AZ

Təhsil sistemi ilə əmək bazarı arasında harmoniya: Limitlərin düzgün tənzimlənməsi?

Son illərdə təhsil sistemində ixtisas limitlərinin tənzimlənməsi sahəsində bir sıra müsbət irəliləyişlər müşahidə olunur və bu inkişaf yalnız universitetlərdə deyil, həmçinin subbakalavr səviyyəsindəki kolleclərdə də əhəmiyyətli dərəcədə həyata keçirilib. Xüsusən də, 2024-cü ildə kolleclərdə ixtisas limitlərinin tənzimlənməsi yüksək səviyyədə həyata keçirilib, yararsız ixtisasların sayı azaldılıb və keçmiş dövrün ixtisasları demək olar ki, tamamilə aradan qaldırılıb. Bu, təhsil sistemində daha məqsədyönlü və bazar tələblərinə uyğun bir yanaşma ilə ixtisas seçimini tənzimləyir.

Bunu Fins.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, ixtisas limitləri əmək bazarının tələblərini və kadr potensialına olan ehtiyacı əks etdirən gizli şifrələrdir:

“Dövlət, müəyyən sahələrdə neçə mütəxəssisə ehtiyac duyulacağını proqnozlaşdıraraq ixtisas limitlərini müəyyən edir. Məsələn, kompüter mühəndisliyi istiqamətində dörd ildən sonra lazım olacaq kadr sayı hesablanır və bu plan yerinin ayrılması ilə əmək bazarının gələcək tələbatını qarşılamaq məqsəd qoyulur. Bu yanaşma son illərdə daha qabarıq şəkildə müşahidə olunur”.

“Abituriyent” jurnalının dördüncü sayısının 32-ci səhifəsində dövlət sifarişli plan yerlərinin sayı ilə bağlı ətraflı məlumatın təqdim olunduğunu bildirən E.Nuri, kompüter elmləri ixtisasına ayrılan 840 plan yeri, dövlətin dörd ildən sonra kompüter elmləri mütəxəssisinə ehtiyac duyacağını göstərdiyini deyib:

“Digər ixtisaslarda isə plan yerləri əmək bazarının tələblərinə uyğun şəkildə tənzimlənir. Məsələn, pedaqoji ixtisasların plan yerlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, çünki əvvəlki dövrlərdə kolleclərdə pedaqoji ixtisaslar mövcud idi və bitirənlər müəllim namizədi hesab olunurdu. Lakin, işlə təmin olunma prinsipi nəzərə alınaraq, pedaqoji ixtisasların sayı azaldılıb və yalnız məktəbəqədər təhsil, fiziki tərbiyə, idman müəllimliyi kimi sahələr saxlanılıb.

Universitetlərdə də ixtisas limitlərinin tənzimlənməsi həyata keçirilib, nəticədə pedaqoji ixtisaslara ayrılan plan yerlərinin sayı xeyli azaldılıb. Bunun səbəbi əmək bazarında potensial müəllim namizədlərinin çox olması və işlə təmin olunma məsələlərinin çətinləşməsidir”.

Təhsil eksperti vurğulayıb ki, qeyd olunanlarla yanaşı, bəzi ixtisaslarda limitlərin tənzimlənməməsi müşahidə olunur:

“Məsələn, 150 ballıq ixtisaslarda keçid plan yerlərinin çox olması, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması üzrə çox sayda plan yerinin ayrılması, həmin ixtisasların gələcəkdə əmək bazarında real ehtiyacının olub-olmadığı barədə suallar yaradır. Eyni zamanda, sosial iş və turizm ixtisaslarına ayrılan plan yerləri də yüksəkdir ki, bu da bu kadrların əmək bazarında işlə təmin olunmasında çətinlik yarada bilər.

Bəzi ixtisaslarda, məsələn, cihaz mühəndisliyi, sənaye mühəndisliyi və kimya mühəndisliyi sahələrində limitlərin tətbiqi xüsusilə vacibdir. Məsələn, meliorasiya mühəndisliyi üzrə yalnız Memarlıq və İnşaat Universitetində bu il 100 plan yeri ayrılıb, lakin belə bir ehtiyacın olub-olmadığı barədə suallar mövcuddur. Buna görə də, bəzi ixtisaslarda limitlərin daha ciddi şəkildə tətbiq edilməsi vacibdir”.

E.Nuri onu da qeyd edib ki, bu mövzuda aparılan təhlillər və tənzimləmələr, təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması və gələcəkdə kadr ehtiyaclarının daha dəqiq proqnozlaşdırılması üçün əhəmiyyətlidir. Bu yanaşma, həmçinin təhsil alıcılarına daha uyğun və gələcəkdə işlə təmin olunma ehtimalını artıran ixtisas seçimi imkanı təqdim edir.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
fins.az

1Mənbələr