AZ

Liberal iqtisadiyyata keçid: Rəqabət Məcəlləsi nəyi dəyişəcək?

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azad sahibkarlıq ölkə vətəndaşlarının sosial rifahının inkişafında ən önəmli faktor hesab olunur.

Bu, birbaşa monopoliyaya son qoymaq, liberal iqtisadiyyata keçid deməkdir. Uzun illərdir ki, Azərbaycanda məhz bunu həyata keçirmək üçün addımlar atılır. Hökumətin bu istiqamətdə atdığı addımların müsbət nəticələri olsa da, bu gün də bazarlardakı vəziyyət qənaətbəxş deyil. Xüsusilə də bazarlarda olan monopoliya bu keçidin qarşısını alır. Son illər bu istiqamətdə daha ciddi addımlar atılır. Bu addımların başında isə Rəqabət Məcəlləsinin qəbul edilməsi gəlir. Rəqabət Məcəlləsinin qəbul edilməsi ilk növbədə monopoliyaya son qoyacağına ümid yaratdı. Qanunun tələbi də məhz bundan ibarətdir. Qanun cari ilin 1 iyulundan qüvvəyə minib. Hələlik bazarlarda bu qanunun effekti yüksək dərəcədə hiss edilməsə də, prespektivdə qoyulan məqsədə çatmaq proqnozlaşdırılır. Bəs qanun əsas nələri tələb edir?

Rəqabət Məcəlləsi 12 fəsil 83 maddədən ibarətdir. Əlavə olaraq, məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş oldu. Rəqabət Məcəlləsi Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.

Rəqabət Məcəlləsinin konkret tələbləri isə belədir:

*məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;

*rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;

*rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;

*rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;

*rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi.

Bu qadağaların da sahibkarların maneəsiz fəaliyyət göstərməsi üçün lazımlı bəndlər olduğu qeyd olunur. Rəqabət Məcəlləsindəki müddəaların icrası və işlək mexanizm olması üçün qurum da yaradılacaq. Qanundan çıxarışdan da göründüyü kimi, məcəllədə məqsədə çatmaq, yəni liberal iqtisadiyyata keçmək azad sahibkarlığı inkişaf etdirmək üçün bütün məqamlar nəzərə alınıb. Mütəxəssislər də hesab edir ki, Rəqabət Məcəlləsində nəzərdə tutulan məsələlər real bazara tətbiq edilərsə, o zaman real nəticələr də əldə etmək mümkün olacaq.

Onu da xatırladaq ki, Azərbaycanda Rəqabət Məcəlləsi hələ 2004-cü ildən gündəmdə idi. Dəfələrlə müzakirə olunub, qanun layihəsinin vacibliyi, zəruriliyi vurğulanıb. Amma sonrakı illərdə dəfələrlə bu məsələ gündəmə gəlsə də, 19 il ərazində Rəqabət Məcəlləsi qəbul edilməmişdi. Nəhayət, 2023-cü ildən yenidən gündəmə gələn Rəqabət Məcəlləsi parlamentin müzakirəsindən keçərək qəbul edilib. Bu ilin 1 iyulundan isə Rəqabət Məcəlləsi rəsmi olaraq qüvvəyə minib.

Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebheinfo.az”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
cebheinfo.az

1Mənbələr