AZ

Yeni suveren Azərbaycan parlamenti dövlətçiliyimizin inkişafı yolunda

1991-ci ildə ölkəmiz müstəqilliyini qazandıqdan sonra çox gərgin siyasi proseslərdən keçdi. Elə illər oldu ki, müstəqilliyimiz təhlükə altına düşdü. Ermənistanın təcavüzkar, işğalçı siyasəti bir tərəfdən, daxili xaos, mərkəzdənqaçma meyilləri də digər tərəfdən dövlətçiliyimizin hətta mövcudluğunu sual altına qoyurdu. Şübhəsiz ki, 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi fonunda xalqımız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gətirməsəydi, milli dövlətçiliyimizin yaşama şansı olmazdı. 

Odur ki, xilaskarlıq missiyasını üzərinə götürən Ümummilli lider dövlət quruculuğunu uğurla başa çatdırdı. Lakin Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü 20 faiz ərazimizin işğalı ilə nəticələndiyindən orada heç bir seçki keçirilə bilməzdi. BMT-nin qətnamələri 30 ilə yaxın idi ki, icra olunmur, azərbaycanlıların elementar təbii hüquqları tapdalanırdı. Yalnız 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz bizim təbii, tarixi hüquqlarımızı bərpa etdi. O cümlədən, azad ərazilərimizdə seçki sistemi də bərpa edildi. Hətta ilk dəfə idi ki, parlament seçkiləri bu il keçirildi. Bu isə suverenliyimizin bərpasından sonra mümkün oldu. Necə ki, sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən dövlətimizin başçısı dedi: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki Prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.”

Bəli, məhz 28 iyun 2024-cü il tarixində Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə tarixində ilk dəfə olaraq suveren Azərbaycan ərazilərində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verdi. Budəfəki seçkilərin əvvəlkilərdən əsas fərqi də məhz bu idi ki, ilk dəfə bütün suveren ərazilərimizdə baş tutdu. İlk dəfə seçicilər Xocalıda, Xankəndidə, Şuşada, Laçında, Zəngilanda səs verdilər. Bu baxımdan, indiki Milli Məclis suveren Azərbaycanın yeni parlamentidir, desək yanılmarıq. 

Bəli, bir həqiqətdir ki, bizi bu uğurlara aparan yol məhz bu gün anım gününü qeyd etdiyimiz 27 sentyabr tarixindən başladı. Azərbaycan öz haqq və hüquqlarını bərpa etmək yoluna məhz bu gün qədəm qoydu. İndi Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti, şəhidlərimizin və qazilərimizin canları və qanları bahasına əldə etdiyimiz Qələbə bizə ölkəmizin bütün ərazilərində yaşamaq, seçmək, seçilmək, Konstitusiyamızın yaratdığı imkanlardan istifadə etmək şansı verir. Yeni parlamentin əsas missiyalarından biri də, təbii ki, bu şansı qorumaq, doğru dəyərləndirmək, ölkəmizin, vətəndaşlarımızın hər zaman yanında olmaqdır. Əminliklə deyə bilərik ki, Vətənimizin gələcək inkişafının təmin olunması istiqamətində aparılan islahatlara müvafiq olaraq yeni formalaşan Milli Məclis sağlam siyasi mühit və dialoqun, azərbaycançılıq məfkurəsinin, insan hüquqlarının qorunması üçün əsaslı işlər görəcək.

 

Tənzilə RÜSTƏMXANLI,

Milli Məclisin deputatı

 

 

Seçilən
6
xalqqazeti.az

1Mənbələr