AZ

Korrupsiyaya bulaşmış Svabenin ermənipərəstliyi: Azərbaycanın güclənməsi Qərbi qıcıqlandırır

Nə vaxt Azərbaycanda beynəlxalq əhəmiyyətli qlobal iqtisadi-mədəni tədbirlər keçirilməsinə qərar verilsə, həmin ərəfədə Qərb ölkəmizə qarşı beynəlxalq informasiya məkanında dərhal hücuma keçir.

"Eurovosion" müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, "Formula-1" yarışları zamanı da eyni proseslər müşahidə edilib. “İnsan haqları”, “demokratiya”, “siyasi məhbuslar” ifadələri qərəzli Qərb dairələrinin leksikonunda siyasi dəyənək rolunu oynayıb. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldiblər. Ələlxüsus, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində möhtəşəm qələbəsi, antiterror əməliyyatları ilə 200 illik separatizmə, terrorizmə son qoyması, ərazi bütövlüyünü, suverenliyini bərqərar edərək nəinki Cənubi Qafqazın, qlobal miqyasda söz sahibi ölkəyə çevrilməsi bir çox Qərb ölkəsini, İrəvanın himayədarlarını əməlli-başlı narahat edib. Dövlət başçımızın uzaqgörən siyasəti və taktiki gedişləri sayəsində Azərbaycanın sürətli güclənməsini həzm edə bilməyən dairələr müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər.

Bu işdə onların ən böyük dəstəkçisi USAİD kimi qərəzli qurumlar, Frank Şvabe kimi rüşvətxor deputatlardır. Məlumdur ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. USAİD-in Ermənistana yardımı iki dəfə artırması 5 aprel görüşü siyasətinin davamı kimi dəyərləndirilir. Yaxın keçmişə nəzər saldıqda, məlum olur ki, USAID-in ciddi problemlər yaşadığı, daha doğrusu yaratdığı ilk ölkə Azərbaycan deyil. Fəaliyyət göstərdiyi müddətdə bu təşkilatın adı dəfələrlə ölkələrin daxili işlərinə qarışmaqda, radikal müxalifəti maliyyələşdirməkdə, gizli kəşfiyyat fəaliyyəti aparmaqda hallanıb.

USAID-in kəşfiyyat işinə cəlb olunması və yardım edilən ölkələrin daxili işlərinə qarışması uzun illərdən bəridir ki, danılmaz fakt kimi qəbul olunur. Xatırladaq ki, bir müddət öncə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalılar maliyyələşdirməkdə ittiham etmişdi. Qeyd olunmuşdu ki, USAİD-in Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı - Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç Gürcüstana gəliblər. Bildirilib ki, həmin şəxslərin Gürcüstana gəlişinin əsas məqsədi bu ilin oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub. Məlumata görə, Serbiya vətəndaşları USAİD tərəfindən maliyyələşdirilən dörd günlük təlimdə iştirak ediblər. Sözügedən şəxslər 2003-cü ildə də Gürcüstanda baş vermiş inqilabi proseslərlə əlaqəli olub, həmçinin, müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə gedən oxşar proseslərdə iştirak ediblər. Gürcüstanın hakim “Gürcü arzusu” partiyası da açıqlama yayaraq, Amerika xalqının pulunun Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunduğunu bildirib.

Gürcüstan nümunəsi USAİD-in adının hallandığı yeganə qalmaqal deyil. Bu qurumun adı işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və s.-də daim hallanıb. Başqa sözlə, USAİD bir növ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərərək, yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. USAİD ABŞ-ın ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə, istəmədiyi hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rola malikdir. Bir faktı vurğulamaq yerinə düşər ki, USAİD 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb. Lakin bu vəsaitin məhz ABŞ-ın siyasi və regional maraqlarına sərf olunduğu şübhəsizdir.

Ümumiyyətlə, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək adı ilə siyasi proseslərə müdaxilə etmək, qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdür. Gürcüstanda baş verən son proseslər bizə yaxşı tanışdır.

Eyni problemləri Azərbaycan çoxdan və dəfələrlə yaşayıb. Özü də Azərbaycana qarşı təkcə USAİD deyil, ABŞ-yə bağlı digər qurumlar uzun illər boyu çirkin ssenarilər həyata keçirmək istəyib. USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Lakin Azərbaycan güclü dövlət olaraq, bu ssenarilərin reallaşmasına imkan verməyib. Onu da vurğulamaq lazımdır ki, hər fürsətdə Ermənistana maliyyə yardımı edən USAİD kimi qurumlar Azərbaycan torpaqlarının 30 il ərzində işğalda olduğu dönəmdə, Qarabağ viran və talan olunarkən, bir milyon vətəndaşımız qaçqın və məcbur köçkün həyatı yaşayarkən, ölkəmizə yönəlik heç bir müsbət addım atmayıb, humanitar məsələlərlə bağlı heç bir vəsait ayırmayıb. Lakin Ermənistan humanitar məqsədlərlə ayrılan vəsaitin birbaşa hərbi məqsədlərə, digər sahələrə sərf olunmasına məqsədyönlü şəkildə göz yumublar.

Bu azmış kimi son aylarda Ermənistanın davamlı silahlanmasının da şahidi olmaqdayıq. ABŞ və digər Qərb ölkələri İrəvanı sülhdən uzaqlaşdıracaq, gərginliyə sövq edəcək addımlar atmaqdadır. Ölkəmizə qarşı sadəcə qurumlardan deyil, erməni lobbisinin maşasına çevrilmiş ayrı-ayrı qərəzli şəxslərin "fəaliyyətindən də" istifadə olunur. Azərbaycana qarşı hərəkətə keçirilmiş belə şəxslərdən biri də türkofobiya fikirləri ilə tanınan və erməni lobbisinin oyuncağı kimi ad çıxarmış almaniyalı deputat Frank Şvabedir. O, yenə ölkəmizə qarşı qarayaxma kampaniyasına start verib. Ümumiyyətlə, Şvabe xeyli müddətdir, Azərbaycana qarşı qərəzli təbliğatla məşğuldur. Onun son zamanlar qarayaxma kampaniyasında daha aktiv iştirak etməsi göstərir ki, Azərbaycanın 2020-ci ildə, 44 günlük müharibədə əldə etdiyi möhtəşəm zəfər və 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa edilməsi ermənipərəst qüvvələri narahat edib. Hətta Frank Şvabe 2019-cu ildə Almaniya parlamentində çıxışı zamanı Azərbaycanı müdafiə etmiş deputat həmkarı Karin Strenzi korrupsiyada ittiham etmişdi. Onun iddiasından sonra xanım deputatın toxunulmazlığı qaldırılmışdı. Şvabe özü korrupsiyaya bulaşmış şəxsdir və onun təmsil olunduğu partiyanın nümayəndələri müxtəlif ölkələrin xəfiyyələrinə işləməkdə ad çıxarıblar. Şvabe Azərbaycanla bağlı yaxşı nə varsa ona kölgə salmağa davam edir. O, 2016-cı ilin aprel döyüşləri zamanı da, keçmiş separatçı rejimlə bağlı Avropa Parlamentindəki çıxışında bu qanunsuz rejimin müstəqilliyinin tanınmasını istəyib. Bu da birbaşa BMT kimi nüfuzlu qurumların qəbul etdiyi qətnamələri yox saymaq, tapdalamaq idi. İndi Azərbaycanı Avropa Şurasının prinsiplərinə əhəmiyyət verməməkdə günahlandıran bu deputat, beynəlxalq aləmdə qətnamələrlə təsdiqini tapmış işğal faktını inkar etməklə qalmayıb, hələ "dövlət" kimi tanınmasını da istəyib. Qarşıda Azərbaycanda mühüm bir tədbir - COP 29 reallaşacaq və məlum məsələdir ki, bu cür dünya əhəmiyyətli beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi dövlətimizə qərəzli yanaşmaya sahib olan ünsürləri hər zaman qıcıqlandırır.

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bakıvaxtı.az-a bildirib ki, İrəvan üzv olduğu təşkilatlardan uzaqlaşaraq Qərb təşkilatlarına doğru gedir. Ermənistan Qərbə, guya Rusiyadan uzaqlaşdığını göstərməyə çalışır. Əslində Ermənistan ikili oyun oynayır. Ermənistan həm Qərbi, həm də Rusiyanı aldadır:

"Ermənistan arxada Rusiyanın sanksiyalarından yayınması üçün işlər aparır. Həm də düşünür ki, Rusiya yıxılsa, özləri üçün yeni sahib tapmaq məcburiyyətində qalacaqlar. Amma hələ tələsmirlər, oyunlar, şoular göstərilir. Beləliklə, hamını aldatmağa çalışırlar. Qərb ölkələri və strukturları bu kimi addımlarla Ermənistanı təxribata sürükləyirlər. İrəvanı silahlandırmaqla xaricdəki erməni diasporu və bölgəmizdə sabitliyin olmasını istəməyən digər qüvvələr Ermənistanı revanşist addımlara təhrik edirlər. İstəyirlər ki, daim Ermənistanda faciələr yaşansın, diaspor da bundan istifadə edərək, vəsait toplayıb Azərbaycan və Türkiyəyə qarşı çıxmaqda davam etsin".

Asim Mollazadə: Azərbaycanın güclənməsi korrupsionerlər üçün böyük zərbədir

Müsahibimiz vurğulayıb ki, almaniyalı deputat Frank Şvabe korrupsiyaya qurşanmış və öz məqsədli oyunlarını quran, icra edən bir şəxsdir. Onun məsələsi artıq bütün Avropada, Avropa Şurasın ciddi diskusiya mövzusudur:

“Çox təəssüf ki, AŞPA-da öz korrupsiya əməlləri ilə ad çıxarmış Frank Şvabe kimi şəxslər Avropanın qlobal təşkilatlarının nüfuzunu da böyük zərbə vururlar. Onların bu cür yanaşması, erməni lobbisinin əlində maşa çevrilməsi və başqalarının təlimatlarına əsasən hərəkət etməsi Avropa strukturlarının sahib olduqları imici dağıdır və zəiflədir. Şvabe Avropa dəyərlərinə aidiyyatı olmayan bir şəxsdir. Hamı çox gözəl bilir ki, onun "Şalke" klubu kimə, hansı məqsədlərə xidmət edirdi. Avropa siyasətinə müdaxilələr məhz Şvabe kimi şəxslər vasitəsi ilə həyata keçirilir".

A.Mollazadə əlavə edib ki, Azərbaycanın güclənməsi, yüksəlməsi, beynəlxalq səviyyədə önəmli yerə sahib olması korrupsionerlər üçün böyük zərbədir:

"Onların mötəbər tədbirlər öncəsi aktivləşdirən, öz çirkablarını axıtmağa sövq edən amillər də məhz bunlardır".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
bakivaxti.az

1Mənbələr