AZ

Gürcü professor: Qərbin Ermənistanı silahlandırmaq istəyi regionda sabitliyi pozmağa xidmət edir

Gürcü

Tbilisi, 12 sentyabr, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımını iki dəfədən çox artırması hələ o demək deyil ki, Ermənistan bu yolla nə isə edə biləcək. Hələ dəqiq məlum deyil, bu yardımın arxasında hansı məkrli siyasət dayanır. Ona görə də, bu yardımın Ermənistana faydası və bu yolla onun güclü dövlətə çevriləcəyi barədə düşünmək yersizdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tarixçi-alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia söyləyib.

O deyib ki, ABŞ bu addımı ilə Ermənistana Rusiya Federasiyası ilə ittifaqda olmaqdan imtinaya görə “təşəkkür edib”. Yardım, əlbəttə, böyük deyil, lakin Vaşinqton hesab edir ki, bu, birinci mərhələdə kifayətdir. Ona görə ki, rəsmi İrəvanın hara yuvarlanacağı hələ bilinmir. Ermənistan Rusiyanın hərbi-siyasi bloklarında yer alır, ona görə də İrəvanın Qərbdə özünə müttəfiq tapdığını söyləmək hələ ki, tezdir.

Professorun sözlərinə görə, Qərb şübhəsiz ki, Ermənistanın geosiyasi məkanı, onun geosiyasi məqsədləri ilə maraqlanır. Lakin təəssüf ki, Ermənistan hökuməti və erməni xalqı arasında bütün bunlar Ermənistana və onun siyasi ambisiyalarına dəstək kimi qəbul edilir.

“Qırx dörd günlük müharibənin hərbi-siyasi iflasından hələ də özünə gəlmədiyi üçün Ermənistan cəmiyyətində “revanşizm” təbliğatı aparılır. Azərbaycan ötən əsrin 90-cı illərində İrəvanın Azərbaycan xalqına qarşı apardığı qeyri-insani siyasətin qisasını aldı. Azərbaycan öz torpaqlarını qaytardı. Belə olan halda, hansı revanşizmdən danışırıq və Ermənistanın nəyi yenidən nəzərdən keçirməsinin lazım olduğu aydın deyil”, - deyə Q.Marxulia bildirib.

O deyib: “Hələ Birinci Dünya müharibəsi illərində erməni “ağıllılar” sərsəmcəsinə müharibənin qondarma bir şey üzərində getdiyinə inanırdılar. Avropa ölkələri və Rusiya “erməni məsələsi”ndə erməniləri geosiyasi məqsədləri üçün qurban verdilər. Bu gün Qərb ölkələri, ilk növbədə, ABŞ və Fransa İran məsələsində bir-biri ilə rəqabət aparır, buna əsaslanaraq, onlara erməni geosiyasi məkanı lazımdır. Ona görə də hər bir tərəf özünəməxsus şəkildə Ermənistanı öz geosiyasi oyunlarına cəlb etməyə çalışır. Ermənistanın “öz ağlı” ilə onlara uyğunlaşmağa çalışması özündə hələ heç nəyi ehtiva etmir. Digər tərəfdən isə Rusiyanı bölgədən tamamilə silmək olmaz. Çünki Ermənistanda Rusiyanın hərbi bazası yerləşir, ona görə də erməni şüarları, ilk növbədə, erməni xalqı və dövləti üçün çox təhlükəlidir”.

Bu cür yardımların ABŞ-ın regionda təsirini artırmayacağını hesab edən Q.Marxulia bildirib: “Artıq hamı ABŞ-ın və Qərbin ikili standartlarını görür və başa düşür. Biz bunu Gürcüstana və Azərbaycana münasibətdə də aydın görürük. Azərbaycanın ərazi bütövlüyü məsələsi ortada olarkən nə Qərb, nə də onu müdafiə edən ABŞ heç nə etmədi. Eləcə də Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələdə biz heç nə görmədik. İndi, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra ABŞ-ın və Qərbin fəallaşması və Ermənistanı silahlandırmaq istəyi regionda gərginliyi artırmaq və sabitliyi pozmaq cəhdindən başqa bir şey deyil”.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
azertag.az

1Mənbələr