AZ

Türkiyə futbolunda qol vuran ən yaşlı futbolçu kimdi?

Türkiyə futbolunun ən köklü klublarından olan ''Altay'' heç də yaxşı günlərini yaşamır.

Sonuncu dəfə 2021/22-də elitada oynayan İzmir təmsilçisi hazırda 2-ci liqada, yəni 3-cü divizionda çıxış edir. Bu komanda son turda səfərdə ''Sincan Bələdiyyə Ankaraspor''u minimal hesabla yenərək mövsümdə ilk qələbəsini qazandı. Bu oyunda ən diqqətçəkən məqam isə qələbə qolunun müəllifi olan Murat Uluçun yaşı ilə bağlıdı. 1981-ci il təvəllüdlü hücumçu 43 yaşda fərqlənməklə Türkiyənin peşəkar liqalarında qol vuran ən yaşlı futbolçu oldu. Əslində əvvəlki rekord da elə ona məxsus idi.

Ötən mövsüm o, 1-ci liqada ''Girəsunspor''la oyunda 42 yaşda fərqlənmişdi. Yəni Uluç özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı. O həm də Türkiyə kuboku tarixində qol vuran ən yaşlı futbolçu statusuna malikdi. ''Altay''ın öz yetirməsi olan Murat Uluçun karyerası ilə bağlı maraqlı məqamlar var.

Karyerasına hələ 2000-ci ildə start verən və əsasən aşağı liqalarda bir çox klubun şərəfini qoruyan veteran futbolçu 2014/15-də ''Hatayspor''da 20 qol vurmaqla 2-ci liqanın bombardiri olmuşdu. 2016-da ''Altay''a gələrək karyerasının son illərini bu klubda keçirməyə qərar vermiş və 2019-da vida oyunu ilə butslarını birdəfəlik mismardan asdığını açıqlamışdı. Amma 2022-də İzmir klubu ciddi maddi böhran yaşayaraq transfer qadağası ilə üzləşdi.

Məhz həmin vaxt Uluç 41 yaşında karyerasını bərpa edərək doğma klubuna yardım etməyə başladı. İndiyə qədər ''Altay''da 108 rəsmi oyuna 53 qol vuran Uluç, karyerası ərzində isə 151 dəfə qol sevinci yaşayıb. Maraqlıdı ki, Türkiyə çempionatında qol vuran ən yaşlı futbolçu ilə bağlı rekordda da ''Altay''ın adı var. Rekord İbrahim Öztürkə məxsusdu. Bu müdafiəçi 2022-ci ilin mayın 21-də ''Altay''ın heyətində ''Kasımpaşa'' ilə oyunda 40 yaş 11 aylığında fərqlənmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
football-plus.az

1Mənbələr