AZ

Şotlandiya parlamentinin üzvünün təşəbbüs layihəsi iftira və yanlışlıqla dolu kağız parçasıdırŞƏRH

Şotlandiya

Bakı, 26 sentyabr, AZƏRTAC

Şotlandiya Milli Partiyasının üzvü Kennet Gibsonun irəli sürdüyü və 129 lokal parlament üzvündən 8 nəfər həmkarının qoşulduğu “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təşəbbüs layihəsi iftira, yanlış və qərəzli məlumatların əks olunduğu kağız parçasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev sözügedən təşəbbüs layihəsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Şotlandiya parlamentinin internet səhifəsində yerləşdirilən layihədə (motion) Kennedi Gibsonun “fəxarətlə vurğuladığı” “Bişkek protokolunun 30 illik yubileyi” müddətinin 26 ili ərzində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini hüquqazidd olaraq işğal altında saxlamaqda davam edib. 2020-ci ilədək olan “Yubiley müddətində” Ermənistan etnik təmizləmə törədərək həmin ərazilərdən güctətbiqi ilə qovduğu 700 mindən çox azərbaycanlının iztirabını uzadıb, onların doğma torpaqlarına qayıdışına imkan verməyib. Ermənistan bu insanların həmin ərzilərdəki yaşayış məskənlərini darmadağın edib, yerli təbii resursları talan edib, ərazinin ekologiyasına ziyan yetirib, mədəni-tarixi irsini məhv edərək və saxlataşdıraraq özgəninkiləşdirməyə çalışıb. Başqa sözlə, Ermənistan anneksiya etməyə çalışdığı ərazilərdə ekosid, urbisid və kultursid cinayətləri törətməklə məşğul olub.

“Keçmiş münaqişə ilə bağlı istinad ediləcək sənəd 2020-ci ilin noyabrında imzalanan və Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsini hüquqi və siyasi cəhətdən də təsbit edən Üçtərəfli Bəyanatdır. Yubileyi qeyd edilən tarixi hadisə isə 2023-ci ilin 20 sentyabrında həyata keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədləri çərçivəsində suverenliyinin bərpa edilməsidir. Bundan bir neçə ay öncə isə, yəni, 2023-cü il aprelin 23-də Azərbaycan Laçın rayonu ərazisində, Həkəri çayı üzərindəki körpüdə Dövlət Sərhəd Buraxılış Məntəqəsini qurmaqla bütün hərəkət və daşımaların Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilməsi təmin etdi. Gibsonun iddia etdiyi “artsak respublikası” isə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində öz hərbi, siyasi və maliyyə dəstəyi ilə quraşdırdığı hərbi xunta rejimi və separatçıların daha dəqiq adıdır. Ermənistan da daxil olmaqla, dünya birliyinin heç bir dövləti belə bir qanunsuz marionet rejimi tanımamışdır.

Qarabağ ərazisi, onun dağlıq hissəsi də daxil olmaqla mübahisəli deyil və olmamışdır. Burada söhbət Ermənistanın Azərbaycana qarşı hələ SSRİ dövründə qaldırdığı ərazi iddialarından və SSRİ-nin süqutundan sonra bu hüquqazidd ərazi iddialarını reallaşdırmaq niyyəti ilə başladığı təcavüzkar müharibədən gedir. Azərbaycanın ərazi bütövlüyü və onun üzərində suveren hüquqları dünyanın bütün dövlətləri tərəfindən hələ SSRİ-nin süqutundan sonra tanınmışdır. Yeganə istisna təşkil edən dövlət, təcavüzkar əməllərinə görə Ermənistan olmuşdur ki, o da 2022-ci ilin oktyabrın 6-da “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş Dördtərəfli görüşdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Əslində isə, Ermənistan hələ 1991-ci ilin dekabrında imzaladığı Almatı Sazişi əsasında Azərbaycanın tanıdığı ərazi bütövlüyünü illər sonra Praqa şəhərində etiraf etdi.

Gibson anlamalıdır ki, Azərbaycan dünya dövlətləri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında tanınmış ərazi bütövlüyü çərçivəsindəki özünəməxsus ərazini necə işğal edə bilər? Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu yaxınlarda “Substack”dakı bloqunda yazdığı “Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi ərazini azad etməyə müvəffəq olub” mövqeyi Cənubi Qafqazdakı hazırkı geosiyasi reallığın daha düzgün hüquqi və siyasi təsviridir. Gibson bunu sitat gətirərsə hüquqi cəhətdən özünü daha dəqiq ifadə etmiş olardı”, - deyə deputat vurğulayıb.

O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan erməni əhaliyə ölkəmizin konstitusiya quruluşu və qanunlarına hörmət əsasında yaşaması barədə təklifi ictimai formada olub. İnsanların könüllü olaraq yaşadığı yeri dəyişməsi və köç etməsi miqrasiyadır.

“Kennet Gibson məlumatsız olduğu beynəlxalq məsələlərə dair ədalətsiz və qərəzli mövqe sərgiləmək əvəzinə dərin siyasi böhran içində olan Şotland Milli Partiyası üçün xilas yolları axtarmaqla məşğul olsa, partiyası üçün daha faydalı olar. Son seçkilərdə malik olduqları 47 yerdən 38-ni itirmiş bir partiya mənsubunun siyasi mövcudluğunu qorumaq və gündəmdə qalmaq üçün məşğul ola biləcəyi digər tapşırıqlar var. Bu tapşırığın sifarişli olduğu açıq aydındır. Erməniyönümlü qüvvələrin aləti kimi istifadə edilmək və təxribatla məşğul olmaq uzunmüddətli siyasi divident gətirə bilməz.

Biz Şotlandiya parlamentinin obyektiv mövqe tutacağına inanırıq, çünki bu parlament 2017-ci ildə Xocalı soyqırımına dair qətnamə qəbul etməklə bunu sübut edib.

Regional muxtariyyət statusunda olan Şotlandiyanın parlamentinin qərəzli mövqe tutan üzvlərinin təxribatçı əməlləri isə Azərbaycan-Birləşmiş Krallıq dostluq və əməkdaşlıq əlaqələrinə ziyan vura bilməz, çünki Birləşmiş Krallıqla Azərbaycan Respublikasını sıx dostluq münasibətləri və strateji dialoq birləşdirir”, - deyən Rizvan Nəbiyev fikirlərini yekunlaşdırıb.

Seçilən
0
5
azertag.az

6Mənbələr