AZ

"İmzalanan nəhəng müqavilə sayəsində Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi"

"Əsrin müqaviləsi"nin imzalanması gününün tezliklə 30 ili tamam olacaq. Söhbət, o müqavilədən gedir ki, bu gün Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi məhz, onun imzalanması ilə əlaqədar baş tutmuşdur. 30 il bundan əvvəl ölkəmizin iqtisadi və siyasi durumu olduqca acınacaqlı vəziyyətdə idi. Mövcud sistem və yaxud mexanizm dağılmış, yerindəsə heç nə qurulmamışdı. Beynəlxalq maliyyə və kredit təşkilatlarından asılı vəziyyətə düşmüşdük. İqtisatıyyatı toparlamaq üçün, idarəetməni təşkil edərək ələ almaq üçün strateji xətt müəyyən etmək və qarşıya konkret məqsəd və hədəf qoymaq lazım idi, daha doğrusu tələb olunurdu. Bunun üçünsə ölkənin qapıları xarici investorların üzünə açıq elan edilməli idi. Dağılmış iqtisadiyyata kiminsə investisiya qoymaq istəyi absurd idi. Odur ki, təbii resurslarımız, yəni yeraltı xammal ehtiyatlarına sahib olmağımız kara gəlməli idi və gəldi də... İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına “Əsrin müqaviləsi”-nin Azərbaycan iqtisadiyyatına verdiyi tövfələrdən danışıb: “1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə dünya miqyasında iqtisadi və siyasi mövqeyimizi möhkəmləndirməkdə, etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmağımızda əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” vasitəsilə qarşımızda geniş yol açıldı. 30 ildir ki, bu yolda irəliləyirik. Hansı ki, bu yolun bünövrəsini Ümumilli lider Heydər Əliyev qoydu. Məhz, o dahi şəxsiyyət bu yolu seçdi, bugünümüzü uzaqgörənliyi ilə müəyyən etmiş oldu. Heydər Əliyev təsadüfən qeyd etməmişdi ki, "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Pərviz Heydərov “Əsrin müqaviləsi” öncə dünyanın 8 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) bir iştirakda birləşdirirdi. İlk günlərdən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və ARDNŞ ilə birgə işlərə başlandı. Saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün zəmin yaratdı. İqtisadçı deyir ki, "Əsrin müqaviləsi" karbohidrogen ehtiyatları miqdarı və müvafiq investisiya həcminə görə dünyada bağlanan ən iri sazişlərdən oldu. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldi. “1999-cu ilin dekabrında "mənfəət nefti" ilə doldurulmuş ilk tankerimiz dünya bazarlarına çıxarıldı. Həmin neft satışından əldə edilən valyuta yenə Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olmağa başlandı. 1997-ci ildə ölkəmizdə neft hasilatı 9 milyon ton idisə, 2009-cu ildə ən yüksək səviyyəyə çataraq 50 milyon tonu keçdi. Sözün qısası, bütün nailiyyətlərimiz bunun əsasında baş verdi. Azərbaycan borc alan ölkədən, borc verən ölkəyə çevrildi. Cənubi Qafqazda ən nəhəng infrastruktur ölkə kimi tanımağa başladıq. Bir çox layihələrin ideya müəllifinə və icraçına çevrildik. Dövlət başçımız İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində haqlı olaraq sual etmişdi ki, 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə idi?”-deyə iqtisadçı vurğulayıb. Pərviz Heydərov qeyd edib ki, 2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi, lakin ehtiyatlar proqnozları üstələdi: “Real olaraq “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft mövcuddur. Yeni sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 mlrd. dollar bonus ödəyəcəklər”. İradə Cəlil, Bizimyol.info

Seçilən
17
1
bizimyol.info

2Mənbələr