AZ

27 sentyabr 2020-ci il, saat 06:00...

Zəfərə hədəflənən ilk saat

Tariximizdə əbədi qalacaq tarixin bu günü - 27 sentyabr 2020-ci il! Həmin gün ölkəmiz, xalqımız səhəri müharibə xəbəri ilə açdı.  Səhər saat 06:00-da İkinci Qarabağ müharibəsi başlamışdı. Müharibə uzun çəkmədi - cəmi 44 gün davam etdi. Ancaq bu qısa müharibədə qazanılan Qələbə öz miqyasına və mahiyyətinə görə çox böyük idi. Müharibədə Azərbaycan yalnız işğalçı Ermənistana deyil, həm də onun arxasında dayanan böyük güclərə qalib gəlməklə ərazi bütövlüyünü təmin etdi. Bu Zəfər son 200 illik tariximizin ən parlaq səhifəsini təşkil edir. İki yüzillik ərzində biz ilk dəfə olaraq torpaq itkilərinə məruz qalmadıq, ötən əsrin doxsanıncı illərinin əvvəllərində zor gücünə zəbt etilmiş ərazilərimizi geri qaytarmağa nail olduq. Bu Qələbə ilə həm də sonrakı zəfərlərimizin təməli qoyuldu,  biz bir dövlət və xalq olaraq suverenliyimizin  tam bərpası uğrunda çarpışmalara başladıq. Həmin unudulmaz, qürurverici anları da yenə də sentyabr ayında yaşadıq. 2023-cü il sentyabrın 19-20-də baş tutan uğurlu lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq Qarabağda separatizmə birdəfəlik son qoyuldu.

Azərbaycan dövləti və cəmiyyəti şəhidlərin xatirəsini daim uca tutur. Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin sənədə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Müharibə qaçılmaz idi

İşğalçı Ermənistanın davranışları müharibəni qaçılmaz edirdi. Bunun da əsas səbəbi Ermənistanın üç onillik ərzində  danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi idi. Ermənistanın işğal illərində törətdiyi müharibə cinayətləri hər kəsə bəllidir. Adekvat şəkildə cəzalandırılmaması işğalçı ölkəni, necə deyərlər, daim yeni təxribatlara  və yeni müharibə cinayətlərinə ruhlandırırdı. 27 sentyabr 2020-ci il ərəfəsində belə təxribatların miqyası daha da genişlənmişdi. Beynəlxalq hüquq normalarına arxa çevirən işğalçı dövlətin rəhbərliyi vaxtilə zor gücünə zəbt edilən bütün torpaqları qondarma “DQR”ə aid etməyə çalışır, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Bu ölkənin baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurmuş və onu mənasız etmişdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdı. 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Avqust ayında işğalçı dövlət respublikamıza diversiya qrupu göndərdi. Bundan başqa, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirir, Ermənistanın baş naziri Şuşada, Cıdır düzündə rəqs edir, qondarma “DQR”in parlamentinin Şuşaya köçürülməsi ilə bağlı planlar qurulurdu...

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilirdi ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycanın seçim imkanı qalmamışdı. Beləliklə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib. Çıxışında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının başlamasına aydınlıq gətirən dövlətimizin başçısı mübarizəmizin haqq mübarizəsi olduğunu və xalqın Ordunu dəstəklədiyini diqqətə çatdırıb.

Müharibənin ilk günündə  Prezident İlham Əliyev ölkədə “Hərbi vəziyyət elan edilməsi haqqında” fərman imzalayıb. Sənəddə oxuyuruq:”Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin”. Fərmanla Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.

Sentyabrın 27-də Milli Məclisin iclası keçirilib. İclasda Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanının təsdiq edilməsi barədə qərar qəbul edib.

Cəmiyyətin səfərbərliyi və həmrəyliyi

Müharibə ölüm-itim, qan-qada, göz yaşları, nisgil, ana fəryadı, talelərin pozulması, puça çıxan ümidlər deməkdir. Ancaq təzada bir baxın. Dörd il bundan əvvəl sübh tezdən gələn müharibə xəbərini eşidən hər bir azərbaycanlı göz yaşlarını saxlaya bilməyərək “o gün gəldi, nəhayət, başladı” deyə pıçıldadı. Bu, ümummilli bir əhval-ruhiyyə idi. Əlinə silah alıb döyüşlərə gedəcək gənc də, oğlunu cəbhəyə yola salacaq ana-ata da, barmağında nişan üzüyü daşıyan, sevgi həsrəti çəkəcək qızlar da eyni hissləri keçirirdilər. Yaşanacaq fəsadlara, ağrı-acılara rəğmən, cəmiyyətimizin müharibə ovqatına köklənməsi isə təsadüfi deyildi. Bu, qəfil başlayan yox, gözlənilən bir müharibə idi. Hər bir azərbaycanlı otuz il idi ki, düşmən tapdağında qalan torpaqların nisgilini qəlbinin başında daşımışdı, Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Ağdam xəyalları bir an da olsun bizləri tərk etməmişdi. Qanadlanan ruhumuz daim o yerlərdə gəzib dolaşırdı. Buna görə də müharibənin başlaması xəbəri heç kəsi sarsıtmadı, əksinə bizləri cəsarətləndirdi, hər birimizi daxilən ön xəttə, Ordumuza yardıma səfərbər etdi. Bu, bütövlükdə Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərliyinin bariz ifadəsi idi. Azərbaycan xalqı torpağa, ənənələrinə bağlı bir xalqdır. Biz zəngin tarixi keçmişi olan bir xalq kimi, ərazilərimizin işğal altında qalması ilə barışa bilməzdik və barışmadıq da.

Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri  Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda,  500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. Dövətimizin başçısı xalqa müraciətində və Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ordumuzun əks-hücum əməliyyatlarına başlamasının səbəblərinə aydınlıq gətirdi, Zəfərə böyük inamını ifadə etdi.  TŞ-nın iclasındakı çıxışında cəmiyyətimizdəki yüksək həmrəyliyə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Dövlətin gücü, Liderin qətiyyəti

Cəmiyyətimizin əhval-ruhiyyəsi ilə yanaşı, dövlətimizin siyasi qətiyyəti də ortada idi. Otuz il ərzində ATƏT-in Minsk qrupu formatında aparılan sülh danışıqlarında yüksək fəallıq göstərən, substantiv nəticələr əldə edilməsinə çalışan Azərbaycan dövləti Prezident İlham Əliyevin starateji baxışlarına və yanaşmalarına uyğun olaraq paralel şəkildə öz iqtisadiyyatını gücləndirmiş və müasir ordu qurmağa nail olmuşdu. Prezident İlham Əliyev uzaqgörən siyasətçi olaraq müasir dünyanın mənzərəsini və reallıqlarını obyektiv baxış bucağından dəyərləndirir. Dövlətimizin başçısı danışıqların davam etdiyi uzun illər ərzində dəfələrlə diqqəti beynəlxalq prinsiplərin pozulduğuna yönəldib. O cümlədən artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin həllinə də selektiv yanaşma sərgilənirdi.  ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçı dövlətin cəzalandırılmasına çağırışlar etmək əvəzinə, işğal məhsulu olan keçmiş statuskvonun sonsuzluğadək saxlanılmasına çalışırdılar. Minsk qrupunun 28 illik fəaliyyətinin nəticəsi sıfır oldu. Buna görə də Prezident İlham Əliyev ərazi bütövlüyümüzün təmin olunmasının ən real yolunu ölkənin gücləndirilməsində görürdü. Onun uzaqgörənliklə qarşıya qoyduğu hədəflər də məhz Azərbaycanın potensialının artırılmasına və bu əsasda güclü ordu qurulmasına hesablanmışdı. Ölkəmiz qətiyyətli və uzaqgörən Liderinin məqsədyönlü siyasəti sayəsində bu hədəfinə addım-addım yaxınlaşdı.  Məhz ölkənin güclü potensialına və Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinə əsaslanan Prezident İlham Əliyev müxtəlif auditoriyaların tribunalarından cəsarətlə bəyan edirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazilərini digər vasitələrlə işğaldan azad edəcək. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövləti bu məsələni həmişə öz gündəliyinin mərkəzində saxladı və siyasətini də əsas ümummilli ideyamızın reallaşdırılmasına uyğun apardı.

Dünya 44 günlük müharibə günlərində Prezident İlham Əliyevin Lider qətiyyətininin, yüksək diplomatik məharətinin bir daha şahidi ldu. Yuxarıda sadalanan reallıqlar vəziyyətin necə mürəkkəb olduğu, Ordumuzun qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvür yaradır. Lakin Müzəffər Lider İlham Əliyev ayrı-ayrı azərbaycanafob mərkəzlərdə qurulan planları dağıtmağı, alt-üst etməyi bacardı. 44 günlük müharibədə qazanılan böyük Qələbənin əsas memarı İlham Əliyevdir. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir. Ermənistanın genişmiqyaslı təxribatlarına qarşı əks-hücum əməliyyatının başlanmasından sonra ilk döyüşlərdə qazanılan uğurlar dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müharibə hazırlıqlarını necə yüksək keyfiyyətlə apardığını əyani şəkildə ortaya qoydu. Hər bir məsələdə müasir yanaşma tətbiq edən İlham Əliyev Vətən müharibəsində də novatorluq nümunəsi sərgilədi. Bu müharibənin, tətbiq olunan taktikaların dünya hərb tarixində analoqu yoxdur. Prezident İlham Əliyev  Brüsseldə “El Pais” qəzetinə müsahibəsində Vətən müharibəsini dəyərləndirərək “Bəli, bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi”, - deyə vurğulayıb.

Düşmən kapitulyasiyaya məruz qaldı

Azərbaycan xalqı Vətən müharibəsinin elə ilk günündən başlayaraq cəbhədən gələn qələbə müjdələrinə sevindi. Ordumuzun peşəkarlığının, yüksək döyüş qabiliyyətinin, hərbiçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qaldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana  təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.

Məğlub Ermənistan 44 günlük müharibədə kapitulyasiyaya uğramasına baxmayaraq, üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdən yayınmağa çalışır və ərazilərimizdə təxminən 15 min kontingentə malik hərbi hissələrini saxlamaqda davam edirdi. Tez-tez təxribatlara əl atılırdı. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  Azərbaycan 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatlar uğurla baş tutdu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Yeni reallıqlar, yeni perspektivlər

44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası faktoruna əsaslanır. Əldə olunan böyük zəfərlər ölkəmizin qarşısında həm siyasi, həm də iqtisadi, hərbi müstəvilərdə geniş perspektivlər açıb. Qalib Azərbaycan postmüharibə dövründə də xoş məramdan çıxış edir. Ölkəmizin yaratdığı reallıqlar yeni mərhələdə ölkə daxilində inkişaf, quruculuq, regional səviyyədə isə əməkdaşlıq və təhlükəsizlik üçün geniş imkanlar açıb. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə başlayan və hazırda intensiv şəkildə davam etdirilən genişmiqyaslı quruculuq-abadlıq işləri Azərbaycanın inkişaf, ölkənin gücləndirilməsi, daha qüdrətli dövlət qurulması siyasətinə sadiq qaldığını təsdiqləyir. İmkanlar, potensial dağıdıcı müharibələrə deyil, quruculuğa, inkişafa, insanlar üçün daha firavan şərait yaradılmasına istiqamətləndirilməlidir.

Azərbaycan eyni məzmunlu siyasətin həmçinin regional səviyyədə də həyata keçirilməsinə nail olmağa çalışır. Ölkəmizin mövqeyi belədir ki, sülh, təhlükəsizlik və əməkdaşlıq üçün açılan fürsət pəncərələrindən maksimum səmərəli şəkildə istifadə olunmalıdır. İndi uzunmüddətli sülh üçün heç vaxt olmadığı qədər real imkan yaranıb. Ölkəmizin təşəbbüsləri də məhz regionda möhkəm hüquqi əsaslara söykənən davamlı sülhə nail olunmasına hesablanıb. Azərbaycan tənzimləmə prosesinin ikitərəfli formatda aparılmasının tərəfdarıdır. Kənar güclərin regionda mövcudluqlarını təmin etmək cəhdləri proseslərə zərbə vurur. Təəssüf doğuran haldır ki, məğlub Ermənistan sülhyaratma prosesində səmimilik nümayiş etdirmir və Fransa kimi dövlətlərin təhriki ilə yeni müharibə hazırlıqları görür. Ancaq rəsmi İrəvan 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrindən dərs çıxartmalıdır, unutmamalıdır ki, “Dəmir yumruq” yerindədir. Regionun lider dövləti olan Azərbaycan bölgədə ən güclü orduya malikdir və bu ordu istənilən təcavüzü dəf etməyə  qadirdir!

Mübariz ABDULLAYEV

Seçilən
4
yeniazerbaycan.com

1Mənbələr