AZ

Bir qrup sakin prezidentə yazıb: "Bərdədə antikorrupsiya yoxlamaları aparılsın"

Bərdədən bir qrup sakin icra başçısı Vidadi İsayev və müavini İlham Məmmədovla bağlı ölkə başçısına rəsmi müraciət göndərib.

Bu barədə sosial mediada məlumat yayan vətəndaşlar deyirlər ki, rayonda vəziyyət olduqca acınacaqlıdır. 

Şikayətçilər "Arqument.az"a bildiriblər ki, digər rayonlardakı antikorrupsiya yoxlamalarının Bərdədə də aparılmasını istəyiblər. 

"Bərdə hazırda iki məmurun az qala işğalı altındadır. Biri Bərdənin icra başçısı Vidadi İsayevdir, digəri onun müavini İlham Məmmədovdur. Bərdə bir rayon olaraq hazırda bu şəxslər üçün böyük bir biznes və ticarət obyektidir. Bu ticarətin başında Vidadi İsayev dursa da, əsas işi İlham Məmmədov görür və onun də bu qazancdan payı var", - deyə sakinlər yazıblar. 

Onların sözlərinə görə, Vidadi İsayev və İlham Məmmədovun əməlləri bununla yekunlaşmır. İcra başçısına arxalanan müavini rayonda dözülməz vəziyyət yaradıb.

"O, seçkilərin saxtalaşdırılmasını təşkil edib, icra nümayəndələri, seçki məntəqələrinin sədrləri, komissiya üzvləri başçı müavininin göstərişi ilə hərəkət ediblər. Seçkilərdə onbaşılar, yüzbaşılar İlham Məmmədovun rəhbərliyi altında təşkil olunub. Yəni həm büdcə vəsaitlərinin mənimsənilməsində öz payı var, həm korrupsiya və rüşvət haqq-hesablarında canfəşanlıqla iştirak edib, həm seçki saxtakarlıqlarında müstəsna rolu olub. O baxımdan Ağsudan sonra Bərdədə antikorrupsiya əməliyyatı həyata keçirilərsə, Vidadi İsayev və "sağ əli” İlham Məmmədov məsuliyyətə cəlb oluna bilər", - bərdəlilər belə qeyd ediblər. 

Şikayətçilər deyirlər ki, icra başçısı Vidadi İsayevin səkiləri, piyada yollarını satışa çıxarıb, rayonda bütün torpaqları iş adamlarına satıb. Bundan başqa, rayonda qanunsuz tikintilərə şərait yaradıb ki, bu da araşdırmalar üçün ciddi əsasdır. 

Müraciətdə o da qeyd olunur ki, bu qanunsuzluqlar üzrə toplanan sübutlar və materiallar əsasında Bərdə Rayon İcra Hakimiyyətində antikorrupsiya həbsləri olacağı gözlənilir.

Eyni zamanda, yol verilən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı icra başçısı Vidadi İsayevin hazırda vəzifədə olan yeganə müavini İlham Məmmədovun da əməllərinin təftiş olunacaq.

Rayondakı korrupsiya və mənimsəmələr hesabına varlanan İlham Məmmədovun qanunsuz əməllərinə toxunan sakinlər onun oğlanları, 03.03.1996 təvəllüd Nicat və Kənan Məmmədovun bahalı maşınlarından da bəhs ediblər.

"Dövlət nişanlı "90LV800", "90HL333", "90OV800", "90OR800", "99GE080" nömrələrlə, "Range Rover", "Mercedec AMG S65", "Mercedec S500", "Toyota Camry" avtomobilləri Məmmədovlara aiddir, amma hansı pulla? Hər halda, dövlət maaşına mümkün deyil", - deyə sakinlər bildiriblər.

Onlar təcili olaraq rayonda yoxlamaların keçirilməsini istəyirlər. 

Şikayətə Bərdə Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. 

Seçilən
27
9
arqument.az

10Mənbələr