AZ

Tarixi dəyişən müqəddəs savaş - Əli Hüseynli yazır...

Azərbaycan ictimaiyyəti bu gün böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuş 44 günlük Vətən müharibəsinin başlanmasının dördüncü ildönümünü qarşılayır. Müstəqilliyimizi bərpa edəndən sonra ilk dəfədir ki, biz bu təqvimi Qarabağ da daxil olmaqla Azərbaycanın bütün ərazisində dövlət suverenlinin konstitusiya quruluşunun tam şəkildə təmin olunduğu bir şəraitdə qeyd edirik. 2020-ci il sentyabrın  27-də başlayan Vətən müharibəsi işğal faktorunu aradan qaldırmaqla haqqın və ədalətin bərpasına xidmət nümunəsi kimi tarixə yazıldı. Bu elə bir əlamətdar və heyrətamiz hadisədir ki, nüfuzlu tarixçilər, hüquqşünaslar, siyasi texnoloqlar, hərbi ekspertlər, sənət adamları və digərləri bundan sonra da illər boyu onu müxtəlif baxış bucaqlarından təhlil edəcəklər. 


  
Vətən müharibəsi ikili standartlara və ədalətsizliyə qarşı mübarizə kontekstində

 

Düşünürəm ki, Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin başlanmasına zəmin yaradan amilləri dolğun şəkildə dəyərləndirmək və mahiyyətini tam şəkildə açmaq üçün onları daha çox müstəqilliyimizin əldə olunması, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası aspektində araşdırmaq lazımdır.  Belə ki, Qarabağ probleminin danışıqlar yolu ilə həllinin alternativinin olmaması ilə bağlı bir çox beynəlxalq təşkilatların, aparıcı dünya dövlətlərinin  ikili standartlara söykənən subyektiv yanaşmaları mövcud idi. Lakin zaman keçdikcə Vətən müharibəsinin qaçılmaz olduğunu şərtləndirən bir sıra ciddi faktorlar formalaşmışdı. 


Hələ ötən əsrin 90-cı illərində, erməni işğalının ilk mərhələlərində ulu öndər Heydər Əliyevin apardığı sülh danışıqlarında Azərbaycan hər zaman üstün mövqeyini qoruyub saxlamağa nail olmuşdur. Lakin bununla yanaşı proses uzandıqca arzu olunan nəticə əldə edilmədiyindən  Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətinə tənqidi yanaşmasını ortaya qoyaraq onu daha fəal olmağa, real təkliflər verməyə çağırırdı. Ona görə də 2003-cü ildə Azərbaycana rəhbər seçilmiş Prezident İlham Əliyev probleminin həlli ilə bağlı diplomatiyasında hücum taktikasına üstünlük verməklə Azərbaycan xalqının işğal faktoru ilə heç zaman barışmayacağını və torpaqlarımızı azad etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dönə-dönə təkrar edərək xəbərdarlıq etmişdir. 


Bütün sahələrdə olduğu kimi, Qarabağ probleminin həlli istiqamətində də Heydər Əliyev siyasətini uğurla inkişaf etdirən cənab İlham Əliyev 25 il ərzində aparılan danışıqlarda işğalçı ilə işğala məruz qalan tərəf üçün eyni məsuliyyət müəyyənləşdirən ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç də qənaətbəxş olmadığı ilə bağlı narazılığını hər fürsətdə açıq şəkildə bəyan edib.  Belə ki, birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının1993-cü ildə qəbul etdiyi işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan məlum 822, 853, 874 və 884 saylı 4 qətnaməsinin icra olunması üçün beynəlxalq səviyyədə müxtəlif təkliflər əsasında Ermənistanla  uzunmüddətli diplomatik danışıqlar aparsa da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi və cəzasızlıq mühiti bu sənədlərin icrasını müşkülə çevirmişdi. Vətən müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələləri cəsarətlə yenidən diqqət mərkəzinə gətirilib: ”BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.


ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”.

 

Aprel döyüşləri – Böyük Qələbənin ilk müjdəsi

 

2016-cı ilin aprel döyüşləri məsələnin hərb yolu ilə həllinin mümkünlüyü barədə qarşı tərəfə və beynəlxalq təşkilatlara ünvanlanmış bir ismarıc idi. Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi altında cəmi 4 gün davam edən bu savaşda Cəbrayıl, Füzuli və Ağdərə rayonlarının 2 min hektardan artıq ərazisi azad edilmiş və mühüm strateji mövqe sayılan Lələtəpə yüksəkliyi ordumuzun nəzarəti altına keçmişdir. Aprel döyüşləri onu böyük qürur və coşqu ilə qarşılayan  azərbaycan xalqının milli həmrəylik və qələbə ruhunun təcəssümünə çevrildi.


Bu döyüşlərdə fərqlənmiş hərbçilər qarşısında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev: ”Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq” söyləməklə böyük Qələbənin heç də uzaqda olmadığına inamını ifadə etmişdir. 

 

Ermənistanın təxribatçı davranışları müharibəni qaçılmaz edən əsas amildir

 

Bütün bunlara baxmayaraq Azərbaycan bu illər ərzində sülhün və Qarabağ probleminin ədalətli şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış etmişdir.  Lakin 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə danışıqlar prosesi dalana dirənərək ciddi şəkildə sarsıldı. Təəssüf ki, bu durğunluğun bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən susqunluqla qarşılanması onların status-kvonun saxlanılmasında maraqlı olduqlarını bir daha təsdiq etmiş oldu. 


Bundan ürəklənən Ermənistanın təxribatları və “Böyük Ermənistan” xülyasına bağlı sərsəm bəyanatları daha davamlı və intensiv  xarakter almağa başladı. Həmin il mayın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş vermiş atışma nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu həlak oldu. Qarşılıqlı həmlə ilə ordumuz Ermənistanın 1992-ci ildə işğal etdiyi Günnüt kəndini və bir sıra strateji yüksəklikləri azad etdi. Hərbi ekspertlər bu əməliyyatı “Bakının son xəbərdarlığı” adlandırmışdılar. 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqlar uğrunda yeni müharibə" çağırışı etdi. 


Təbiidir ki, Azərbaycan tərəfi xalqın milli maraqlarına və heysiyyatına toxunan bu hərəkətlərə laqeyd qala bilməzdi. 2019-cu il oktyabrın 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar sessiyasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Nikol Paşinyanın bir neçə ay öncə - mayın 9-da Şuşada olarkən “Qarabağ Ermənistandır. Və nöqtə” ifadəsi ilə Ermənistanın yeni hökumətinin danışıqlar prosesinə faktiki olaraq son qoyduğunu bildirərək “Qarabağ Azərbaycandır. Və nida işarəsi” sözləri ilə bu təxribatlara cavab vermişdir. 15 fevral 2020-ci ildə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkənin liderləri  arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı iştirakçıları Qarabağın tarixi barədə geniş şəkildə məlumatlandıran cənab İlham Əliyev bütün keyfiyyətlərdə Paşinyandan qat-qat üstün olduğunu bir daha sübut etdi və Ermənistanın Baş nazirini aciz duruma saldı.


Lakin öz mənfur niyyətlərindən əl çəkmək istəməyən Ermənistan hakimiyyəti bundan sonra daha təhlükəli addımlara rəvac verdi. İşğalçı ölkənin ordu bölmələri 2020-ci il iyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, buna müvəffəq ola bilmədi. General-mayor Polad Həşimovla bərabər 12 nəfər digər əsgər və zabitimiz şəhid oldu, 1 nəfər mülki şəxs həlak oldu.


Bunun ardınca 23 iyulda Ermənistan Silahlı Qüvvələri Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Xəbərdarlıq tədbiri kimi Azərbaycan ərazisində Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında isə təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş, qrupun komandiri isə əsir götürülmüşdü.


Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının o cümlədən, 4 avqust 2020-ci il tarixində Beyrut limanında baş vermiş şiddətli partlayışlardan sonra minlərlə Livan ermənilərinin Ermənistana və işğal ərazilərinə köçürülməsi də Azərbaycanın milli təhlükəsizlik və kəşfiyyat orqanlarının diqqətindən kənarda qala bilməzdi. 


Ermənistan rəhbərliyinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina kimi qiymətləndirilmişdir.  2020-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Ali Baş Komandanın bu çıxışı həm Ermənistana, həm də onun havadarlarına ciddi xəbərdarlıq idi.

 

Xalq-iqtidar-ordu birliyi tarixi Zəfərin rəhnidir

 

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən dərhal qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Beləliklə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başlamışdır. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və şərəf və ləyaqət simvolu kimi “Vətən müharibəsi” adı ilə milli tariximizə əbədi yazılmış İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında Vətən müharibəsinin və ondan sonra həyata keçirilmiş antiterror tədbirlərinin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı əvəzsiz rolu ilə bağlı düşüncələrini bölüşmüşdür: “...İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir... Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”.


27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı və “Dəmir yumruq” adı altında aparılmış hərbi əməliyyat nəticəsində 44 gündən sonra möhtəşəm tarixi Zəfərlə başa çatan Vətən müharibəsi azərbaycan xalqının qürurunun və Vətən sevgisinin sınağı oldu. Əzəli orpaqlarımızın azadlığı uğrunda çağdaş tariximizə qızıl hərflərlə yazılmış bu müqəddəs savaş dövlət və dövlətçilik, milli birlik və qələbə ruhunun, xalqımızın dəyanətinin və mətinliyinin simvoluna çevrildi. 
 

Seçilən
2
50
modern.az

10Mənbələr