AZ

Xətaidəki güclü yanğın məhdudlaşdırıldı - Video

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Axar.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

***

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

***

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

Yanğının boya istehsalı müəssisəsində baş verdiyi bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
2
21
hurriyyet.az

10Mənbələr