AZ

İlham Əliyevin yaratdığı şanlı tarix



Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən və Azərbaycan xalqının zəfər salnaməsinə çevrilən Vətən müharibəsinin başlanmasının bu gün 4-cü ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq "dəmir yumruq" əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə cəmi 44 günə 30 ilə yaxın davam edən işğala son qoydu.

Bu savaş ilk gündən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin rəşadətinin, xalqımızın mübarizliyinin, milli həmrəyliyinin təcəssümünə çevrildi. 44 gün davam edən müharibə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi və bu tezis savaşda öz təsdiqini tapdı.

Qazandığımız tarixi Zəfər isə Azərbaycanın yüksəlişinin, cənab Prezident İlham Əliyevin inkişaf siyasətinin, Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsinə çevrildi. Bu gün dönüb tarixə ekskurs edəndə, fikir, təhlil süzgəcindən keçirəndə bir daha görürük ki, respublikamıza rəhbərlik etdiyi ilk gündən Prezident İlham Əliyev həyata keçirdiyi siyasi-iqtisadi kursla həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün zəmin formalaşdırıb. Dövlətimizin başçısının inkişaf siyasətinin təməlində həm də torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması dayanıb, xarici siyasətimizin əsas prioritetini məhz Ermənistanın işğal siyasətinə son qoyulması təşkil edib.

Beləliklə, cənab İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə, tarixinin ən qüdrətli dövlətinə çevirməklə, Ermənistanın işğal siyasətinin beynəlxalq platformalarda hüquqi ifşasına nail olmaqla torpaqlarımızın güc yolu ilə azad edilməsinin etibarlı təməlini yaratdı. Və bu siyasət 44 günlük müharibə günlərində və ondan sonra dünya erməniliyinin Azərbaycana qarşı qlobal siyasi cəbhə formalaşdırmasının da qarşısını aldı.

Savaşın ilk günündən Azərbaycan xalqı bir daha öz liderinin qətiyyətinə, güclü iradəsinə, əzminə, vətənpərvərliyinə və qəhrəmanlığına şahidlik etdi. Məhz cənab İlham Əliyevdəki bu yüksək keyfiyyətlər Vətən müharibəsi günlərində cəmiyyətimizi yalnız qələbə ovqatına kökləyən, xalqımızı ruhlandıran əsas amillərdən biri kimi özünü göstərdi. Prezident İlham Əliyev ilk gündən maskası cırılan Fransa başda olmaqla bütün erməni təəssübkeşlərinin təzyiqlərini neytrallaşdırdı, Azərbaycanın milli maraqlarını layiqincə təmin etdi. Bu mənada böyük qürur hissi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin müharibə günlərindəki qətiyyəti, sərkərdələrə xas davranışları bütün cəmiyyətimizi öz liderinin ətrafında daha sıx birləşdirdi, milli və siyasi həmrəyliyimizin nümayişi oldu.

Əlbəttə, qətiyyətli sərkərdənin ordusu da mübariz və qəhrəman olar. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində döyüş meydanlarında göstərdiyi qəhrəmanlıq xalqımızın dövlətçilik tarixinin şərəfli səhifəsinə, gələcək nəsillərin hər zaman örnək götürəcəkləri vətənpərvərlik salnaməsinə çevrildi. Müharibə isə qansız-qadasız ötüşmür, həm də torpaq uğrunda ölən varsa, vətəndir. Biz torpaqlarımızın azadlığı uğrunda şəhidlər verdik. 3 min Vətən övladı bu savaşda şəhidlik zirvəsinə ucaldı. Onlar Vətən müharibəsində "dəmir yumruğ"a çevrildilər, qəhrəmanlıqları ilə vətəni sevməyin nümunələrini yaratdılar, dastana döndülər, xalqımızın qəhrəmanlıq ruhunu gələcək nəsillərə ötürdülər, millətimizin qüdrətini bütün dünyaya göstərdilər.

Bu gün həm də Azərbaycanın hər yerində şəhidlərimizin əziz xatirəsi anılır. Prezident İlham Əliyevin sərəncamına əsasən Vətən savaşının başladığı tarixin - sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması şəhidlərimizin əziz xatirəsinə ehtiramın göstəricisidir.

Vətən müharibəsinin nəticələri ilə Azərbaycan regionda yeni reallıqlar yaradıb. Torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, dünya erməniliyinin məğlubiyyətə uğradılması, Minsk qrupunun fəaliyyətinin faktiki olaraq dayandırılması, Azərbaycanın qalib dövlət olaraq qlobal nüfuzunun daha da yüksəlməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin başlanılması, keçmiş məcburi köçkünlərin tədricən öz evlərinə dönmələri bu reallığın əsas göstəriciləridir. Vətən savaşından ötən 4 ilin mənzərəsi isə həm də ondan xəbər verir ki, Azərbaycan dövləti yeni yaranan reallıqlar fonunda da özünün milli maraq və mənafelərini layiqincə təmin edir. Bu dövrdə şərti sərhəddə Ermənistanın bir neçə dəfə törətdiyi hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması, Qazax rayonunun Ermənistanla sərhəddəki 4 kəndinin işğaldan azad edilməsi, həmin ərazidə 13 kilometr məsafədə dövlət sərhədinin delimitasiya və demarkasiyasının həyata keçirilməsi və bütün bunların vasitəçilərin iştirakı olmadan reallaşması, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etməsi dövlətimizin milli maraqlarının layiqincə təmin olunmasından xəbər verir.

Bu dövrün ən mühüm tarixi hadisəsi isə Azərbaycanın bütün əraziləri üzərində milli suverenliyinin tam bərqərar edilməsidir. Hər bir azərbaycanlı inanırdı ki, torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli və müdrik siyasəti ilə Qarabağdakı erməni separatizminə də son qoyacaq. Beləliklə, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağın erməni separatçılarından azad edilməsi xalqımızın Vətən müharibəsindəki Zəfərdən sonra növbəti tarixi qələbəsi oldu. Bununla da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dövlətçilik tarixinin daha bir uğurunun müəllifinə çevrildi. Mühüm məsələlərdən biri də odur ki, İkinci Qarabağ savaşının və antiterror tədbirlərinin nəticələrini, yəni Azərbaycanın yaratdığı reallıqları beynəlxalq ictimaiyyət qəbul edir.

Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yaranan, müəllifliyi ilə yazılan şanlı tariximizdir. Bu uğurlar belə bir həqiqətin təsdiqidir ki, güclü lideri olan dövlət qarşısındakı bütün hədəflərə çata bilir. Qarşıda isə yeni vəzifələr dayanır və Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində dövlətimizin əsas prioritetlərini elan etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək. Böyük məmnunluq hissi ilə deməliyik ki, bu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar var. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xalqımızın öz rəhbərinin ətrafında sarsılmaz səfərbərliyi respublikamızı qarşıdakı hədəflərə də layiqincə çatdıracaq.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı
Seçilən
6
40
newscenter.az

10Mənbələr