AZ

Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

Image

Bəhruz Quliyev: “Bu layihənin gerçəkləşməsi Azərbaycanın maraqlarına ziddir və regional layihələrə əngəl olan addımlardır”

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə müsahibəsində “Dünyanın kəsişməsi” layihəsini Rusiya, Türkiyə və Azərbaycan üçün faydalı hesab edib. 

G.Papoyan deyib ki, Ermənistan hökumətinin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsində iştirakdan Türkiyə, Rusiya və Azərbaycan faydalanacaq. 

O, “niyə belə olan halda Moskva, Ankara və Bakının Ermənistan hökumətinin bu təşəbbüsünə hələ də rəsmi cavab vermədiyi” sualına cavab verməkdə çətinlik çəkib. “Bizim üçün bu, ilk növbədə iqtisadi layihədir və onun maraqları təkcə Ermənistan və onun yaxın qonşuları deyil, həm də Yaxın Şərq, Avropa ölkələri və Qərbi Asiya ölkələrini əhatə edən bütün regionun maraqlarıdır”, - deyə nazir qeyd edib. 

Ermənistanın iqtisadiyyat naziri deyir ki, Ermənistanın "sülh kəsişməsi" layihəsi Azərbaycanın, Türkiyənin, Rusiyanın maraqlarına uyğundur. Amma “bəs onda o ölkələr Ermənistanın bu layihəsinə niyə reaksiya vermirlər” sualına erməni nazir cavab verə bilməyib.

Paşinyanın "sülh kəsişməsi" layihəsinin Azərbaycana nə faydası var?

“Ermənistanın xəyal etdiyi "sülh kəsişməsi" layihəsi...” 

“Ermənistan nəqliyyat və kommunikasiya nöqteyi-nəzərindən heç bir hazırlığı, logistik imkanları olmayan bir ölkədir. Təbii relyefi də investorların maraqlarını sıfırlayan amillər sırasındadır. Belə bir ölkənin tranzit olaraq qəbul edilməsi də absurddur. Bəzi Qərb ölkələri, o cümlədən İran və Hindistan hərbi-siyasi maraqları səbəbindən Ermənistan üzərindən keçən nəqliyyat cığırının əhəmiyyətindən danışırlar. Amma nə qədər çalışsalar da, başqa ölkələri bura cəlb edə bilmirlər. Ermənistanın marionet, oyuncaq dövlət olması adıçəkilən güclərin işinə yarayır. Ona görə də regional lider, logistik imkanları hər gün artan Azərbaycanla, onun ərazisi ilə yox, yükləri Ermənistandan keçən “dəhliz”lə daşıyacaqları barədə əsassız fikirlər səsləndirirlər”. Bunu “Bakı-Xəbər”ə erməni nazirin Paşinynanın irəli sürdüyü “sülh kəsişməsi” layihənin Azərbaycan, Türkiyə və Rusiya üçün də faydalı olacağı iddiasını şərh edərkən SƏS Media Qrupun rəhbəri, siyasi şərhçi Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Ermənistanın baş nazirinin “sülh kəsişməsi” layihəsi perspektivi olmayan ideyadır: “Paşinyan yeni dəhliz quracağını düşünür. Həm də bunu az qala “Orta Dəhliz”ə alternativ kimi təqdim etməyə çalışır. Amma ermənilərin liderinin səhvi də bundadır. Şimal-Cənub nəqliyyat dəhlizi təkcə İran-Azərbaycan-Rusiya kimi üç ölkəni birləşdirmir, həm də Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya, Şərqi və Şimali Avropa ölkələri arasında əlaqələri asanlaşdırır. Şimal-Cənub nəqliyyat dəhlizi, demək olar ki hazırdır, dəmir yolunun İran ərazisindəki kiçik bir hissəsini inşa etmək lazımdır ki, bu xətt bütövləşsin. Ermənistanın xəyal etdiyi "sülh kəsişməsi" layihəsi isə çox vaxt aparmaqla yanaşı, inşasına milyardlar sərf ediləcək. Maraqlı bir məqam ortaya çıxır, Ermənistan hələ layihə fazasında olan tranzit xəttini xeyli müddətdir ki, fəaliyyət göstərən, Asiya ilə Avropanı birləşdirən “Orta Dəhliz”lə müqayisə edir, ona alternativ dəhliz olduğu iddiasını gizlətmir. “Sülh kəsişməsi” adlı layihə Ermənistanın yox, İran və Hindistanla Fransanın birgə istəyidir. Təbii ki, bu layihənin gerçəkləşməsi Azərbaycanın maraqlarına ziddir və regional layihələrə əngəl olan addımlardır. İran Avropaya daha ucuz dəhlizlə çıxış əldə etmək istəyir, Hindistan da ondan geri qalmaq istəmir. Güclərini birləşdirən iki dövlətə Fransa da dəstək verir. Nəticədə adıçəkilən ölkələr Ermənistan üzərindən “Orta Dəhliz”ə nəzarət etməyi planlaşdırırlar. Amma Azərbaycan və Türkiyə bu dəhlizin müəllifləri olduqları üçün maraqlarını da kiminləsə bölüşmək istəmirlər”.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
baki-xeber.com

10Mənbələr