AZ

Bakının xilas planı: 4 milyon əhali “əsirlikdən” necə azad edilsin? 

Paytaxtda vəziyyət aybaay gərginləşir. Yalnız maşınların yaratdığı tıxac problem deyil, insanların ictimai nəqliyyatda çoxluğu da bir ayrı sıxlığa səbəb olur.

Məsələn, metro stansiyalarının içi, çölü, qatarlar insan selinə təslim olur. Bundan başqa, bir çox yerlərdə yolların daraldılması və həmin yerlərdə parkinqin yaradılmasının da tıxaca səbəb olduğu iddia edilir. Artıq Bakı yaşanılmaz hala gəlir. Aidiyyəti qurumlar nə etsələr də, sıxlığın qarşısı alınmır. Bir yandan da xəstəliklər, virus, epidemiya canımıza daraşıb. Yolları tıxac, nəqliyyatı basabas, küçələri darısqal, havası, suyu çirkli Bakıda yaşamaq işgəncəyə çevrilir. Bakını boşaltmaq, yaşanılır hala salmaq üçün hardan, nədən başlamaq lazımdır?

İnsan çoxluğunun xəstəliklərin artmasında rolu varmı?

İctimai nəqliyyatda olan sıxlığın qarşısının alınması üçün hansı addımlar atılır?

Ən əsası tıxacın aradan qaldırılması üçün xüsusi plan varmı?

Referans.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı həm ekspertlərə, həm də aidiyyəti qurumlara sual ünvanlayıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildirilib ki, hər bir metro stansiyasının özünə məxsus buraxıcılıq qabiliyyəti var:

“Vaqonların öz tutumu var. Hər bir vaqonun 315-330 sərnişin tutumu mövcuddur. Stansiyalarda “Yaşıl” və “Qırmızı” xətt üzrə hərəkət edən qatarların hər biri 5 vaqondan ibarətdir. Bu da təxminən 1600 nəfər sərnişin edir. Yəni bu daşıma qabiliyyəti çərçivəsində “Bakı Metropoliteni”nin artıq imkanları yoxdur. Buna görə sərnişin sıxlığı olanda təhlükəsizlik məsələsi ilə əlaqədar platformaya nəzarət artırılır və sərnişinlərin stansiyaya daxil olması xüsusi nizamlanmış, tənzimlənmiş qaydada olur”.

Qurumdan əlavə olunub ki, qatarların gecikməsinə əsas səbəblərdən biri də sərnişinlərin qapıları saxlaması, bir neçə qatarı buraxması ilə əlaqədardır.


“Hələ 30 il öncə təklif etmişdim ki, Bərdə şəhərini gücləndirək. Çünki Bərdəni gücləndirsəydik, o ətrafda nə qədər aqrar sektorumuz sürətlə inkişaf edəcəkdi, əhalinin istirahəti üçün gözəl yerlər inşa olunardı, insanlar ora köçərdi, universitetlər köçürülə bilərdi, ekologiya cəhətdən korlanmayan müəssisələr qursa idik, emal zavodları qurulsa idi, təsəvvür edin ki, Bərdə ətrafı aqrar sektoru nə qədər güclənərdi. Digər rayonlarda istirahət üçün imkanlar yaranacaqdı. Amma təəssüf ki, o vaxt bir çox qısqanc adamlar başladılar dərhal mənə qarşı getməyə, mənim fikirlərimi qulaq ardına vurmağa. Açığı, mən indi də o fikirdəyəm”.

Ə.Qəşəmoğlu deyib ki, hələ 90-cı illərin əvvəlində Bərdə şəhəri gücləndirilsə idi “Dağlıq Qarabağ” deyilən ərazinin qarşısında böyük bir şəhər olardı və o şəhərin də hərbi sistemi olar, strateji cəhətdən də faydalı olacaqdı:

“Mən bunların heç birini yuxuda görüb, demirəm. Paytaxtın Bərdəyə köçürülməsi şərt deyil, elə Bakı olaraq qala bilər. Bu, o demək deyil ki, ən böyük şəhər paytaxt olmalıdır. Məsələn, Türkiyənin ən böyük şəhəri Ankara deyil, lakin paytaxtdır. Paytaxt Bakı qala bilər, amma bir çox müəssisələrin regionlara köçürülməsi şərti ilə. Burada çətin heç nə yoxdur. Başqa ölkələrdən investisiya yatırmaq istəyənlər var. Allaha şükür, öz pulumuz kifayət qədər olduğu üçün heç digər ölkələrin yatırımına ehtiyacımız da yoxdur. Başqa böyük şəhərlərdə infrastrukturlar qurulanda, universitetlər tikiləndə, zavodlar olanda əhali köçüb başqa ölkələrə yox, öz rayon və şəhərlərimizə gedəcək. Beləliklə də Bakının yükü azalmış olacaq”.

“Rayonlarda, kəndlərdə, şəhərlərdə xeyli əhali seyrəkliyi var. Bunlar da o yerlərdə kənd təsərrüfatının zəif olmasına səbəb olur. Bakı şəhərində əhali çoxluğu sıxlığa, avtomobillərin artmasına, tıxacların əmələ gəlməsinə, atmosferin çirklənməsinə gətirib çıxarır. Paytaxtda əhali nə qədər çoxdursa, çirklənmə də eynidir. O baxımdan da əlbəttə, Bakı əhalisinin rayonlara dağıdılması üçün təbii yol seçilməlidir. Rayonların infrastrukturunu düz qurmaq, möhkəmləndirmək, rayonlarda insanların işləməsinə stimul vermək lazımdır ki, insanlar da gedib, öz ata-baba yurdlarında yaşayıb, orada fəaliyyət göstərsinlər. Bunun yolu yalnız bundan ibarətdir. Rayon sakinləri işləyib, ailələrini dolandırmaq üçün paytaxta gəliblər”.

A.Qeybullanın sözlərinə görə, əhali sıxlığı olan yerdə xəstəliklər də artır:

“Əhali çox olan yerdə xəstəlik daha sürətlə yayılır. Xüsusən də yoluxucu xəstəliklər. O baxımdan da hər hansı bir pandemiya olacağı təqdirdə yoluxma artacaq. Sürətlə yayılan infeksion xəstəliklərinin Bakı şəhərində yayılma intensivliyi daha yüksəkdir”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır:

“Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir. Parklanma yerlərinin idarəolunmasının əsas hədəfləri şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artması, əlçatanlıq və parklanma yerlərinin ədalətli istifadə edilməsidir. Həmçinin yol təhlükəsizliyinin artırılması, 2-ci və 3-cü cərgələrdə qanunsuz parklanmanın qarşısnın alınması, avtomobil nəqliyyatının və onun ətraf mühitə mənfi təsirinin azaldılmasıdır”.

Qurumdan verilən məlumata görə, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir:

“Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb. Hazırda paytaxtın 28 küçə və prospektlərində uzunluğu 80 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub. Qeyd edək ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. AYNA tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb”.

AYNA-dan bildirilib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb:

“Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhər darboğazlarında hərəkətin yenidən təşkili, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə layihələr icra edir. Belə ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev və Qara Qarayev prospektləri və Zabrat yoluna istiqamətlənir. Nəticədə bu yollara doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşüb. Sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir. Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində də yol hərəkəti yenidən təşkil edilib. Həyata keçirilən dəyişikliklər nəticəsində Yusif Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü saatda 950 avtomobil azalıb, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb. Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində də darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilib. Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir”.


Seçilən
8
referans.az

1Mənbələr