AZ

İlham Əliyevin çıxışı nəyə hesablanıb?

Emil Mənmədli Siyasi şərhçilər Prezidentin çıxışındakı mesajları təhlil edib  VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev Ermənistanın sülhdən uzaq olması, bu ölkədə revanşist qüvvələrin baş qaldırması barədə bəyanatlarla çıxış edib. O qeyd edib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır və bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. “Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır”, – İlham Əliyev deyib. Prezident bu sırada ATƏT-in Minsk qrupunun hələ də ləğv edilməməsini misal kimi göstərib: “Bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın. Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib”. Onun fikrincə, beynəlxalq mediada bu sahədə tənqidi yazıların əsas məqsədi mövzunu daim gündəmdə saxlamaq və nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə yenidən ona qarşı hərəkətə başlamaq ümidi ilə dərc edilir.  “Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”. Prezidentin çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri bunun yeni müharibə anonsu olduğunu, digərləri isə bəyanatların Ermənistandan daha çox daxili auditoriyaya hesablandığını düşünür. Bundan başqa, Prezidentin bu tip bəyanatlarla Ermənistan hakimiyyətinə sülh sazişi ilə bağlı təsir etmək cəhdi kimi qiymətləndirənlər də olub. “Ermənistan Konstitusiyasında Azərbaycanın əraziləri ilə bağlı müddəa qalsa, sülh sazişinin imzalanması mənasızdır” Məsələni Meydan TV üçün şərh edən siyasi şərhçi Rauf Mirqədirov qeyd edib ki, motivlərindən asılı olmayaraq rəsmi Bakının Ermənistana qarşı kifayət qədər əsaslı tələbi var, bu da Konstitusiyadan Azərbaycanın əraziləri ilə bağlı müddəaların çıxarılmasıdır. Onun fikrincə, bu, çox vacib tələbdir və iki tərəf arasında sülh sazişinin imzalanması üçün baza şərtidir, həm də həmin dövlətlərin bir-birinin ərazilərinin bütövlüyünü qeyd şərtsiz tanımasıdır:  “Bu faktor olmadan sülh sazişinin imzalanması mənasızdır. Rəsmi Yerevan bu dəyişikliyə gedəcəyini bildirib və həmin müddəaların salınıb-salınmaması hələ müəmmalıdır”. Siyasi şərhçi vurğulayıb ki, Əliyevin çıxışı bir neçə məsələ üzərində qurulmuşdu, onlardan biri sülh sazişi idi. “Bu mənada sülh sazişi üzərində uzun müzakirələrin aparılması, vəziyyətin gərginləşməsinə gətirəcək, yəni şərt var, o da yerinə yetirilməlidir”, – o deyib. Bununla belə siyasi şərhçi hesab edir ki, İlham Əliyevin çıxışlarının əksəriyyəti daxili auditoriyaya yönəlir. Rauf Mirqədirov vurğulayıb ki, İlham Əliyev “pərdəarxası oyunları var” deyəndə nəyi nəzərdə tutur, onu bilmək istəyir: Foto: Rauf Mirqədirovun şəxsi arxivindən “Regionla bağlı müxtəlif dövlətlərin, Qərbin, Türkiyənin, İranın və Rusiyanın öz maraqları var. Azərbaycan daxil hər bir ölkə bunları öz maraqları çərçivəsində dəyərləndirə bilər. Ancaq rəsmi Bakının da dedikləri həqiqəti əks etdirməlidir”. R.Mirqədirov hesab edir ki, İlham Əliyev “kimsə regionda müharibə istəyir” bəyanatında ünvanı səhv göstərir. O istisna etmir ki, hansısa dövlətin belə istəyi ola bilər.  “Əliyev deyir, bunu Qərb istəyir və Ermənistanı Azərbaycana qarşı silahlandırır. Əvvəla, biz Ermənistanın Qərbdən böyük miqyasda silah aldığını bilmirik və görməmişik”, – siyasi şərhçi bildirib. O hesab edir ki, bir sıra ölkələrin Ermənistana silah satması da göstərici deyil. R.Mirqədirovun fikrincə, göstərici ondan ibarətdir ki, Qərb sülh sazişinin imzalanması üçün hər şey etməyə hazırdır: “Fikir verin,  dövlət katibi Blinken İlham Əliyevə zəng edir və ya emisarları gəlib Ceyhun Bayramovla görüşür. Blinken sıradan bir dövlətin xarici işlər naziri deyil. ABŞ kimi aparıcı dövlətin rəsmisinin işi o qədər də az deyil ki, vaxt tapıb Bakıya, Yerevana zəng etsin. Blinken vaxt tapıb zəng edib sülh məsələsini müzakirə edirsə, deməli, region ABŞ üçün çox vacibdir”. R.Mirqədirov düşünür ki, ABŞ həqiqətən də regionda sülh istəyir, çünki Orta Dəhlizdə marağı var və bu mənada sağlam məntiqə zidd bəyanatlar olmamalıdır.  “İlham Əliyevə qarşı çox ciddi təzyiqlər artmaqdadır” Keçmiş səfir Arif Məmmədov isə düşünür ki, İlham Əliyevin çıxışı Ermənistanla sülh sazişinin imzalanmasının qeyri-mümkün olduğunu göstərir. O xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-da bəyan edib ki, sazişin 16 bəndindən 13-ü razılaşdırılıb: “Bu sırada bir çox prinsipial məqamlar var ki, onların razılaşdırılması indiki şəraitdə qeyri-mümkündür. İlk növbədə bu Ermənistan Konstitusiyasında preambula hissəsində dəyişiklik edilməsi tələbidir”. Foto: Arif Məmmədovun şəxsi arxivindən Keçmiş səfir hesab edir ki, İlham Əliyevə qarşı çox ciddi təzyiqlər artmaqdadır. Onun fikrincə, beynəlxalq təşkilatlarda da Azərbaycanın mövqeləri gündən-günə zəifləməkdədir: “Sanksiyaların tətbiq edilməsi məsələsi də çox ciddiləşib. Burada söhbət sanksiyaların yalnız ölkəyə qarşı deyil, eyni zamanda rejimə, İlham Əliyevin özünə və ailəsinə qarşı da ola biləcəyindən gedir”. Bununla belə, A.Məmmədov qeyd edib ki, söhbət artıq hansısa ölkələrin pərdəarxası oyunlarından getmir. Onun fikrincə, bir çox ölkə İlham Əliyevin apardığı siyasətin bölgəyə təhlükə yaratdığını açıq deyir.  “Ona görə də İlham Əliyevin son çıxışı onun çox gərgin olduğunun göstəricisi idi”, – o deyib.  “İlham Əliyev yenə də faktiki olaraq müharibədən danışır, sülhdən yox” Konfliktoloq Arif Yunus çıxışa qiymət verərək qeyd edib ki, İlham Əliyev yenə də faktiki olaraq müharibədən danışır, sülhdən yox: “Mən hələ demirəm ki, indi ABŞ rəsmilıəri çox istəyiblər, BMT sessiyasında İlham Əliyev və Nikol Paşinyan görüşsünlər, amma deyəsən, bu, baş tutmayacaq. Çünki ölkə başçısı Nyu-Yorka getməyib”, – o deyib. Arif Yunus. Foto: arxiv Prezidentin Azərbaycana qarşı pərdəarxası oyunlar barədə sözlərini şərh edən konfliktoloq vurğulayıb ki, belə oyunlar bütün ölkələr arasında olub və olacaq: “Buna geosiyasət deyirlər. Konkret olaraq, həm Azərbaycana qarşı oyunlar var idi və bu gün də gedir, həm də Azərbaycan digər ölkələrə qarşı oyunlarda iştirak edirdi və bu gün Rusiya ilə birgə iştirak edir”. Meydan TV

Seçilən
5
xural.com

1Mənbələr