Sentyabrın 27-si Azərbaycanda Anım günüdür. Bu gün Azərbaycanın istiqlalı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış hər kəsin anıldığı tarixdir.
Yüz ildən artıqdır Azərbaycan müstəqillik uğrunda mübarizə aparır, bu müddət ərzində torpaqlarını işğaldan, təcavüzdən qoruyub. Təəssüf ki, Azərbaycanın azadlığı, müstəqilliyi ona torpaq itkiləri bahasına başa gəlib.
Tarixi torpaqlarında yaradılan Ermənistan adlı ölkədə yerləşdirilən erməni etnik qrupu saxta, uydurma ideyalar əsasında Azərbaycana ərazi iddiası ilə çıxış edib. Havadarlarının yardımı ilə ermənilər respublikanın torpaqlarının 20 faizini 30 ilə yaxın işğal altında saxlayıb.
20-ci əsrin əvvəlində yaranmış tarixi şərait və böyük güclərin təzyiqi hesabına ovaxtkı cümhuriyyət rəhbərliyi İrəvan xanlığını Azərbaycanın müstəqilliyinə güzəştə gedilməsi hesabına Ermənistan adlı dövlətin yaranmasına icazə verdi. Bu hadisədən ayaqları yer alan ermənilər daha böyük əraziləri işğal etməyə başladılar. Elə onların Azərbaycana saxta torpaq iddialarına görə Cənubi Qafqazın üç müstəqil respublikası – Azərbaycan, Gürcüstan və Ermənistanı Rusiya bolşeviklər adı ilə yenidən işğal etdi.
SSRİ daxilində Moskvanın erməni etnik qrupuna yardımı, onlarla birlikdə fəaliyyəti nəticəsində Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. 1920-1990-cı illərdə Ermənistan vətəndaşı olmuş bütün türklər bu ölkədən qaçmağa məcbur edilib. Təkcə 1988-1989-cu illərdə 300 min Qərbi azərbaycanlının vətəndaşlığı və mülkiyyəti əlindən alınıb.
Anım günü Azərbaycanın bir əsrilik işğal tarixini də yada salır. Bu, İkinci Qarabağ, 44 günlük Vətən müharibəsinin, “Dəmir yumruq” əməliyyatının başladığı gündür.
Bununla da indi sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələr uyduran, özünü sülhsevər kimi beynəlxalq ictimaiyyətə sırıyan rəsmi İrəvan Azərbaycana qarşı ənənəvi işğalçılığı davam etdirirdi. “Dəmir yumruq”lu əks-hücum 1918 -1920, 1988-1994-cü illərdə torpaqların erməni-havadarları işğalından azad edilməsi uğrunda aparılmış müharibənin davamı idi.
Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və Moskvanın təminatı ilə 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə nəticələnən atəşkəsə dair bəyanat qəbul olunub.
Müharibə bitəndən sonra Paşinyan hökuməti Rusiyaya qarşı təbliğat apararaq onu Fransa ilə əvəzləməyə başlayıb. O bildirib ki, bundan sonra Ermənistanın təhlükəsizliyini Rusiyaya etibar edə bilməzlər. Halbuki 2020-ci il noyabrın 8-9-da Paşinyan Putinə 20 dəfəyə, 44 günlük müharibə ərzində isə 60 dəfəyə yaxın zəng edib.