AZ

Naxçıvanda Anım Günü ilə bağlı "Vətən sağ olsun!" mövzusunda tədbir keçirilib

Naxçıvan, 25 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki Xatirə Muzeyində 27 sentyabr - Anım Günü ilə əlaqədar "Vətən sağ olsun!" mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər və muzey əməkdaşları iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Aytən Qasımova bildirib ki, 27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. İgid oğullarımız 30 ildən sonra elə bir Zəfər tarixi yazdılar ki, bütün dünya gücümüzü, qüdrətimizi gördü. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov 44 günlük haqq savaşımızdan ətraflı söz açıb. Vurğulayıb ki, bu gün Azərbaycan Qarabağa qovuşub, tarixi Zəfərə imza atıb, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terror hücumları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alıb, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad edib.

Şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid baş leytenant Sahil Məmmədovun anası Sahilə Məmmədova və şəhid leytenant Vəli Quliyevin anası Həqiqət Quliyeva övladlarının şücaətindən fəxarətlə bəhs edib, onlarla bağlı xatirələrini paylaşıblar. Qeyd ediblər ki, belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vətən müharibəsi iştirakçısı, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov Azərbaycan Ordusunun qüdrətindən, Vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğulların keçdiyi döyüş yolundan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Tədbirin bədii hissəsində Xatirə Muzeyinin əməkdaşı və Naxçıvan Dövlət Universitetinin tələbəsi şəhidlərə, qazilərə həsr olunan şeirlər səsləndirib.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

Seçilən
3
1
azertag.az

2Mənbələr