AZ

ABŞ hökuməti İrəvana yardımı 250 milyona qaldırdı– iki qatına....

Image

Qabil Hüseynli: “İki ölkə arasında sülh danışıqlarının getdiyi bir dövrdə birtərəfli yardım təhlükəlidir”

ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentaybrın 11-də imzalayıb.

Yardımın artırılmasında məqsəd Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Yardım ayrılan sahələr arasında fəlakət risqlərinin idarəedilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf əsas yer tutur. USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcək.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan bu il aprelin 5-də USAID-in rəhbəri Samanta Paueri qəbul edib. Pauer o vaxt bildirmişdi ki, USAID Ermənistana davamlı maliyyə dəstəyi göstərməyə hazırdır.

“Bu kimi neqativ proseslər Azərbaycanın regionun ən güclü dövləti olduğu həqiqətini dəyişmir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, iki ölkə arasında sülh danışıqlarının getdiyi bir dövrdə birtərəfli yardım təhlükəlidir: “Birləşmiş Ştatlar caynağını hara atırsa, orada mütləq hansısa dəyişiklik etmək və bununla da mövcudluğunu artırmaq istəyir. Düzdür, əvvəllər ABŞ sülh yaradıcısı kimi meydana çıxmışdı, sonradan bu istiqamətini dəyişdi. Fransa isə əvvəldən ermənipərəst mövqedə olub, Ermənistana həm silah göndərib, həm maliyyə yardımı edib, həm də beynəlxalq aləmdə onların müdafiəçisi rolunda çıxış edib. Ona görə də hazırkı vəziyyət bir az qarışıqdır. Amma bununla yanaşı, sülh danışıqlarının yeni mərhələsinə də start verilib. Son olaraq Ermənistan Azərbaycana təkliflər paketi göndərib və onun üzərində müzakirələr gedəcək. Sülh müqaviləsinin bağlanmasına əvvəllər, yəni Azərbaycan müharibədən qələbə ilə çıxandan sonra ehtimal daha böyük idi. Sonradan Ermənistan öz xislətinə uyğun olaraq Qərb ölkələrini tovladı və onları öz tərəfinə çəkməyə nail oldu. Bununla da proseslər yubandı. Təəssüf ki, indi də analoji vəziyyət yaranıb. Bu kimi neqativ proseslər Azərbaycanın regionun ən güclü dövləti olduğu həqiqətini dəyişmir. Ona görə də, Ermənistan razılaşmasa belə, sülh müqaviləsi mütləq bağlanmalıdır. Əks halda, bu məsələ yenidən gərginləşə bilər. Mən isə qarşıdurma olma ehtimallarında deyiləm, gec, ya tez sülh müqaviləsinin imzalanacağı qənaətindəyəm”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
baki-xeber.com

1Mənbələr