş torpaqlarını düşməndən azad etməsi ili kimi qaldı. Azərbaycan ordusu cəmi ay yarım ərzində Ermənistan ordusunu tamamilə darmadağın edərək Qarabağı düşməndən azad etdi. Bu müharibədə ordumuz, dövlətimiz və xalqımız böyük həmrəylik nümayiş etdirərək birgə mübarizə apararaq bu şanlı qələbəni təmin etdi. Son 4 ildə Qarabağda bərpa və quruculuq işlərim aparılır. Şəhərlərimiz kəndlərimiz, infrasturktur bərpa olunur, məcburi köçkünlər öz yurdlarına qayıdır, bölgənin sosial, iqtisadi, mədəni inkişafı başlayır. Bəs bu Qələbənin səbəbləri nədə gizlənir? Bu yazıda 2-ci Qarabağ Müharibəsində qələbəyə aparan yolları göstərməyə çalışacağıq.

Böyük Qələbəni təmin edən iqtisadi güc necə formalaşdırıldı?

Qələbənin necə əldə edildiyini bilmək üçün əvvəlcə 1-ci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının səbəblərinə baxmaq lazımdır. Bu səbəbləri Prezident İlham Əliyev göstərib: “Biz 1-ci Qarabağ müharibəsində torpaqlarımızı ona görə itirdik ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi…”

Səbəbin ən qısa tərifi budur. Onda gücümüz yox idi, indi isə var. Və gələk bu müddətdə ölkəmizin bu gücü necə əldə etməsinə. Dövlət başçısı bu məsələləri belə ifadə edib: “Mən bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil.

İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı. Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır…

Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. Baxın indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib... Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik...

Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi”.

Siyasi-diplomatik müharibədə qələbə necə əldə edildi?

İqtisadi müharibə uğurla başa çatdırılmışdı. Lakin müharibənin əsas cəbhələrindən biri də siyasi-diplomatik müharibə idi ki, burada da Azərbaycan qələbəni təmin etdi. Ölkə başçısı öz çıxışnda bunu belə ifadə edib: “Ermənistanı beynəlxalq arenada ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.

Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu, düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair qətnamə qəbul etdirdik- bizim maraqlarımıza xidmət edən qətnaməni. Müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı.

Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi.

Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq. Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı darmadağın etdik. Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl əməkdaşlığımız var. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli formatları var. Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu, bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir…

Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Ona görə, bütün bu amillər öz rolunu oynadı”.

İnformasiya və təbliğat müharibəsində döyüş necə getdi?

Müharibənin ən vacib cəbhələrindən biri də bu idi. Azərbaycan son illərdə bu cəbhədə üstünlüyü ələ aldı. Prezident İlham Əliyev bu işə tarixi saxtakarlığı ifşa etməkdən başlandığını deyir: “Ermənistanın təqdim etdiyi saxta tarixi darmadağın etmişik, beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər…

Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik- həm dövlət, həm Heydər Əliyev Fondu. Bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq….

YUNESKO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar.

Qeyd edək ki, dövlət başçısı müharibə dövründə nüfuzlu beynəlxalq media orqanlarına onlarla müsahibə verdi və elə sanballı faktlar, məntiqi dəllillərlə düşməni ifşa etdi ki, bu informasiya və təbliğat müharibəsində çox böyük rol oynadı. Dünya ictimai rəyi Azərbaycanıln haqq işinin tərəfində formalaşdırıldı. Bu işdə bütün xalqımız, xaricdəki diasporumuz da böyük rol oynadı və bu birlik informasiya müharibəsində öz sözünü dedi.

Problemin hərbi yolla həlli əsas qələbəni təmin etdi

Bəzi beynəlxalq təşkilatların və böyük dövlətlərin rəsmi şəxslərinin dediyi “münaqişənin hərbi həll yoxdur” tezisi fiaskoya uğradı. Azərbaycan sübut etdi ki, sülh yolu baş tutmayanda hərbi yolla öz ərazi bötüvlüyünü bərpa etməyə qadirdir.

Ali Baş Komandan bu barədə belə deyib: “Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq.

…Sentyabrın 27-də mən dedim yetər artıq, irəli! 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, diz çökdü. 300-dən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.

Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq…”

Qarşıda bizi nə gözlədiyini isə yenə dövlət başçısının sözləri ilə vermək istəyirik: “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”

Elçin Bayramlı

Seçilən
5
sesqazeti.az

1Mənbələr