AZ

Bayden Ukraynaya 8 milyard hərbi yardım ayırıb

Yayımlandı: 26 Sentyabr 2024 18:11 Bildirilir ki, ABŞ-nin Ukraynaya yeni göndərəcək silahları hədəfləri dəqiq vurmaq üçündür Sentyabrın 26-da ABŞ Prezidenti Co Baydenin Ukraynaya 8 milyard dollardan çox hərbi yardım ayırdığını elan etdiyi bildirilir. Qeyd olunur ki, Bayden Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən istifadə edərək Kiyevə rus işğalçılarına qarşı “bu müharibədə qalib gəlmək” üçün bu qərarı açıqlayıb. “Reuters”in yazdığına görə, yardıma 81 mil (130 km) qədər uçuş məsafəsi olan “Birgə Dayanma Silahı” adlı dəqiq idarə olunan sürüşmə bombasının ilk göndərilməsi daxildir: “Orta mənzilli raket Ukraynaya Rusiya qüvvələrinə zərbələr endirmək üçün istifadə etdiyi silahları əhəmiyyətli dərəcədə təkmilləşdirir və ukraynalılara bunu daha təhlükəsiz məsafələrdə vurmağa imkan verir. Hədəfləri yüksək dəqiqliklə vura bilən bomba döyüş təyyarələrindən atılacaq”. Bayden Rusiyanın 2022-ci ilin fevralında işğal etdiyi Ukraynaya dəstəkvermənin ABŞ-ın əsas prioriteti olduğunu söyləyib: “Ona görə də bu gün mən Ukraynaya təhlükəsizlik yardımının artacağını və Ukraynanın bu müharibədə qalib gəlməsinə kömək etmək üçün bir sıra əlavə tədbirlər görəcəyimi elan edirəm”. “Bu, Ukraynanı əlavə hava hücumundan müdafiə, pilotsuz uçuş sistemləri və hava-yer döyüş sursatları ilə təmin edəcək, həmçinin Ukraynanın müdafiə sənayesi bazasını gücləndirəcək və onun texniki xidmət və saxlanma tələblərini dəstəkləyəcək”, – Bayden belə deyib. Prezidentin sözlərinə görə, Müdafiə Nazirliyi Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə batareyası və daha çox “Patriot” raketləri ilə təchiz edəcək. Zelenski Baydenə və ABŞ Konqresinə yeni hərbi yardım paketinə görə təşəkkür edərək, Ukraynanın bundan “ən səmərəli və şəffaf şəkildə” istifadə edəcəyini bildirib. ABŞ Konqresi aprel ayında Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqləyib. Müharibənin xronikası 2022-cil ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb. 2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb. Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. 2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib. 2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb. Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib. Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib. Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb. Meydan TV

Seçilən
9
xural.com

1Mənbələr