AZ

Çin Xalq Respublikasının yaradılmasından 75 il ötür (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bu gün Çin Xalq Respublikasının yaradılmasının 75-ci ildönümü münasibətilə Çinin ölkəmizdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə orkestrın canlı ifasında hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Çıxış edən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ölkəsinin 75 ildə keçdiyi inkişaf yolundan söz açıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.

“Çin-Azərbaycan münasibətlərinin ötən 32 ili nümayiş etdirdi ki, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, dinc yanaşı yaşama prinsiplərinə sadiq qalaraq, müxtəlif sosial sistemlərə, ideologiyalara, tarixlərə, mədəniyyətlərə, dinlərə və inkişaf səviyyələrinə malik ölkələr hələ də qarşılıqlı etimad yarada və dostluq əməkdaşlığını inkişaf etdirə bilərlər. Sədr Si Cinpinin qeyd etdiyi kimi, Çin-Azərbaycan strateji tərəfdaşlığının yaradılması yeni mövqe və yeni başlanğıc nöqtəsidir. Hər iki ölkə liderinin əldə etdiyi konsensusun tam şəkildə həyata keçirilməsi üçün Çin Azərbaycanla işləməyə hazırdır. Bu yeni başlanğıc nöqtəsində əlaqələrimizi daha yetkin və əsaslı mərhələyə yüksəldək və həm ölkələrimizə, həm də xalqlarımıza daha çox fayda gətirək”, - deyə Din Tao əlavə edib.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev çıxışında ticarət-iqtisadi əməkdaşlığın inkişafında Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının mühüm rolunu xüsusilə qeyd edib: “2023-cü ilin noyabrında Komissiyanın doqquzuncu iclası Çində keçirildi. Görüşün yekunlarına dair imzalanmış Protokolun icrası ticarət, investisiya, enerji, nəqliyyat, qida təhlükəsizliyi və turizm sahələrində əməkdaşlığımızın inkişafına töhfə verir”.

Baş nazirinin müavini qeyd edib ki, Azərbaycanla Çin arasında neft və qaz sahəsində əməkdaşlıq davam edir: “2021-2024-cü illərdə SOCAR Çinə mayeləşdirilmiş təbii qaz və neft məhsulları ixrac edib. 2023-cü ildə neft-kimya məhsulları və xam neft tədarük edilib. Eyni zamanda, Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin dinamikasına təsir edən mühüm amillərdən biri də enerji sahəsində səmərəli əməkdaşlıqdır. Hazırda alternativ və bərpaolunan enerji mənbələri sahəsi ölkələrimiz arasında əməkdaşlığın perspektivli sahələrindən biridir. Azərbaycanın “yaşıl” enerji imkanlarının inkişafı məqsədilə bir sıra Çin şirkətləri ilə potensial layihələr müzakirə olunur". 

Baş nazirin müavini bildirib ki, Azərbaycanın bu ilin noyabrında COP29 konfransına ev sahibliyi edəcəyini nəzərə alaraq, Çindən rəsmi nümayəndə heyətinin iştirakını alqışlayır və Çinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübəsini bölüşməkdə maraqlıyır.

"Azərbaycanda avtobus parkının yerli istehsalını təmin etmək üçün Çinlə əməkdaşlıq edilir. “BYD Company Limited” (BYD) şirkəti fəaliyyətə başlayıb, COP29 çərçivəsində elektriklə işləyən avtobusların ölkəmizə idxalı və istismara verilməsi haqqında müqavilə imzalanıb. Əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın yaradılması, ehtiyat hissələrinin lokallaşdırılması, dövlətin satınalma zəmanəti və birgə maliyyələşdirilməsi də nəzərdə tutulub”, - deyə Şahin Mustafayev əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

Seçilən
35
4
hafta.az

6Mənbələr