AZ

BMU-nun rektoru şəhid ailəsinin üzvü olan tələbə ilə görüşüb

Xırdalan, 19 sentyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev bu il ali məktəbin kimya mühəndisliyi ixtisasına qəbul olan şəhid ailəsinin üzvü Kamran Məmmədovla görüşüb.

BMU-dan AZƏRTAC-a bildirilib ki, şəhid Elşən Məmmədovun övladını tələbə adı qazanması münasibətilə təbrik edən rektor ona uğurlu universitet illəri, həmçinin seçdiyi ixtisasın gözəl mütəxəssisi olmağı və Vətəninə töhfə verməyi arzulayıb.

Yaqub Piriyev 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı savaşımızdan bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın möhtəşəm Qələbəyə imza atdığını, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu və bu Zəfər salnaməsinin şəhidlərimizin, qazilərimizin canı və qanı ilə yazıldığını vurğulayıb.

Qarabağın azadlığında fədakarlıq göstərən şəhidlərimizin xatirəsinin hər zaman ehtiramla yad olunduğunu qeyd edən rektor onların ailələrinin, eləcə də qazilərimizin sosial müdafiəsi üçün dövlət tərəfindən görülən işləri diqqətə çatdırıb. O, Kamran Məmmədovun təhsili, sosial problemləri ilə maraqlanıb, təhsil aldığı müddətdə ona diqqətin daha da artırılması üçün müvafiq şəxslərə tapşırıqlar verib.

Qeyd edək ki, Kamran Məmmədovun atası, kiçik çavuş olan Elşən Əli oğlu Məmmədov 2020-ci il sentyabrın 21-də şəhidlik zirvəsinə ucalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
3
azertag.az

4Mənbələr