AZ

27 sentyabr - Anım Günü Şirvanda silsilə tədbirlərlə qeyd edilib

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən müharibəsinin başladığı 27 sentyabr gününün hər il Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi barədə ölkə başçısı cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabr 27-də ümumşəhər anım tədbiri keçirilib...

Poliqon xəbər verir ki, öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvlərinin, yaxınlarının hər biri ilə görüşüb, onlara Allahdan səbir diləyib.

Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 2020-ci ilin 27 sentyabr tarixində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə Qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbiçilərin dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini bildirən İlqar Abbasov Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edib. Vətən müharibəsində qazandığımız şanlı qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini söyləyib.

Daha sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhid atası Rəhim Hüseynov, Alim Zülfüqarlı, Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı İradə Atayeva 44 günlük Vətən müharibəsində Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “Dəmir yumruqda” möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlarından bəhs ediblər. Çıxış edənlər bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Tədbirin sonunda şəhər məktəbliləri Anım Gününə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.

Tədbirdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri el qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Rəfael Həbibovun, Tahir Bağırovun, Nofəl Quliyevin büstləri ziyarət olunub, xatirələri ehtiramla yad edilib.

Eyni zamanda 27 sentyabr - Anım Günü ərəfəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçuları Hüseynov Rəşad Rəhim oğlunun və Tağıyev Əli Azad oğlunun il mərasimləri keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimlərdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərin məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Mərasimlərdə 44 günlük haqq savaşımızda qazanılan tarixi qələbədən, qəhrəman Vətən şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, eləcə müharibə meydanında göstərdikləri şücaətlərdən qürurla söhbət açılıb. Məhz aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunduğu qeyd edilib. Şəhid ailələrinə, müharibə iştirakşılarına dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs olunaraq, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Sonra açılan ehsan süfrələrində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirələri yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fotolar

Poliqon.info

Seçilən
3
2
poliqon.info

3Mənbələr