AZ

Vətən müharibəsi ədalətin, milli qürurun bərpası uğrunda aparılan savaş idi –RƏY

Vətən

Bakı, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, ruhunun təntənəsidir. Dövlətimizin başçısının müharibə dövründə Azərbaycan xalqına müraciətlərində dəfələrlə bəyan etdiyi kimi, heç kim və heç nə bizi dayandıra bilməzdi. Çünki bu, ədalətin, ləyaqətin, milli qürurun bərpa olunması uğrunda aparılan savaş idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, 44 gün ərzində bir addım belə geri çəkilməyən Azərbaycan Ordusu döyüş meydanında tarixi Qələbəyə imza atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi: “Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın”. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü sayəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa azad edildikdən bir gün sonra kapitulyasiya aktının imzalanması nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atılmadan, bir şəhid verilmədən geri qaytarıldı. Beləliklə, Azərbaycan münaqişəni hərbi-siyasi yollarla həll etdi. Ermənistan hərbi birləşmələrinin tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq güclü hərbi istehkamlar, müdafiə xətləri qurduğu tarixi torpaqlarımız 44 gün ərzində azad olundu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarix yazdı.

“Bu şanlı Zəfər ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsinin, Silahlı Qüvvələrdə aparılan islahatların, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi məqsədyönlü işlərin nəticəsidir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Milli həmrəyliyimizin təcəssümü olan bu böyük Qələbə ilə ədalət və beynəlxalq hüquq bərpa olundu. Dövlətimizin başçısının hər zaman bəyan etdiyi kimi, Azərbaycan xalqı işğalla barışmadı. Biz bütün gücləri səfərbər etdik, ordumuzu, ölkə iqtisadiyyatını gücləndirdik, dövlətimizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.

“Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti Ermənistanın və onun havadarlarının bölgədəki destruktiv siyasətinin iflası ilə nəticələndi. Müharibənin gedişində və sonra onlarla aparıcı xarici media subyektinə verdiyi müsahibələrdə Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar Azərbaycana qarşı informasiya blokadasını yardı. Beləliklə, biz hərbi sahədə olduğu kimi, diplomatik və informasiya cəbhəsində də uğur qazandıq.

Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə deputat vurğulayıb.

Qırx dörd günlük müharibənin regionda yeni reallıqlar yaratdığını deyən N.Məmmədova əlavə edib: “Eyni zamanda, dayanıqlı sülh və təhlükəsizlik üçün əlverişli fürsət yarandı. Amma 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Mövcud reallıq antiterror əməliyyatının keçirilməsini labüd edirdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun uğurla reallaşdırdığı, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri Qarabağ Zəfərinin davamı, prosesin məntiqi sonluğu oldu. Bununla da ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi, separatizmə birdəfəlik son qoyuldu, Azərbaycanın hər yerində üçrəngli Bayrağımız ucaldı”. Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında bəyan etdiyi kimi: “Biz İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bilmişik. 44 günlük Vətən müharibəsi, eyni zamanda 23 saatlıq antiterror əməliyyatları ilə biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır. Öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq müzəffər Azərbaycan xalqıdır”.

 

Seçilən
4
azertag.az

1Mənbələr