AZ

27 sentyabr müstəqillik tariximizin şərəf səhifəsidir

27 sentyabrda başlanan və zəfər ilə bitən ikinci Qarabağ müharibəsi təkcə xalqımız üçün anım günü deyil, həm də iki əsrlik müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir. Təqvimin bu günündə Azərbaycan xalqı qəhrəmanlığını, mücadilə əzmini dünyaya nümayiş etdirməklə bir daha bəyan etdi ki, bizim üçün Vətən məhəbbəti sıradan bir hiss deyil, biz Vətənimizi sevə və uğrunda şərəflə ölə bilərik!  
27 sentyabr bizim üçün həm də dünyanın görməzdən gəldiyi ədalətin təmin olunduğu günün başlanğıcıdır. 20 faiz torpağı işğal olunan ölkəmizin, övladının qanı axıdılan, terrora məruz qalan, evindən didərgin salınmış  xalqımızın cavab haqqı 2020-ci ilin sentyabrında gəldi. Biz halal torpaqlarımızın 30 illik işğal dönəmində dövlət, xalq olaraq düşmənlə ləyaqətlə davrandıq, onlara, himayadarlarına anlatmağa çalışdıq ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir, biz müharibə istəmirik. Amma düşmən bunu anlayışla qəbul etmədi, əksinə təmas xəttində böyük güclərin, anti-Azərbaycan qüvvələrin himayədarlığı ilə təxribata əl atdılar. Halbuki, böyük güclər, dediyimiz həmin o qüvvələr beynəlxalq hüququn norma və prinsipinə uygun olaraq Qarabağ problemini ədalətli şəkildə həll etməyi öhdəlik kimi üzərinə götürmüşdülər. ATƏT və digər beynəlxalq qurumların fəaliyyətsizliyi onu deməyə əsas verirdi ki, onlar ədalətə, sülhə deyil, əslində, şərə xidmət edirlər. Bu, ölü doğulmuş, indiki vəziyyətdə tarixin arxivində  olan keçmiş Minsk qrupunun fəaliyyətində aydın şəkildə özünü göstərirdi.

Bundan ilhamlanan Ermənistanın  yeni rəhbərliyinin qəbulolunmaz davranışları, “Qarabağ Ermənistandır və nöqtə” kimi populist xarakterli məsuliyyətsiz bəyanatları, bundan başqa Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri, Ermənistan silahlı qüvvələrinin təmas xəttində təxribatçı hərəkətlərinə qəhrəman ordumuzun cavabı öldürücü oldu. Diplomatik masalarda, beynəlxalq forumlarda erməni yalanlarını ifşa edərək qarşı tərəfə tarix dərsi keçən Prezident İlham Əliyev bu dəfə Ali Baş Komandan kimi cəbhə xəttində düşmənə hərbi dərs verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli ordumuz 44 gün ərzində pərən-pərən olan düşmənin silahlı qüvvələrini  ağ bayraq qaldırmağa və Ermənistan rəhbərliyini rəzil təslimçilik aktına imza atmağa məcbur etdi. 

Məhz biz bundan sonra  tarixi yurd yerimizə sahib olduq. Prezident İlham Əliyev iki əsrlik tariximizdə Vətəni bütövləşdirən lider kimi qəhrəmanlıq səhifəsi yaradaraq fenomen kimi ilkə imza atdı. 44 günlük münaqişə dövründə düşmənlə ideoloji, diplomatik, hərbi savaşlardan qalib ayrılaraq  ümumxalq sevgisi qazandı və mütləq qəhrəman oldu. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə bu savaşda Azərbaycan ordusu müharibə qaydalarına tam əməl etməklə qarşı tərəfə həm də ləyaqət dərsi keçdi. 44 günlük Qarabağ müharibəsində hərbi əsirlərə qarşı qeyri-insani rəftar, vəhşilik, zorakılıqla dünyanı heyrətləndirən Ermənistan ordusundan fərqli olaraq Sılahlı Qüvvələrimiz mülki şəxsləri hədəf götürmədi. Beynəlxalq hüquqa hörmətlə yanaşan ölkəmiz əsir götürülən hərbçilərə insani münasibət göstərdi. Ölkələrinə təhvil verilən hərbi əsirlər bu həqiqəti vətənlərində belə etiraf etmək məcburiyyətində qaldılar.

Çünki öldürmək, baş kəsmək erməni  işi, erməni xislətidir. Hər zaman qan tökməyin əleyhinə olan Azərbaycan illərdir ki, regionda sülhün bərqərar olmasına çalışır, öz tarixi torpaqlarında xoşbəxt bir ömür yaşamaq istəyirdi. Bu tarixi xoşbəxtliyi Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yaşadı. Bu gün bütövləşən Azərbaycanın hər yerində-işğaldan azad edilmiş Qarabağımızda müqəddəs bayrağımız dalğalanır. Bir vətəndaş üçün üçün bundan böyük xoşbəxtlikmi var? Bizə bu sevinci yaşadan şəhidlərimizi, qazilərimizi qürurla anır, hüzurlarında  baş əyirik. 

Onların qəhrəmanlığı ilə bu gün Vətən sağdır!

Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsinin 
sədr müavini

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr