AZ

Avropa məhkəməsi Azərbaycandan şikayətlərlə bağlı üç qərar qəbul edib

Sentyabrın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edib. Məhkəmə iki işdə iddia edilən pozuntuları tanıyıb. Bu barədə aihmaz.org saytı bildirib.

Məlumatda deyilir ki, “Hilal MəmmədovAzərbaycana qarşı” işi jurnalist və vətəndaş cəmiyyəti fəalının narkotik vasitələrin satışı, dövlətə xəyanət və etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuzluğuna dair iddialar ilə bağlıdır.

Ərizəçi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətində iddia edib ki, ona qarşı cinayət işi uydurma olub, o, hüquq- mühafizə orqanlarının əvvəlcədən yerləşdirdiyi qurama sübutlar əsasında məhkum edilib. O həmçinin iddia edib ki, cinayət məsuliyyətinə cəlb edilməsi zamanı müxtəlif yazılarından, müsahibələrindən və məqalələrindən sübut kimi istifadə edilib ki, bu da onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib.

Məhkəmənin qərarına əsasən, ərizəçiyə ümumilikdə mənəvi zərər, xərc və məsrəflər əvəzi 6200 avro ödənilməlidir.

Ərizəçini məhkəmə qarşısında hüquqşunas Xalid Bağırov və vəkil Cavad Cavad  təmsil ediblər.

“İxtiyar İbrahimov Azərbaycana qarşı” işində ərizəçi dələduzluq ittihamı ilə məhkum edilib. Onun iddiasına görə, cinayət ittihamı ilə bağlı icraatin gedişində, 19 aprel 2016-cı il tarixində Ali Məhkəmədə keçirilən dinləmələr zamanı ona məlumat verilmədiyindən prosesdə iştirak edə bilməyib, bu da onun Konvensiyanın 6,1-cı maddəsilə qoruma altına alınan hüquqlarını pozub.

Ərizəçini Avropa İnsan Hüquqları Məhkəməsində vəkil Xanəliyev təmsil edib, maddi tələb irəli sürülməyib.

“Brilyant Əliyeva və başqa 4 ərizəçi Azərbaycana qarşı” işində ərizəçilər Konvensiyanın 11-ci maddəsinə əsasən, dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğundan şikayət ediblər.

Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Məhkəmənin həmin anlaşmaya əsaslanan qərarına görə, ərizəçilərin (Brilyant Əliyeva, Səadət Qədirova, Dünya Əliyeva, Səkinəxanım Güləliyeva, Natiq Ələsgərov) hər birinə 1750 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.

Seçilən
5
turan.az

1Mənbələr