AZ

Novella Cəfəroğlunun istefasına reaksiyalar: “İtirən Müsavat oldu”

Xəbər verdiyimiz kimi, Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib. 

Daha doğrusu, o, seçkilərlə bağlı mövqeyinə görə bu qərara vadar edilib.

Belə ki, Novella Cəfəroğlu 1 sentyabrda keçirilən parlament seçkilərinin şəffaf keçirildiyini bildiirb. Lakin Müsavat Partiyasının funksionerləri onun dediklərinin partiyanın mövqeyini əks etdirmədiyini bəyan ediblər.

Bunun ardınca təcili iclas keçirilib və onun istefası tələb olunub. 

Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin VI çağırış deputatı Razi Nurullayev da Novella Cəfəroğluna qarşı hücumları pisləyib: 

“Novella Cəfərova dəyərli xanımdır. Bizlər öz aramızda ona hər zaman ana kimi yanaşmışıq və o da hər kəsə övladı kimi dəyər verib. Novella xanım hər kəsin sevgisini qazanıb. Onun xidmətləri də çoxdur. Bir çoxlarının edə bilmədiyini bağlı qapıları açaraq o edib, nə qədər insanın həbsdən çıxmasına kömək edib, yüzlərlə insanın hüquqlarını müdafiə edib. Novella xanımın ürəyi ilə dilinə gətirdikləri hər zaman eynidir. 

Məhz bu xüsusiyyətinə görə də ona həm müxalifətin, həm də iqtidarın qapısı açıqdır. Bu açıq qapılardan Novella xanım öz şəxsi mənafeyi naminə istifadə etməyib. O, hər zaman xalqına, dövlətinə bağlı olub. 

Novella xanıma qarşı hücumları pisləyirəm. Müsavat Partiyasından getmək qərarına da hörmətlə yanaşıram. Novella xanım, ruhdan düşməyin, ürəyinizə xiffət salmayın. Dostlarınız sizin yanınızdadır!”

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Novella Cəfəroğlu özü-özlüyündə Müsavat deməkdir: 

“Novella xanım Rəsulzadə deməkdir, Elçibəy deməkdir. Əlbəttə ki, burada itirən Müsavat Partiyası olacaq. Əslində, Müsavat Partiyası Novella Cəfəroğlunu partiyadan uzaqlaşdırmaqla müsavatçılıq dəyərlərini itirmiş oldu. Onlar Elçibəy yolundan imtina etdilər. Hətta Müsavat Partiyası bu addımı ilə Azərbaycan Xalq Hərəkatına xəyanət etdi. 

Hesab edirəm ki, Müsavat Partiyası Novella Cəfəroğlunu partiyadan kənarlaşdırmaqla “intihar etdi”. Novella xanımın mərhum prezident Əbülfəz Elçibəyin bizlərə yadigarı olduğunu unutmamalıyıq. O, təkcə hüquq müdafiəçisi və görkəmli ictimai-siyasi xadim deyil, eyni zamanda Azərbaycanın canlı tarixidir. Çünki Novella xanım müasir Azərbaycan tarixində müstəsna və misilsiz xidmətləri olmuş dəyərdir”. 

Partiya sədri xatırladıb ki, Novella Cəfəroğlu 20 Yanvar şəhidlərini xanımlardan ibarət dəstəsi ilə mərd şəkildə rus əsgərlərindən təhvil alıb, onların dəfninə nail olmuş şəxdir: 

“O, bu addımı ilə yüzlərlə gözüyaşlı ananın qəlbinə məlhəm tapdı. Ümumiyyətlə, Novella xanım özü-özlüyündə bir partiyadır. Çox təəssüf ki, özlərinə müsavatçı deyən şəxslər Novella Cəfəroğlu kimi böyük bir müsavatçını itirmək yolunu seçdilər. Hesab edirəm ki, Müsavat Partiyası Novella Cəfəroğlunu itirməklə müsavatçılıq dəyərlərindən imtina etdi. 

Arif Hacılı və İsa Qəmbərin tutduğu mövqe çox məyusedicidir. Partiyada qaragüruh dəstə var. Onlar partiyaçılığın, milli dəyərlərin, Rəsulzadə dəyərlərinin nə olduğunu dərk etmirlər. Düşünürəm ki, İsa Qəmbər bu destruktiv fəaliyyətin qarşısını ala bilərdi. O, partiyanın keçmiş başqan Arif Hacılının əlində “alət” olaraq saxlanmasına göz yumur. Bütün bunlara tarix qiymət verəcək. Novella Cəfəroğlu hər bir partiyanın üzv, hətta rəhbərliyində görmək istədiyi böyük bir ictimai xadimdir”. 

“Cebheinfo.az” saytı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov qeyd edib ki, Novella Cəfəroğlu barədə Müsavat Partiyası tərəfindən aparılan kampaniyaya qarşı ən düzgün addım istefa vermək idi:

“Novella xanım Müsavatdan istefa verməklə nəsə itirdimi? Qətiyyən! İtirən Müsavat və müsavatçılar oldu. Onların bütün mənalarda hər zaman dayağı idi. Novella xanım cəmiyyətin qəbul etdiyi, sevgisini qazanan bir xanımdır, hüquq müdafiəçisidir. Hər zaman haqq bildiyini deyib. Onu yaxından tanıyanlar Novella xanıma ana kimi baxıb və baxırlar. O da hər kəsə qucaq açıb, heç kəsə fərq qoymayıb. Bilənlər bilir, onun Müsavat üçün də, müxalifətin digər hissəsi üçün etdiklərinin sayı-hesabı yoxdur.

Onun başqaları kimi heç bir vaxt şəxsi mənafeyi olmayıb. Bütün fəaliyyəti xalqa, dövlətə xidmətə həsr olunub. Ürəkdən çalışıb, düşündüyü, haqq bildiyi nədirsə, həyatını da, fəaliyyətini də ona uyğun qurub. Zaman-zaman ona belə hücumlar təşkil edənlər də olub. Amma dostları, istəyənləri hər zaman Novella xanımın yanında olub. Bundan sonra da belə olacaq!” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr