AZ

Təbrizdə İkinci Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsi anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın Təbrizdəki baş konsulluğunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Mərasimdə Türkiyənin Təbrizdəki baş konsuluğunun əməkdaşları, Təbriz Mətbuat evinin rəbəri Mürtəza Şəfiyi, bu şəhərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri, Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.

AZƏRTAC Baş konsulluğun məlumatına istinadla xəbər verir ki, tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi və ölkəmizin suverenliyinin tam bərpası uğrunda lokal xarakterli antiterror əməliyyatında canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir çərçivəsində Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib və baş konsulluğun binasında fotosərgi təşkil olunub.

Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazılıb.

Diplomat Vətən müharibəsinin xronologiyasını təqdim edib, işğaldan azad olunan torpaqlar haqqında müfəssəl məlumat verib. O qeyd edib ki, məkrli düşmən 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyərək işğal altında saxladığı Azərbaycan ərazilərində silahlanma və istehkam qurmaq kimi təxribatları davam etdirib. Belə ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı bölmələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törədib. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi, eləcə də törədilən fasiləsiz silahlı diversiya təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına başlayıb. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilib, separatçıların əsas rəhbərləri həbs olunub və Azərbaycan öz dövlət suverenliyini tam təmin edib. Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2024-cü il tarixli müvafiq Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis olunub. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın dalğalanması, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşıb.

Baş konsul əlavə edib: ”2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu duyğu və düşüncələrlə ölkəmizdə 27 sentyabr - Anım Günü ərəfəsində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.

 

 

 

Seçilən
5
azertag.az

1Mənbələr