AZ

Vətən övladlarının xatirəsinə böyük ehtiram ŞƏRH

Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılması hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisədir. Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu siyasi proqram artıq reallaşdı.

27 sentyabr 2020-ci il tarixində təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq, Vətən Müharibəsinin başlanması və Zəfər yürüşü tariximizə yazılan səhifədir. Ölkəmizdə 44 gün davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən qeyd edilir. Bu Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Azərbaycanı Zəfərə, Qələbəyə aparan bu gün Azərbaycan xalqının qürür günüdür.

ZƏFƏR GÜNÜNÜN VƏ SARSILMAZ BİRLİYİN TƏCƏSSÜMÜ

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Xalqımız Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edir. Bakının 8 Noyabr prospektində inşası davam edən Zəfər parkı da bu ehtiramın təcəssümüdür. Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub və parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyub.

Vurğulayaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq. Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək.

"BİZ ELƏ İLK GÜNDƏ DÜŞMƏNİN MÜDAFİƏ XƏTTİNİ YARMAĞA NAİL OLDUQ"

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər tariximiz 44 günlük qətiyyətli yolun sonunda yazıldı. Azərbaycan ordusu ilk gündən düşmənin müdafiə xəttini yarmağa müvəffəq oldu və yalnız qələbə xəbərləri aldıq. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən müharibəsində öz gücünü nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənə verdiyi dərs tarix boyu yaddan çıxmayacaq. 27 Sentyabr 2020-ci il tarixində başlanan müharibə 44 gün ərzində Qələbə ilə sona çatdı. Azərbaycanın 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqları işğaldan azad olundu. Vətən oğulları qanları ilə torpaqlarımızı işğaldan azad etdilər. Hər gün bizi Qələbəyə doğru aparırdı. "Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik", - deyə Prezident İlham Əliyev bildirmişdir.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir: "Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

"BİZ BUNDAN SONRA QALİB ÖLKƏ, MÜZƏFFƏR XALQ KİMİ YAŞAYACAĞIQ"

Müharibənin ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri işğaldan azad olundu. Müharibənin ilk günü. Bu artıq Ali Baş Komandan, Cənab İlham Əliyevin müdrik siyasətinin nəticəsi idi. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Dünyanı öz qüdrəti ilə təəccübləndirən Azərbaycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qısa bir zamanda düşmən üzərində tarixi zəfər çaldı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərimiz erməni işğalçılarından azad olundu.

Azərbaycan xalqının torpaq uğurunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmanlığından qaynaqlanırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi. "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik", - deyə bildirən Cənab Prezident torpaqlarımızı ancaq Azərbaycan əsgərinin, Azərbaycan zabitinin azad etdiyini qeyd edirdi: "Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir". Əlbəttə ki, Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik simvoluna çevrilən İkinci Qarabağ - Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və Ordumuzun gücü sayəsində qazanılmış parlaq Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün deyil, eyni zamanda, tarixi ədalətin və milli ləyaqətin bərpasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi, döyüş meydanında möhtəşəm Qələbə qazanılması sayəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu tarixi Qələbə ilə Azərbaycan xalqı düşməndən qisas aldı şəhidlərimizin qanı yerdə qalmadı. Vətənin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər, ümumilikdə, Azərbaycan xalqı cəsarət və qətiyyət göstərərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi və Zəfər tariximiz yazıldı. Bu gün öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaratmışdır. Bütün şərtləri diktə edən qalib Azərbaycanın konstruktiv siyasəti, strateji əhəmiyyətli təklif və təşəbbüsləri regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına yönəlmişdir.

Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara BÖYÜK QAYIDIŞA başlayıb: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır", - deyə Cənab Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
3
sesqazeti.az

1Mənbələr