AZ

“XARİCİ ÖLKƏLƏRDƏ “AZƏRBAYCAN ELM EV”ləri YARADILMALIDIR” – Professordan önəmli təkliflər

Məlum olduğu kimi, sentyabrın 9-11-də Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib. Mərasim zamanı müxtəlif ixtisaslar üzrə müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran məsələlər, gələcəkdə birgə həyata keçirilməsi mümkün layihələr barədə fikir mübadiləsi olub. 

Qeyd olunub ki, forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.

Bəs maraqlıdır, Xaricdə Yaşayan Alimlərin Forumundan ölkədə elmin inkişafı ilə bağlı hansısa real nəticələr gözləmək olarmı?

Bununla bağlı 4 ölkənin - Azərbaycan, Rusiya, Türkiyə və Belarus universitetlərinin professoru, iqtisad elmləri doktoru Zahid Məmmədov “AzPolitika”-ya şərhində bildirib ki, bu gün əsas məqsəd xaricdə yaşayan alimlərin təbliği deyil, Azərbaycan elminin inkişafının təşviq edilməsi olmalıdır: “Bizim məqsədimiz elmin inkişafına xidmət etmək olmalıdır. Biz diasporanı da bu işə cəlb etməklə Azərbaycan elminin, dövlətinin, iqtisadiyyatının, cəmiyyətinin inkişafına çalışmalı, bu istiqamətdə fəaliyyət göstərməliyik. Söhbət Azərbaycan elminin inkişafından gedirsə, burada bizim qarşımızda bir neçə sual durur: Biz Azərbaycan elmi jurnallarının inkişafı üçün nə edə bilərik? Azərbaycanda elmin populyarlaşması üçün hansı addımları ata bilərik? Azərbaycan iqtisadiyyatının elmi əsaslar üzərində inkişafı üçün nə edə bilərik? Bunları etmək üçün həm ölkə daxilindəki savadlı alimlərimizin, həm də xaricdə yaşayan və vətəninə bağlı olan alimlərimizin biliklərindən, fikirlərindən istifadə etmək, onlardan doğru şəkildə yararlanmaq lazımdır”.

Professor qeyd edib ki, diasporada say amili önəmli deyil, əsas məsələ diasporun keyfiyyətli olmasıdır: “Bu gün diasporadan ən uğurlu istifadə edən Çin və Hindistandadır. Çinlilər fikirləşiblər ki, bu qədər çinli dünyanın ən güclü elmi mərkəzlərinə rəhbərlik edir. Biz necə edək ki, bunları Çinə cəlb edək? Buna nail olublar və uğur qazanıblar. Biz də Çin təcrübəsini nəzərə alaraq elmi tədqiqat instutlarına alimlər dəvət etmək, onların rəhbərliyi ilə laboratoriyalar qurmaq, gənc mütəxəssislərin yetişməsində çalışmaq lazımdır.

Burada da bir sıra suallar yaranır: Həmin alimlər dərsliklərin hazırlanmasında iştirak edəcəklərmi, tədqiqat layihələrinə qatılacaqlarmı? Beynəlxalq qrant proqramlarına gənc alimlərimizin qatılmasına dəstək olmaq, yazılan dərsliklərə rəy yazmaq, laboratoriyaların işində iştirak, ən əsas konfranslarda birgə məruzələrlə çıxış etmək, müştərək məqalələrin hazırlanması, Azərbaycan jurnallarının beynəlmilləşməsini təmin etmək və s. kimi məsələlər xaricdə fəaliyyət göstərən alimlərimizin də diqqət mərkəzndə olmalıdır.

Digər bir əsas sual isə xaricdə yaşayan alimlərin ölkəyə cəlb olunmasının hansı məqsədə xidmət etməsidir. Kimləri dəvət edəcəyimiz və dəvət etdiyimiz alimlərin Azərbaycan dövlətinin, elminin inkişafında hansı rolu oynayacağı əvvəlcədən müəyyən edilməlidir. Onlara nə qədər vəsait xərclənəcəyi və bunun hansı nəticəsinin olacağı müəyyənləşdirilməli və hamısı konkret sənədərdə təsbit olunmalıdır.Görülən işlərin, aparılan müzakirələrin nəticələri haqda davamlı olaraq məlumat verilməlidir”.

“Dünya Bankı tərəfindən hesablanan Bilik İqtisadiyyatı indeksi adlanan bir indeks var. Burada dörd amil nəzərə alınır: təhsil sistemi, innovativ mühit, informasiya texnologiyasının inkişafı və dövlət tənzimlənməsinin keyfiyyəti. Araşdırmalıyıq ki, diaspor bizdə bilik iqtisadiyyatı indeksində ön sıralara düşməyimiz üçün hansı addımlar ata bilər? Bizim hədəfimiz olmalıdır: nə üçün yığışırıq, nəyi müzakirə edirik və nə etməliyik? Azərbaycan iqtisadiyyatı üçün nələr etmək olar? Bu kimi suallara cavab axtarmalıyıq”,- deyə professor bildirir.

Z.Məmmədovun sözlərinə görə, xaricdə yaşayan alimlər istedadlı gənclərimizə, həmin ölkələrdə təhsil alan tələbələrimizə dəstək olmalı, onların inkişafına köməklik göstərməlidirlər: “Məsələn, hörmətli Əziz Sancar ABŞ-də “Türk Evi” açdı. ABŞ-yə gedən Türkiyədən olan gənc alimlər, tədqiqatçılar orada qalaq, qidalanacaq, hər şeylə təmin olunacaq. Bizim də doktorantlarımız, gözəl tədqiqatçı gənclərimiz var. Mən hesab edirəm ki, xarici ölkələrdə onların inkişafı üçün “Azərbaycan Elm Evləri” açmalıyıq. Bu, ən azından maddi anlamda onların problemlərini aradan qaldırmış olar. Diasporamızın da bu işə cəlb edilməsi dövlətimizə, gələcəyimizə daha böyük töhfələr verər”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
azpolitika.info

1Mənbələr