AZ

Nyu-Yorkda Paşinyan COP 29-a qədər sülh bağlamağı təklif edib

Ermənistanın baş naziri Nikol Paşinyaın Birləşmiş Millətlər Təşkilatındakı son çıxışı öz vətənində qızğın, Azərbaycanda isə təmkinli reaksiyaya səbəb olub. Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında Gələcəyin sammitində çıxış edən Paşinyan Türkiyə və Azərbaycanla bağlı erməni siyasətçilər arasında yayılmış ənənəvi düşmənçilik ritorikasından əl çəkib. Nəzərəçarpacaq geri çəkilmədə o, Qarabağ ermənilərini yada salmaqdan çəkinərək, bunun əvəzində qlobal sülh və inkişaf kimi daha geniş mövzuya diqqət yetirib.

Yerevanda tənqidçilər Paşinyanın çıxışını "sektant hərəkatının liderinin moizəsi" adlandıraraq, barışdırıcı ton hesab etdikllərinə görə hiddətləndiklərini bildiriblər. Baş nazirin siyasi opponentləri onun yanaşmasını Ermənistanın regionda diskursuna hakim olan millətçi əhval-ruhiyyəyə xəyanət kimi qiymətləndiriblər.

"Sülh naminə liderlik" mövzusunda sonrakı müzakirədə Paşinyan Ermənistanın Azərbaycanla münaqişəyə son qoymağa sadiq olduğunu təsdiqləyib. O, ölkələri təcavüzdən və insan hüquqlarının pozulmasından əl çəkməyə çağırıb və qeyd edib ki,  Ermənistan "Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır". O həmçinin sülh müqaviləsinin razılaşdırılmış bölmələrinin Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına qədər imzalanmasını təklif edib. Paşinyan sülh üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edərək sərhədlərin davam edən delimitasiyası prosesilə bağlı nikbinliyini ifadə edib..

Bakının reaksiyası təmkinli olaraq qalır. Azərbaycan Xarici İşlər Nazirliyi hələ rəsmi bəyanat verməsə də, bundan əvvəl prezident İlham əliyev Ermənistanın niyyətilə bağlı skeptizm ifadə edib.

Əliyev yeni seçilmiş Milli Məclisin birinci sessiyasında çıxışı zamanı  Azərbaycan üçün prioritet kimi ölkənin hərbi potensialının gücləndirilməsini qeyd edib ki, bu da Ermənistanın sülh təşəbbüslərinə dərin inamsızlığın göstəricisidir. Əliyev hökuməti istənilən əhəmiyyətli sülh danışıqları üçün ilkin şərt kimi antiazərbaycan müddəalarının Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir.

Seçilən
3
turan.az

1Mənbələr