AZ

“Zirə” “Sumqayıt”dakı xaosu dərinləşdirdi - REPORTAJ

Sumqayıt – Zirə 0:2 (0:1)
1. Mehdi Cənnətov – 5,0
6. Vüqar Mustafayev (k) – 4,5
(12. Georgi Karaişvili, 76) – qiymətsiz
14. Elvin Bədəlov – 5,0
10. Rəhim Sadıxov – 5,0
7. Rövlan Muradov – 5,0
17. Murad Xaçayev – 5,0
8. Səbuhi Abdullazadə - 5,5
21. Nihat Əhmədzadə - 4,5
(2. Sərtan Taşkın, 46) – 4,5
19. Roy Kehat – 5,0
(18. Kristian Velinovski, 76) – qiymətsiz
99. Silvanus Nimeli – 4,5
(9. Nikola Vuynoviç, 46) – 5,0
60. Tresor Mossi – 4,5
(23. Cordan Rezabala, 46) – 5,0
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
13. Ayxan Qocayev
30. Kamran Quliyev
24. Sənan Muradlı
11. Fernando Medeyros
5. Alan Dias
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Səbuhi Abdullazadə
13. Aydın Bayramov – 6,0
7. Məqsəd İsayev – 6,0
32. Qismət Alıyev (k) – 6,0
29. Ceyhun Nuriyev – 6,0
(28. Abbas İbrahim, 75) – qiymətsiz
4. Ruan Renato – 6,0
90. Davit Volkov – 6,0
(11. Rüstəm Əhmədzadə, 58) – 6,5
23. Rafael Utziq – 7,0
3. Ange Mutsinzi – 6,0
15. Pyer Zebli – 6,0
6. Eldar Quliyev – 5,5
(8. İsmayıl İbrahimli, 58) – 5,5
19. Salifu Suma – 6,0
(16. Fuad Bayramov, 81) – qiymətsiz
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
99. Səlim Həşimov
21. Hacıağa Hacılı
14. Elçin Əlicanov
22. İldar Alekperov
5. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Rafael Utziq

Qollar: R.Utziq, 22-p. (0:1). R.Utziq, 69 (0:2, R.Əhmədzadə).
Vərəqələr: V.Mustafayev, 23 (qeyri-idman hərəkəti). S.Nimeli, 35 (hakimin qərarına etiraz). E.Quliyev, 53 (qeyri-idman hərəkəti). R.Muradov, 79 (qeyri-idman hərəkəti). R.Renato, 85 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
22 sentyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1200 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

İndi turun ən cansıxıcı, futboldan istədiyimiz səviyyədə zövq ala bilmədiyimiz matçının reportajıyla tanış olacaqsız. Bəli-bəli, iki qolun vurulduğu oyun təxmin etdiyimiz kimi keçmədi. Halbuki əksəriyyət meydan sahiblərinin “doğma divarlar” arasındakı qarşılaşmadan üzüağ ayrılmaq üçün son saniyələrə qədər döyüşəcəyini, “Zirə”nin isə baxımlı oyunla xal ehtiyatını artıracağını zənn edirdi. Düzdü, “qartallar” istəyinə nail oldu. Lakin burda qonaqların döyüşkənliyi yox, məhz “kimyaçılar”ın sanki ilk dəqiqələrdən məğlubiyyətlə barışmasının rolu daha böyük oldu. İlk 20 dəqiqədə qapıya üç zərbə qeydə alındı ki, cəhdlər uğursuz nəticələndi. Əvvəl Qismətin, sonra Ceyhunun qeyri-dəqiqliyi hesabın erkən açılmasına imkan vermədi. Növbəti təhlükəli vəziyyət isə qonaqlara penalti qazandırdı. Ona görə ki, Vüqar Utziqin cərimə meydançası daxilindən başla qapıya zərbəsinə açıq əllə müdaxilə etdi! Kapitanın səhvini hakim bağışlamadısa, Utziq cəzalandırdı və komandasını 22-ci dəqiqədə hesabda önə keçirdi. Belədə “kimyaçılar” fəallığı bir qədər artırsa da, istənilən nəticə hasil olmadı. Xətlərarası əlaqənin pozulması və futbolçuların anlaşmazlığı kollektivin fürsətlərdən istifadə etmək şansını minimuma endirirdi. Bu ərəfədə Səbuhi cərimə meydançasının daxilinə ötürmə etsə də, Aydın irəli çıxaraq topa yiyələndi və Nimeliyə çatmasına mane oldu. 35-ci dəqiqədə Rəhimin zərbəsi tirin üzərindən keçdi. Beləcə birinci hissəyə yekun vuruldu.

İkinci yarıda ilk təhlükəli vəziyyət 55-ci dəqiqədə təsadüf etdi. Azarkeşləri həyəcanlandıran “kimyaçılar” bütün gücüylə irəli atılsa da, Rəhim Kehatın ötürməsinə çata bilmədiyindən fürsət əldən çıxdı. Dəqiq desək, Aydın mövqeyini tərk edərək topu ələ keçirdi. Ardınca Rezabala topu dabanıyla “çərçivə”yə yönəltmək istəsə də, bacarmadı. Muradın uzaqdan qüvvətli zərbəsi isə qeyri-dəqiq alındı. “Qartallar”ın meydanda hakimiyyəti qazanmaq cəhdlərinə gəlincə, rəqibə təzyiq 63-cü dəqiqədə fayda verdi. Ceyhunun uzaqdan ötürməsindən sonra Suma cərimə meydançasına daxil oldu. O, topu Rüstəmə çatdırdığına peşman oldu desək, yanılmarıq. Çünki Əhmədzadə yöndəmsiz zərbəylə ideal şansı boşa verdi. Ardından Ceyhun meydandan qalan “kürə”ni tora göndərmək istəsə də, “çərçivə”ni nişan ala bilmədi. Bir qədər sonra Qismət Nuriyevin səhvini təkrarladı. Kapitan, demək olar ki, yüzfaizlik qol imkanından yararlana bilmədi.

“Zirə”nin ikinci qolu 69-cu dəqiqəyə təsadüf etdi. Topu meydanın özlərinə aid hissəsində ələ keçirən Rüstəm Vüqar Mustafayevi çox asanlıqla arxada qoyaraq qapı önünə ötürmə verdi. Burda topu qəbul edən Utziq asanlıqla dublu rəsmiləşdirdi. Fərqin artması “Zirə”nin növbəti təhlükəli vəziyyətlərini də özüylə gətirdi. Bu ərəfədə Rəşad Sadıqovun texniki zonadan komandasını üçüncü qola səsləməsi də gözdən qaçmırdı. Lakin “qartallar” baş məşqçinin çağırışına müsbət cavab verə bilmədi. Əvvəl Ceyhun, ardından Rüstəm imkanı qaçırdı. “Sumqayıt”ın qol vurmağa çalışdığı anlara isə 81-ci dəqiqədə şahidlik etdik. Həmin anda meydan sahibləri ardıcıl üç dəfə bəxtini sınasa da, hesabı dəyişmək mümkün olmadı. Aydın Rezabala və Velinovskinin zərbələrini zərərsizləşdirdi, Vuynoviç qeyri-dəqiq oldu. Bir qədər sonra Utziq başla “çərçivə”ni nişan alsa da, Mehdi asanlıqla topa sahib çıxdı. Beləliklə, hakimin final fitini duyduq. Nəticədə “Sumqayıt” ardıcıl 4-cü məğlubiyyətlə barışdı, “Zirə” isə 5-ci pilləyə yüksəldi.

Gözdən qaçmadı
* Matçdan əvvəl “Ayın qolu” yarışında avqust ayının qalibi olan Kamran Quliyevə PFL-in texniki-idman direktoru Elgiz Abbasov mükafatlar təqdim etdi.
* Rövlan Muradov 29-cu dəqiqədə“Zirə”nin beş futbolçusuyla mübarizədən qalib ayrıldığına görə azarkeşlərdən alqış qazandı
* Rəşad Sadıqov 50-ci dəqiqədə yan xətt hakiminə etiraz etdi
* “Ultras Sumqayıt” 70-ci dəqiqədən etibarən “formanı çıxarın, rədd olun, gedin” şüarını səsləndirdi. Fanklub oyundan sonra komanda ilə məğlubiyyəti müzakirə etdi. Daha sonra futbolçular “Kimyaçılar”ın əyləşdiyi sektora yaxınlaşmaq istəsə də, azarkeş qrupu “rədd olun” dedi və oyunçular qayıtmağa məcbur oldu. Yeri gəlmişkən, “Qartallar” “Zirə”ni səfərdə tək qoymamışdı.

KƏNAN BAHADIR

Seçilən
6
football-plus.az

1Mənbələr