AZ

“Türmələrdə" peşə təhsilinin keyfiyyət məsələsinə Prezident şəxsən müdaxilə etdi...

Image

Prezident İlham Əliyev “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncam cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.

Ilham Əhmədov: “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı imzalanan sərəncam təqdirəlayiqdir” 

Təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı imzalanan sərəncam təqdirəlayiqdir: "Danılmaz faktdır ki, cəza çəkən gənclərin bir qisminin heç bir peşəsi yoxdur. Onlar əmək bazarında özlərini təsdiq edə bilmir. Bu səbəbdən də işsiz qalıb, tüfeyli həyat tərzi keçirdib, yenidən həbs olunurlar. Bu həyatı yaşayanlar az deyil. Beləliklə də həmin şəxsin həyatı məhv olur".

Ekspertin sözlərinə görə, cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişaf etdirilməsi təcrübəsi bir çox dünya ölkələrində geniş şəkildə istifadə olunur. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə müxtəlif peşələr öyrədilir: “Hətta bəzi ölkələrdə cəza çəkən məhkumlar ali təhsil belə alır. Onlar onlayn şəkildə ali təhsil alırlar. Məlumdur ki, 20 ildən çoxdur dünyada distant təhsil tətbiq olunur. Distant təhsilin geniş yayılmasının bir səbəbi də cəzaçəkmə müəssisələrində olan insanlara qısamüddətli kurslar, peşə təhsili, hətta ali təhsil imkanının verilməsidir. Bu səbəbdən də hesab edirəm ki, distant təhsil inkişaf etdirilməlidir. Distant təhsil inkişaf edərsə  daha çox gənc elmə, təhsilə yönlənər".

Həmsöhbətimiz onu da əlavə etdi ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Təhsilin İnkişaf Fondu ilə birlikdə xüsusi kurslar edib. Yaxın müddət ərzində 10 min insan həmin kursları oxuyub bitirəcək. Bu layihə sayəsində çoxlu sayda gənc peşə sahibi olacaq. 

İ.Əhmədov hesab edir ki, peşə təhsilinin inkişafı ilə bağlı görülən işlər həm regionda yaşayan gənclər, həm həbsxanada olanlar, həm də təhsil müəssisələrinə gedə bilməyənlər üçün əhəmiyyətlidir.

Səadət Bənənyarlı: “Məhbuslara peşə öyrədilməsi cəza çəkən insanların islah olunmasında önəmlidir” 

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı ilə bağlı müəyyən işlər görülür: “Məhkumlara müxtəlif peşələr öyrədiləcək. Bununla da onlar islah olunduqdan sonra əmək bazarına daxil ola biləcəklər. Məhbuslara peşə öyrədilməsi cəza çəkən insanların islah olunmasında önəmlidir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
baki-xeber.com

1Mənbələr