AZ

Tərtər şəhərindəki Şəhidlər Abidə Kompleksi ziyarət olunub

Tərtər, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü münasibətilə Tərtər şəhərindəki Şəhidlər Abidə Kompleksinin önündə ümumrayon tədbiri keçirilib. Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, Vətən uğrunda canlarını qurban verən şəhidlərin qəhrəmanlığından söhbət açıb, müharibə dövründə rayona dəyən ziyandan danışıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə şanlı Qələbə səhifəsi yazdı və şəhidlərimizin qisası alındı. 2023-cü il sentyabrın 19-da isə işğaldan azad edilmiş ərazilərdə lokal xarakterli antiterror tədbirləri keçirildi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində qəhrəman tərtərlilər yüksək dözüm, dəyanət nümayiş erdirdilər. Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, həmçinin qadağan olunmuş 21 raket atıb. Tərtər II Dünya müharibəsindən sonra Avropanın ən çox bomba və raket atılmış şəhərlərindən biridir.

Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, evlər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. Dinc əhalini atəşə tutması nəticəsində 16 nəfər qətlə yetirilib, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onların arasında qadın və uşaqlar da var.

Vətən müharibəsində rayonda 46 hərbi qulluqçu şəhid olub, 57 hərbi qulluqçu isə yaralanaraq sağlamlığını itirib. Tərtər rayonunda 1554 nəfər Vətən müharibəsi veteranı var.

Qeyd edilib ki, xalqımız şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur. 27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Tədbirdə məktəblilər şəhidlərə, Vətənə həsr edilmiş şerlər söyləyiblər. Sonda ziyarətçilər tərəfindən Şəhidlər Abidə Kompleksinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Tərtərdə də şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

 

Seçilən
3
azertag.az

1Mənbələr