AZ

Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır

Tənəffüs

Bakı, 24 sentyabr, AZƏRTAC

Spirometriya - ağciyərlərin funksional vəziyyətini qiymətləndirməyə imkan verən müayinə metodudur. Müayinə icbari tibbi sığorta ilə qarşılanır və spirometr adlanan cihazla sadəcə nəfəs alıb verməklə həyata keçirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, spirometriya davamlı təngnəfəslik, öskürək, bəlğəm ifrazı kimi respirator simptomlar olduqda, həmçinin siqaret çəkən şəxslərdə, ağciyərlərin funksiyasını qiymətləndirmək məqsədi ilə həkim tərəfindən təyin olunur.

Bu müayinə üsulu bronxial astma, kistoz fibroz, xroniki obstruktiv ağciyər xəstəliyi və ağciyər fibrozu kimi xəstəliklərə diaqnoz qoymağa kömək edir. Diaqnozu təsdiqlənmiş pasiyentlərdə tənəffüs yollarının obstruksiyasının ağırlıq dərəcəsini qiymətləndirmək, müalicənin effektivliyini öyrənmək və sonrakı müalicə taktikasını seçmək mümkündür.

Bundan başqa, spirometriya əməliyyat öncəsi tənəffüs funksiyalarını dəyərləndirmək, habelə revmatoid artrit və digər xəstəliklərdən əziyyət çəkən insanların ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək üçün standart müayinə üsulu hesab olunur.

Spirometriya tam təhlükəsiz və informativ müayinə metodudur. 30-90 dəqiqə davam edən müayinə qeyri-invaziv və ağrısız aparılır.

Müayinə zamanı dərindən nəfəs alınır və spirometrin borusuna dərindən nəfəs verilir. Müayinə vasitəsilə ağciyərin həyat tutumunu, ağciyərə daxil olan və xaric olan havanın həcmini hesablamaq mümkündür.

Lakin nəfəsvermə zamanı beyin, döş, qarın və gözlərdə təzyiq artır. Bu səbəbdən yaxın vaxtlarda infarkt, insult, döş və qarın boşluğunda əməliyyat keçirən, həmçinin oftalmoloji və beyin əməliyyatları keçirən pasiyentlərə spirometriya əks göstərişdir.

Bu müayinə icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Binəqədi, Nərimanov, Nizami, Pirallahı, Sumqayıt, Suraxanı, Xətai, Xəzər və Sabunçu Tibb mərkəzlərində, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Pediatriya Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında, Yeni Klinikada, 7 nömrəli Şəhər Poliklinikasında, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında, Bərdə, Cəlilabad, Göyçay, Qax, Zaqatala, Qazax, Qəbələ, Quba, Qusar, Salyan, Şəki, Şirvan, Sabirabad, Ucar, Zərdab, Yevlax və Şamaxı Rayon Mərkəzi xəstəxanalarında həkim göstərişi əsasında aparılır.

Seçilən
9
4
azertag.az

5Mənbələr