AZ

Ermənistanda məktəblilərə velosiped bağışlanacaq

Yayımlandı: 12 Sentyabr 2024 21:39 Bu ay ölkədə velosiped yarışı keçiriləcək Ermənistanda bu ay keçiriləcək velosiped yarışı ərəfəsində orta məktəblərə və kolleclərə velosipedlər bağışlanacağı açıqlanıb. “OC Media”nın məlumatına görə, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Baş Nazir Kuboku çərçivəsində həvəskarlar arasında velosiped yarışının təşkili və hazırlanması üçün Ermənistanın bütün məktəblərinə 766 velosiped ayırdığını açıqlayıb. Onlar Ermənistanın qalan əyalətlərinə daha çox velosipedlərin gətiriləcəyini bildiriblər. Hökumət həmçinin qaliblər və bədən tərbiyəsi müəllimləri üçün mükafatlar yaratmaqla yanaşı, turnirdə iştirak edən məktəblilər üçün pul mükafatı kimi ümumilikdə 8 milyon dram (21 min dollar) ayırıb. Turnirin 20-29 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Şagirdlərin bir qız və bir oğlan cütlüyündə Qeqarkunikə gedən yolda 20 kilometr məsafəni velosipedlə qət etməsi gözlənilir.Nazirlikdən bildirilib ki, turnirin keçirilməsində məqsəd “respublikada velosiped idmanını və sağlam həyat tərzini təbliğ etmək, məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etməkdir”. Ermənistan 2021-ci ildən etibarən müxtəlif idman növlərinin yer aldığı Baş Nazir Kubokuna ev sahibliyi edir. Bu il yarış çərçivəsində velosiped və stolüstü tennis yalnız məktəblilərə təqdim edilib. İdman və Təhsil Nazirliyi ilk olaraq mart ayında yarışlar üçün ölkə üzrə məktəblərə 6500 velosiped hədiyyə edəcəyini açıqlayıb və əlavə edib ki, məktəblər məktəbliləri daha çox velosiped sürməyə təşviq etmək üçün velosipedləri saxlaya biləcəklər. Çox güman ki, turnir Baş nazir Nikol Paşinyanın velosiped sürməyə olan sevgisindən ilhamlanıb. 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Paşinyan öz kabinetinə velosipedlə getməyə başladı, bu, bir çoxu üçün sürpriz oldu, çünki əvvəlki liderlər ictimaiyyətdən məsafə saxlayıb, jurnalistlərdən yayınırdılar. Güman edilir ki, Baş nazir, may ayında hökumət əleyhinə “Vətən uğrunda” Tavuş Hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın tənqidindən sonra nəticə çıxarıb. Arxiyepiskop onun əvvəllər küçələrdə velosiped sürən bir adam olduğunu, indi küçədə gedərkən polisin yolları bağladığını, şəhərin iflic vəziyyətə salındığını deyib. Baş nazir “TikTok” hesabında velosiped sürdüyü videoları yerləşdirir, burada ailə həyatından, iştirak etdiyi görüşlərdən və tədbirlərdən qısa kliplər də yer alır. 2 iyun Ümumdünya Velosiped Günü ərəfəsində Paşinyan velosipedləri tərifləyən video yayımlayıb və bildirib ki, məqsədi sağlam həyat tərzinə və velosiped mədəniyyətinə ictimaiyyətin diqqətini çəkməkdir. Üç gün sonra Paşinyan açıq şəkildə hamını onunla birlikdə velosiped sürməyə dəvət edib. O, izləyicilərə e-poçt ünvanına sorğu göndərməyi tapşırıb. Onların qarşısında dörd şərt qoyub. Səfəri siyasiləşdirməmək və saat 07:00-da başlanğıc nöqtəsinə qayıtmaq kimi şərtlərlə ona qoşula biləcəklərini söyləyib. O vaxtdan bəri onun velosiped videoları daha ardıcıl olub, bəzilərində hətta həyat yoldaşı Anna Akopyan da var. Paşinyan Avropa paytaxtlarına işgüzar səfərləri zamanı lentə alınan velosiped videolarını da yayımlayıb. Paşinyan Danimarkanın paytaxtı Kopenhagendə gördüyü çoxlu sayda velosipedçinin “çox ruhlandırıcı və gözəl göründüyünü” deyib. Baş nazir velosiped sürərkən çəkdiyi videoların əksəriyyətini “Yaşasın velosiped!” ifadəsi ilə bitirib. Baş nazirin velosiped sürmə təşəbbüsləri Ermənistanda müəyyən tənqidlərlə qarşılanıb, bəziləri isə Yerevanda velosiped yollarının olmadığını qeyd ediblər. Avqustun sonunda Paşinyan hökuməti “Tour de Sevan 2024” tədbirini keçirib və bu yarışda velosipedçilər iki gün Sevan gölünün ətrafında gəziblər. Daha sonra hökumət tender keçirmədən dövlət büdcəsindən 15 milyon dram (39 min dollar) ayırdığına görə tənqid olunub. “CivilNet” xəbər verir ki, tədbirin büdcəsinə çadır və velosiped kirayəsi, həmçinin yemək daxildir. Onlar əlavə ediblər ki, veloyürüşdə hakim “Mülki Müqavilə” Partiyasının üzvləri iştirak ediblər. “CivilNet” proqramının aparıcısı “Biz əslində onlara partiya üzvləri ilə yarışlar və əyləncələr keçirmək üçün pul ödəyirik”,- deyib. Ermənistan rəhbərləri uzun müddətdir ki, ölkədə və məktəblilər arasında idmanı kütləviləşdirməyə çalışırlar. 2011-ci ildə prezident Serj Sarkisyanın administrasiyası 2-4-cü siniflər üçün şahmatı icbari edib və Ermənistan dünyada məcburi şahmat dərslərini tətbiq edən ilk ölkə olub. Sarkisyan administrasiyası öz illik müsabiqəsini, – “Ən yaxşı idman ailəsi” müsabiqəsini də təqdim edib. Ermənistanın ikinci prezidenti Robert Köçəryan da aktiv həyat tərzi ilə tanınır. Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
xural.com

1Mənbələr