AZ

Kurtulmuşun Rusiya səfərinin Azərbaycana təsiri müsbət olacaq - ŞƏRH

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş həmkarı Valentina Matviyenkonun dəvəti ilə 23-26 sentyabr tarixlərində Rusiyada səfərdə olub.

 

O, Rusiyanın paytaxtı Moskvada Yunus Emre İnstitutunda, Rusiya Xarici İşlər Nazirliyindəki diplomatiya akademiyasında çıxış edib. Kurtulmuş Moskvada görüşlər keçirib və Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin qəbulunda olub.

 

Səfəri Modern.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Numan Kurtulmuşun Moskva səfəri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsinə xidmət edəcək və bu Azərbaycan üçün də önəmli hadisədir:

 

“Numan Kurtulmuşun Moskva səfəri iki dövlətin parlamentləri arasında əməkdaşlığı möhkəmləndirəcək. Strateji müttəfiqliyə doğru irəliləyən dövlət münasibətləri parlamentlərin əməkdaşlığı ilə davam edir. Bu da parlamentlərarası əməkdaşlığı və yaxınlaşmanı təmin edəcək. Dolayısı ilə bu, Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsinə işarədir. Hər halda Azərbaycanın qonşusu olan nüvə dövləti Rusiya ilə qardaş Türkiyənin münasibətlərinin istiləşməsi həm ölkəmiz, həm də qardaş ölkə adına müsbət siyasi hadisədir. Türkiyənin NATO ölkəsi olduğu nəzərə alınmalıdır. Dünyanın getdikcə daha çox qütbləşdiyi zamanda Türkiyə  sadəcə bir mərkəzə qapalı olmadığını göstərir. Böyük təşkilatlara üzv olan ölkələr suverenliyinin müəyyən bir hissəsini həmin təşkilata vermək məcburiyyətində qalırlar. Çünki bu təşkilatların konkret nizamnaməsi olur ki, burada da hər ölkənin qəbul etdiyi bəzi dəyərlərin,hətta qanunvericiliyin üzərində məqamlar olur. Amma Türkiyə bununla açıq şəkildə nümayiş etdirmək istəyir ki, nə qədər Rusiya NATO-ya qarşı düşmən kimi təqdim olunsa da, NATO-nun ən güclü ikinci ordusuna malik ölkə Rusiya ilə bütün münasibətlər səviyyəsində əməkdaşlığı gücləndirə bilər. Bu, əslində bütün dünyaya və insanlığa nümunədir. Dünyanın sadəcə ağ və qaradan ibarət olmadığına örnəkdir. Tarixdə Rusiya ilə Türkiyə arasında 7 müharibənin olduğunu da nəzərə almaq lazımdır. Bununla Türkiyə həm də keçmişdə yaşamayan, önünə baxan bir ölkə olduğunu göstərir. Bugün Türkiyənin maraqlarına xidmət edən əməkdaşlıq forması ondan ötəri keçərlidir".

 

Politoloq vurğulayıb ki, bu, həm də regiona sülh və əməkdaşlıq üçün zəmanət verir:

 

"Bölgənin iki böyük dövlətinin, xüsusilə də birinin NATO dövləti olduğunu nəzərə alsaq, yaxınlaşmaları regional sülh üçün müsbət hadisədir. Hansı tərəfdən baxılsa da, bu çox müsbət hadisədir. Numan Kurtulmuşun bu səfəri BRİCS təşkilatının Kazanda keçiriləcək növbəti sammiti ilə bağlı da Türkiyə üçün müsbət nəticələr vəd edə bilər. Çünki Türkiyə BRİCS-ə üzvlük üçün müraciət edib. Bu gün təşkilata rəhbərlik edən Rusiyadır. Bu baxımdan  belə bir səfər, yaxınlaşma Kazanda keçiriləcək sammitdə Rusiyanın Türkiyə tərəfdə olmasını təmin edə bilər. Suriya və Türkiyə liderlərinin görüışü məsələsi də var. Burada əsas vasitəçi ölkə kimi Rusiya çıxış edir. Suriyada təhlükəsizliklə bağlı Rusiya və Türkiyənin ortaq hərəkət etməsi çox əhəmiyyətlidir. Suriyanı parçalamaq və ölkənin şimalında terror dövləti yaratmaq layihəsi var. Bunun da başında ABŞ, İsrail və onların dəstəkləyən koalisya durur. Ona görə də Suriya məsələsi həm Rusiya, həm də Türkiyə üçün çox əhəmiyyətlidir. Suriyanın şimalında terror dəhlizinin yaradılması, Türkiyə dövlətini təhdid edir".

 

Politoloq Elxan Şahinoğlu isə söyləyib ki, son zamanlar Türkiyə ilə Rusiya münasibətlərində müəyyən suallar yaranıb:

 

"Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Moskvaya rusiyalı həmkarının dəvətiylə səfər etsə də, əsas məqsədlərdən biri Rusiya Prezident Vladimir Putinlə görüşdür. Hər iki ölkə tərəfdaşlığın davamında maraqlıdır. Ancaq son zamanlar münasibətlərdə müəyyən suallar yaranıb. Misal üçün Türkiyə Rusiya qazına tələbatını azaltmağa çalışır. Rusiya Ukrayna müharibəsinə görə Avropa ölkələrinə sata bilmədiyi qazın bir hissəsini Türkiyəyə nəql etmək istəyirdi. Ancaq Türkiyə Rusiya qazından asılılığını artırmaq istəmir. Türkiyə rəsmilərinin, o cümlədən Cumhurbqaşqanı Rəcəb Tayyib Ərdoğanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndirməsi Kremlin xoşuna gəlmir. Halbuki, Ankara ilk gündən həm Krımın ilhaqını tanımır, həm də Ukrayna ilə hərbi əməkdaşlığını genişləndirib. Buna baxmayaraq, Kremlin Türkiyə ilə tərəfdaşlığa ehtiyacı var. Türkiyə yeganə NATO ölkəsidir ki, ABŞ-ın diqtəsinin əksinə olaraq Rusiya ilə tərəfdaşlıqdan və dialoqdan imtina etmir".

E.Şahinoğlu qeyd edib ki, Numan Kurtulmuş Putinin Türkiyəyə səfəri mövzusunu müzakirə edib:

 

"Sanksiyalarla qapanan Rusiya üçün bu mühüm əhəmiyyət kəsb etməlidir. Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfərini bir ildən çoxdur təxirə salır ki, bu da Ankarada müəyyən suallara səbəb olub. Böyük ehtimalla Numan Kurtulmuş Putinin Türkiyəyə səfəri mövzusunu müzakirə edib. Bundan başqa iki ölkə arasında parlamentlər arasında əlaqənin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb".

Seçilən
3
modern.az

1Mənbələr