AZ

Keçmiş şöbə müdirinin məhkəməsində qazilər dava saldılar

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi üzrə təqsirləndirilən şəxsin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, zərərçəkənlər təqsirləndirilən şəxs Məmməd Əmiraslan oğlu Ağakişiyev barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə veriblər.

Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Həmçinin, zərərçəkənlərin iddiasına görə, təqsirləndirilən şəxsin vəkili onlara deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən 50 min manat qarşılığında M.Ağakişiyevə bəraət alacaq.

Hakim isə zərərçəkənlərin iddiasına cavab olaraq, cinayət işinə tam obyektiv baxılacağını bildirib:

"Siz məhkəmənin sonunu gözləyin". 

İclasda beş zərərçəkənin və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim müşavirəyə gedib gəldikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edib.

Məhkəmə prosesi 23 sentyabr tarixinə kimi təxirə salınıb.

Zərərçəkənlər iclasdan sonra məhkəmə zalında dava salıblar. Səbəb isə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsi olub.

İttiham aktına görə, Məmməd Ağakişiyev beş nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Qeyd edək ki, zərərçəkənlərin ikisi Qarabağ qazisidir. Məmməd Ağakişiyev isə cinayət işi başlayana qədər, yəni 2023-cü ilin sentyabr ayına kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
5
bizimxeber.az

6Mənbələr