AZ

"Ermənilər bizimlə oyun oynamasınlar, təkliflərimizə vaxtında cavab versinlər" - Səməd Seyidov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində Ermənistanla imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı bir sıra vacib məqamlara toxunub.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın göndərdiyi təkliflərə 70 gün sonra cavab verib:

"Ermənistan tərəfi əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə həqiqətən maraqlıdırsa, təkliflərə 70 gün ərzində cavab verilməsi özlüyündə müəyyən suallar doğurur. Yəni, sülh müqaviləsinin əksər bəndləri üzrə tərəflər arasında müəyyən razılıqlar vardır, amma hələ də aparılmalı olan işlər göz qarşısındadır. Bu, ilk növbədə, Ermənistanın Konstitusiyası ilə əlaqədar olan məsələlərdir", - deyə H.Hacıyev qeyd edib.

Təkliflərə bu qədər müddət sonra cavab verilməsi onu göstərir ki, Ermənistan tərəfi vaxtı süni olaraq uzatmağa çalışır.

Mövzu ilə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin VI çağırış deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Hikmət Hacıyevin dedikləri hamısı reallıqdır:

"Ermənistan sözdə bir şeyi deyir, əməldə isə tamamilə başqa cür addım atır. Ona görə də, biz real sülh istiqamətində atılacaq addımlarla bağlı nə niyyəti, nə söhbəti, nə də hərəkəti görmürük.

Çox şey haqqında danışmaq olar. Məsələn, Minsk qrupu da 30 il ərzində Azərbaycanın torpaqlarının işğal altında olması ilə bağlı, guya, hansısa "fəaliyyət" göstərirdi. Əslində isə, heç bir fəaliyyət yox idi. Onların əsl məqsədi bu işğalı əbədiləşdirmək idi. 

Sülh müqaviləsinin imzalanması ilə Ermənistanın ərazi iddialarından əl çəkməsi və Minsk qrupunun ləğv edilməsi bir-biri ilə birbaşa bağlı olan məsələlərdir. Biz heç nəyi elə-belə gündəmə gətirmirik. Bilirik ki, bu məsələlər real, özü də hökumət səviyyəsində yox, referendum səviyyəsində həll olunmasa, həmin iddiaları sabah başqa bir dövlət Azərbaycana qarşı istifadə edə bilər. Biz bunu dəfələrlə görmüşük", - deyə o qeyd edib.

Səməd Seyidov Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı da fikirlərini bölüşüb:

"Elə Zəngəzur dəhlizi ilə bağlı məsələ göz qabağındadır. 2020-ci il 10 noyabr bəyanatında konkret olaraq yazılmışdı ki, Zəngəzur dəhlizi açılacaq. Sonra nə oldu? Ermənilər müxtəlif bəhanələrlə bu dəhlizi açmaqdan imtina etməyə başladılar. Hansısa şərtləri dilə gətirdilər. 

Əslində isə, bütün bu hərəkətlər Ermənistanın 10 noyabr bəyanatının bəndlərini kobud şəkildə pozduğunun sübutudur. Biz artıq bu təcrübədən keçmişik. Çox gözəl bilirik ki, qonşu ölkə kimdir, onun arxasında kimlər dayanır, niyyətləri nədir. Siyasətimiz isə böyükdür və birmənalıdır. 

Sülh müqaviləsinin imzalanması Ermənistanın üzərinə düşən məsələlərin həlli ilə birbaşa bağlıdır. Yəni, onlar Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməli, Minsk qrupunun ləğv olunması istiqamətində iş aparmalı və vaxtı-vaxtında Azərbaycanın təkliflərinə cavab verməlidirlər. Bizimlə oyun oynamamalıdırlar".

Murad İbrahimli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
48
unikal.az

10Mənbələr