AZ

Məhkəmə vəkilin DTX-ya qarşı şikayətinə baxmaqdan imtina edib

Yayımlandı: 25 Sentyabr 2024 11:19 Fariz Namazlı apelyasiya şikayəti verəcək Bir çox ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı təxminən bir ay əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, telefonunun əlindən alınması, bu quruma aparılması və gecə saatlarına qədər orada dindirilməsi ilə əlaqədar məhkəməyə şikayət vermişdi. Onun şikayətilə bağlı sentyabrın 24-də Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Qapalı keçirilən məhkəmə prosesinin nəticəsində məlum olub ki, hakim Azər Tağıyev vəkilin DTX-ya qarşı şikayətini icraata götürüb araşdırmaqdan imtina edib. Hakim qərar verib ki, bu işə məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Fariz Namazlı Meydan TV-yə bildirib ki, qərarla razılaşmır və qanuna uyğun şəkildə 3 gün ərzində apelyasiya şikayəti verəcək. Fariz Namazlı avqustun 31-də axşam saat 21.00 radələrində Bakıda kafelərdən birində dostları ilə birlikdə olarkən DTX əməkdaşları tərəfindən saxlanılıb, həmin vaxt stolun üstündə olan telefonu da götürülüb. O, DTX-nın binasına aparılıb, 3 saat yarım orada saxlanılaraq dindirilib. Sentyabrın 1-nə keçən gecə saat 00.30 radələrində sərbəst buraxılıb. Ertəsi gün “Facebook” hesabından paylaşım edərək baş verənlərə aydınlıq gətirən Fariz Namazlı bildirib ki, DTX-da şahid qismində ifadə verib. Lakin o, konkret hansı cinayət işi üzrə dindirildiyini açıqlamayıb. Vəkil iş vaxtı başa çatandan sonra, heç bir əsas göstərilmədən DTX-ya aparıldığını və bunun bu cür davranışın faktiki tutulmağa bərabər olduğunu vurğulayıb. Fariz Namazlı məhkəməyə də məhz özünə qarşı bu davranışın qanunsuz sayılması tələbi ilə şikayət edib. Vəkil bildirir ki, onun axşam saat 21.00-da – işdən sonra kafedə saxlanması, telefonunun əlindən alınması, gecə yarıya qədər DTX-da qalması qanunsuzdur. Onun sözlərinə görə, əgər şahid qismində dindirilməli idisə, əvvəldən ona ya telefon vasitəsilə, ya çağırış vərəqəsi ilə bu barədə məlumat verilməli idi: “Mənim kafedə olduğumu necə biliblər? Deməli, məni izləyiblər. Hansı əsasla mənim şəxsi həyatıma müdaxilə olunub? Məni əvvəldən çağırardılar, mən də gedib ifadə verərdim. Məni şahid qismində dindirdilər. Amma mənə qarşı baş verənlər faktiki tutulmağa bərabərdir”. DTX vəkilin saxlanması və dindirilməsi barədə məlumatlara münasibət bildirməyib. Meydan TV

Seçilən
2
1
xural.com

2Mənbələr