AZ

Bunlar köhnə nəğmələrdi... - KÖŞƏ

“Bunlar köhnə nəğmələrdi,
Vaxt dəyişib, baxt dəyişib.
Xoş gəlmisən nəğməmə! (Anar Nağılbaz)

1999-cu il martın 31-də Azərbaycan millisi Respublika stadionunda Rumıniyaya 0:1 hesabıyla məğlub olmuşdu. İndiki kimi xatırlayıram. Stadionun köhnə oturacaqları yeniləri ilə tam əvəzlənmədiyindən oyuna məhdud sayda bilet satılmışdı. Həmin vaxt dövlət təşkilatları ilə AFFA arasında “soyuq müharibə” yaşanırdı, bunun da əziyyətini futbolumuz çəkirdi. Stadionun təmirinin süni surətdə uzadılması da bunun nəticəsi idi. AFFA-nın isə başqa seçimi qalmırdı, oyunlar cəmi 7-8 min oturacaq quraşdırılmış Respublika stadionunda keçirilirdi. Böyük azarkeş marağına baxmayaraq, UEFA yalnız oturacaqların sayı qədər bilet satılmasına icazə verirdi. Ona görə də darvazalar önünə toplaşan kütlə içəri buraxılmırdı. Oyunun start fitinə dəqiqələr qalmış kütlə qapılara doğru hərəkət etməyə başladı, böyük dəmir darvazanı yerində çıxarmaq, stadiona daxil olmaq mümkün oldu. Yalnız ertəsi auditoriyada məndən arxada oturan tələbə yoldaşımın xəbərdarlığından sonra bildim ki, qardaşımın Türkiyədən alıb göndərdiyi dəri gödəkçəm cırılıb. Məlum məsələ idi ki, gödəkcəm axşamkı basırıqda cırılmışdı. Bir qarnı ac, bir qarnı tox yaşayan tələbə üçün dəri gödəkçənin cırılması ciddi hadisə, böyük zərər idi. Amma məni daha çox təəssüfləndirən millimizin növbəti məğlubiyyəti olmuşdu.

Onu da dəqiq xatırlayıram ki, oyunsonrası mətbuat konfransında Əhməd Ələsgərov belə demişdi: “İlk hissənin əvvəllərində yaşanan epizod zamanı Vyaçeslav Lıçkin topa ayağıyla yox, başı ilə zərbə vursaydı, biz hesabı açacaqdıq. Onda nəticə başqa cür olacaqdı”. Düz 25 iləvvəl yaşanan hadisələri xatırlamağım heç də səbəbsiz deyil. Millimiz sentyabrın 5-də axşam saatlarında yenə də Respublika stadionunda İsveçlə qarşılaşdı. Bu dəfə qapıları sındırmağa ehtiyac yox idi. AFFA ilə dövlət orqanları arasında münaqişə çoxdan arxada qalıb. Respublika stadionu son illərdə iki dəfə yaxşı təmir olunub, azarkeşlər üçün müəyyən rahatlıqlar yaradılıb. Di gəl ki, millinin oyununa azarkeş marağı xeyli azalıb. Artıq millinin oyunlarında 25 il əvvəlki izdiham yaşanmır. Santuşun gəlişindən sonra yeni dövrün başlanacağına olan inamla övladlarım Eminlə Rəsulun əlindən tutub stadiona yollandım. 25 il bundan əvvəl olduğu kimi 17-ci sektorda əyləşdim. Bir anlıq özümü 1999-cu ilə qayıtmış kimi hiss etdim.
Azarkeş izdihamı 25 il əvvəlki kimi olmasa da, millimizin oyunu və məğlubiyyətə məhkum olmağımız elə 90-cı illərlə eyni idi. Yenə bizimkilər xaotik oyun göstərir, ayaqlarına gələn topu tez-tələsik ora-bura vurmağa çalışırdılar. Nə düşünülmüş hücum var idi, nə də intizamlı müdafiə. Yeganə duamız, istəyimiz qapımızın toxunulmaz qalması idi ki, bu arzumuzun da gec-tez gözümüzdə qalacağını hiss etmək çətin deyildi. Elə 25 il əvvəl olduğu kimi, bizimkilərin olan-qalan gücü də birinci hissədə tükəndi. Rəqibimiz İsveç də bunu əvvəlcədən bildiyindən gücünü ikinci hissəyə kimi qorudu. Renatın 62-ci dəqiqədə qaçırdığı yüzfaizlik qol şansından sonra “vurmayana vurarlar” prinsipi işə düşdü, qapımıza bir-birinin ardınca üç top vuruldu. Renat sonradan bu qollardan birinin əvəzini çıxmağı bacarsa da, artıq qatar getmişdi. Məğlubiyyətdən qaçmaq mümkün deyildi. Buna nə gücümüz var idi, nə də qol vurmağı bacaracaq, oyunu üzərinə götürəcək hücumçumuz.

Fernando Santuşun oyunsonrası mətbuat konfransında məlum səbəbdən iştirak edə bilməsəm də, onun açıqlamalarını oxudum. Yenə də hər şey 25 il əvvəl olduğu kimidi. Əhməd Ələsgərov Lıçkinin ayağı əvəzinə topa başıyla vurmalı olduğundan danışırdısa, Santuş Ramil Şeydayevin penaltini vura bilməməsindən, ilk hissədə qaçırdığımız qol imkanlarından bəhs edib. Vacib olan nəticədi ki, nə o vaxt var idi, nə də indi var. Santuş Əhməd Ələsgərovdan fərqli milyonlarla ifadə olunan məvacib alsa da, futbolumuz həminkidi. Ona görə də portuqaliyalıya demək lazımdı ki, köhnə nəğmələri təkrarlamasın, bizə yeni nəsə danışsın. Belə daha maraqlı olacaq.

AMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
4
football-plus.az

5Mənbələr