AZ

“Qalatasaray” transfer bombasını Osimhen ilə partlatdı! - TƏHLİL

Türkiyədə son iki ilin çempionu ''Qalatasaray'' üçün yeni mövsüm çox qeyri-sabit başladı.

Superkubokda ''Beşiktaş''dan 5 cavabsız qol buraxaraq fanatlarına şok yaşadan komanda daha sonra özündən həm heyət, həm səviyyə baxımından geridə olan ''Yanq Boyz''a hər iki oyunda uduzaraq Çempionlar Liqasının qrup mərhələsindən kənar qaldı. İstanbul nəhəngi digər rəqiblərlə müqayisədə transfer dönəmini də uğurlu keçirmirdi. Amma bazar günü axşam saatlarında bir andaca belə desək, rüzgar tərsinə döndü. ''Cim-Bom'' müasir futbolun ən önəmli mərkəz hücumçularından biri olan, yayboyu adı PSJ, ''Çelsi'' kimi Avropa nəhəngləri ilə yanaşı hallanan və dəyəri 100 milyon avro olan Viktor Osimheni Türkiyəyə gətirdi! 

PSJ, “Çelsi”, “Əl-Əhli”…
''Qalatasaray''ın yeni ulduzunun keçdiyi çətin həyat yoluna nəzər salmadan öncə onun bu yay başına gələnlərə diqqət yetirək. Bu ''sabun operası''nın əvvəli ötən ilin dekabrına gedib çıxır. Məhz həmin vaxt ''Napoli''nin özünü hamıdan ağıllı sayan prezidenti Aurelio De Laurentis nigeriyalı forvardla yeni müqavilə imzalayaraq onun illik maaşını 11 milyon avroya, müqaviləsindəki təzminat maddəsini isə 130 milyon avroya qaldırdı. De Laurentis əsas ulduzunu çox asanlıqla bu məbləğə satacağını düşünürdü. Zatən ''Napoli''dən ayrılmaq sevdasında olan 25 yaşlı futbolçunun Antonio Kontenin baş məşqçi postuna gəlişindən sora klubda qalmayacağı dəqiqləşdi. Çünki Konte dərhal rəhbərlikdən Romelu Lukakunun transferini tələb etdi və Osimheni komandada görmək istəmədiyini dedi. Osimhenin ən çox can atdığı klub PSJ idi. Parislilər ona istədiyi maaşı verməyə hazır olsalar da, ''Napoli''nin tələb etdiyi təzminatı ödəməyə hazır deyildilər. Onların təklifi maksimum 100 milyon avro idi. Beləcə Paris variantı arxa plana keçəndən sonra ''Çelsi'' variantı ortaya çıxdı. London nəhəngi isə əksinə, təzminatı ödəməyə razı olduğu halda, Osimhenə yüksək məvacib vermək istəmədi. Onlar illik cəmi 4 milyon avro maaş təklif etdilər və yalnız gələn mövsüm ÇL-ə vəsiqə qazanacaqları təqdirdə bu məbləği ikiqat artırmağa razı idilər.

Nəhayət, transfer dönəminin sonlarına yaxın ortaya ''Əl-Əhli'' variantı çıxdı. İlk baxışdan bu transferə artıq heç nə mane ola bilməzdi. ''Napoli''nin tələb etdiyi təzminatı ödəməyə razılıq verən ərəblər Osimhenin özünə isə illik 40 milyon avro (!) maaş olmaqla dördillik müqavilə təklif etdilər. İş imzaya qalarkən ortaya yenə De Laurentis çıxdı. Onun əlavə 5 milyon avro tələb etməsi ərəbləri əsəbdən dəliyə çevirdi və onlar hər şeyin üstündən xətt çəkərək danışıqlar masasından qalxdılar!

40 milyon avro əvəzinə 6 milyon avro?
Avropada “transfer pəncərəsi” avqustun 31-də bağlandığından De Laurentis simicliyi ucbatından Əli aşından da oldu, Vəli aşından da. O vaxtında PSJ-nin təklifini qəbul etmədiyinə görə böyük peşmanlıq duymağa başladı. “Napoli” Osimheni sata bilməmək bir yana, indi də oynamayan futbolçuya 11 milyon avro maaş ödəmək təhlükəsi ilə üz-üzə qaldı. Məhz bu məqamda bazar ertəsi, avqustun 2-də ''Qalatasaray'' öz rəsmilərini İtaliyaya göndərdi.

Türkiyədə yay transfer dönəmi sentyabrın 13-də başa çatır. Ona görə də Osimhenin Türkiyəyə gəlişində heç bir problem yaranmadı. ''Qalatasaray'' heç bir əlavə məbləğ ödəməmək şərti ilə Osimhenin birillik maaşını ödəməyə razılıq verdi. Amma bu məqamda futbolçu hər iki kluba öz şərtini irəli sürdü. Osimhen ''Qalatasaray''la müqaviləyə ''yanvarda sərfəli təklif alacağım təqdirdə müqaviləni birtərəfli şəkildə ləğv edə bilərəm'' maddəsi saldırdı. Digər tərəfdən isə o, De Laurentisi təzminatı 130 milyon avrodan 75-80 milyon avroya endirməyə razı sala bildi. ''Napoli'' də öz şərtini irəli sürərək müqavilənin müddətini 2026-dan 2027-yə uzatdı. Beləliklə, bütün tərəflər ortaq məxrəcə gəldiyindən Osimhen icarə əsasında ''Qalatasaray''la birillik müqavilə imzaladı. O, İstanbula yerli vaxtla saat 03.20-də ayaq basmasına baxmayaraq, hava limanında böyük coşqu və izdihamla qarşılandı. Yeganə qəribə məqam ''Cim-Bom''un açıqladığı məbləğdi. Klubun rəsmi açıqlamasında Osimhenə illik 6 milyon avro maaş ödəniləcəyi qeyd olunub. Bununla da bir daha təsdiqləndi ki, ''Qalatasaray'' ictimaiyyətə doğru rəqəmlər açıqlamır. Ötən yay Uilfrid Zahanın transferi zamanı da belə söz-söhbət yayılmışdı. Hər halda, Osimhen ona başqa yerdə 40 milyon avro maaş təklif olunduğu halda 6 milyon avroya oynamağa, çətin ki, razı olsun. Ona görə də çox güman, rəsmi açıqlanan məbləğ klubun büdcəsindən, gizli saxlanılan məbləğ isə yönəticilərin cibindən çıxacaq.

2 milyon yeniyetmənin arasından seçildi
Viktor Osimhen 1998-ci ildə Nigeriyanın Laqos şəhərində 6 uşaqlı ailənin ən kiçiyi olaraq dünyaya göz açıb. Anasını çox erkən yaşda itirən gələcəyin ulduzunun uşaqlıq illəri ağır şərtlər altında keçib. O, çox kasıb ailədə, daxmanı xatırladan kiçik bir evdə böyüyüb. Özünün dediyinə görə, Laqosun Olusesun bölgəsində ailə büdcəsinə yardım etmək üçün su satırmış. Ayaqyalın şəkildə ordan keçən maşınların arxasınca qaçaraq su satmağa çalışan Osimhen bir tərəfdən də ən böyük sevgisi olan futbolu unutmurdu. Onun uşaqlıq xatirələrini dinləyək:

''Olusesunun yaxınlığında nəhəng bir “zibil meydanı” adlanan ərazi var. Orda minlərlə ton zibil toplanılır. İnsanlar ora pul qarşılığında dəyərli əşyaları alaraq baha qiymətə satmaq üçün gedirlər. Mən isə ora futbol oynamaq üçün istifadə edə biləcəyim bir ayaqqabı tapmaq üçün gedirdim. Uşaqlığım məhz belə keçib''.

Özünə ideal seçdiyi Didye Droqba və Sadio Mane kimi ulduzların uğurlu karyera qurması onun da arzularla yaşamasına səbəb olur. Nəhayət, 17 yaşında onun əlinə özünü göstərə bilmək üçün əla fürsət düşür. Həmin il o, ''Ultimate Strikers Academy'' tərəfindən bəyənilir və məşqlərə başlayır. Çox keçmədən Nigeriyanın U-17 yığmasının rəsmiləri ''FİFA Goal Project'' layihəsinin dəstəyi ilə ölkənin istedadlı gənclərini seçmək üçün onları bir araya toplayır. Osimhen müsahibələrinin birində etiraf etmişdi ki, həmin gün seçimlərə 2 milyondan (!) çox yeniyetmə gəlmişdi. Amma dərhal seçilməyi bacaran Viktor U-17-nin o dönəmdəki baş məşqçisi Emmanuel Amunekenin diqqətini cəlb edir və həmin il yığma ilə birlikdə Çilidə keçirilən 17 yaşa qədər futbolçular arasında dünya çempionatına qatılır. Nigeriya çempion, Osimhen isə 10 qolla bombardir olur! Beləcə həmin il Afrikada ilin ən yaxşı gənc oyunçusu seçilən Osimhen futbol dünyasına ilk addımını atır.

Maskalı qəhrəman
Maraqlıdı ki, onun karyerası birdən-birə bundesliqada başlayır. 2017-də ''Volfsburq'' Osimhen ilə ilk peşəkar müqavilə imzalayır. Amma təbii ki, burda özünü göstərə bilmir və 2018-də icarə əsasında ''Şarlerua''ya yollanır. Belçikada 36 oyuna 20 qol vurmaqla ilk dəfə adından söz etdirir. 2019-un yayında ''Şarlerua'' onu 3,5 milyon avroya daimi əsasda transfer edəndən bir ay sonra 22,4 milyon avroya ''Lill''ə göndərir. Fransada bir il ərzində sərgilədiyi performansla komandasının ən yaxşı oyunçusu seçilir və artıq Avropa nəhənglərinin diqqət mərkəzinə düşür. 2020-nin sentyabrında Osimhenin həyatını dəyişən bir transfer reallaşır. ''Napoli'' ona görə klub tarixinin ən böyük məbləğini – 77,5 milyon avro ödəyir. İtaliyada ilk mövsümündə çiyin zədəsi, cəzalar, koronavirusa yoluxması kimi problemlər üzündən A seriyasında cəmi 10 qol vurur. 2021-in noyabrında ''İnter”ə səfərdə 2:3 hesabıyla məğlub olduqları matçda Milan Şkrinyar ilə toqquşaraq qorxunc bir baş zədəsi alır. Almacıq və orbital sümüyü qırılan Viktor ciddi bir əməliyyat keçirərək Afrika Millətlər Kubokunu buraxmalı olur. Həmin zədənin ardından o, oyunlara maska ilə çıxmağa başlayır və maskalı görüntü bir növ onun vizit vərəqinə çevrilir:

''Üzümdə o qədər çox qırıq və sınıq var idi ki, çənəmin altına 18 dənə kiçik metal yerləşdirildi. Yata bilmədiyim gecələr çox oldu. Ağrıdan yemək də yeyə bilmirdim. Amma savaşçı xarakterə malik olduğumu bilirdim. Beynimdə əməliyyatdan sonra futbola qayıtmağın planlarını çoxdan qurmuşdum''.

2021/22-ni rəsmi oyunlarda 18 qolla tamamlayan Osimhen məhz 2022/23-də dünya ulduzu statusuna yüksəlir. ''Napoli'' həmin mövsüm Maradonanın dönəmindən bəri ilk dəfə çempion olaraq 33 illik həsrətə son qoyur. Osimhen 32 çempionat oyununda 26 dəfə fərqlənərək bombardir olur və bu tarixi zəfərin baş memarlarından birinə çevrilir. Sona 5 tur qalmış çempionluğun rəsmiləşdiyi ''Udineze'' səfərində (1:1) də komandanı həm məğlubiyyətdən xilas edən, həm də çempionluğa səbəb olan qolu məhz Osimhen vurur. O həm də Samuel Eto'Onun rekordunu yeniləyərək A seriyasında bir mövsümdə ən çox qol vuran afrikalı futbolçuya çevrilir. Bundan başqa, əfsanəvi Corc Veanı da geridə qoyaraq İtaliya çempionatı tarixində ən çox qol vuran afrikalı oyunçuya çevrilir. Və nəhayət, həmin il ''Qızıl top'' uğrunda səsvermədə 8-ci yeri tutur və Afrikada ilin oyunçusu seçilir. 2023/24 nə ''Napoli'' üçün uğurlu alındı, nə də Osimhen üçün. Komandanı çempionluğa daşıyan Luçano Spallettinin İtaliya yığmasının başına keçməsindən sonra məşqçilər bir-birini əlcək kimi əvəz etməyə başladı. Nəticədə ''Napoli'' üç fərqli məşqçi ilə keçirdiyi mövsümdə fiaskoya uğrayaraq 10-cu yeri tutdu və avrokuboklardan kənar qaldı. Bu yay başverənləri isə artıq bilirsiz. Osimhen Neapol macərası zamanı 133 rəsmi oyuna çıxaraq 65-i A seriyasında olmaqla 76 qol, 18 məhsuldar ötürmə ilə fərqləndi.

Mourinyo onu Droqba ilə eyni səviyyəyə qoymuşdu
Maraqlıdı ki, onun ''Qalatasaray''a gəlmək ehtimalı ortaya çıxan kimi həmyerlisi, bir ara ''Fənərbaxça''da top qovmuş Emmanuel Emenike Osimheni ''Fənər''ə gəlməyə, eləcə də rəhbərliyi fəal olmağa çağırdı. Amma artıq iş işdən keçmişdi. Bu məqamda ''Fənər''in baş məşqçisi Joze Mourinyonun Osimhen haqda dediyi sözləri də xatırlamaq yerinə düşər. 2023-cü ilin yanvarın 29-da, A seriyasının 20-ci turunda Mourinyonun ''Roma''sı Neapolda 1:2 hesabı ilə məğlub oldu. Həmin oyunda hesabı məhz Osimhen açmışdı. Ünlü portuqaliyalı mütəxəssis oyundan sonra bunları demişdi:

''Bəli, Viktor artıq Droqba ilə eyni səviyyədədi. Amma Didye ondan fərqli özünü yerə atmırdı. Osimhen gələcəkdə İngiltərədə oynamaq istəyirsə, bu xüsusiyyətindən vaz keçməlidi. İtaliyada belə şeyi bağışlayırlar. İngiltərədə isə belə şeylərə qarşı sərt davranırlar. İmkanları geniş olan bir klubda çalışsaydım, ilk növbədə məhz Osimheni transfer edərdim. İlk dövrədə olduğu kimi, bu oyunda da bizim qapımıza mükəmməl qol vurdu. Həqiqətən də möhtəşəm hücumçudu. Amma dediyim kimi simulyasiyadan əl çəkməlidi''.

Osimhenin ''Qalatasaray''da ''45'' nömrəli forma ilə oynayacağını bildirək. Bu transferdən sonra Okan Burukun komandanı hansı sistemlə oynadacağı, eləcə də Mişi Batşuayinin aqibətinin necə olacağı da maraq doğurur. Çünki heyətdə həm də Mauro İkardi kimi qol silahı var. Böyük ehtimalla İkardi ilə Osimhen eyni anda meydana çıxacaq və ''Qalatasaray'' artıq 2 hücumçulu sistemlə oynayacaq. Bu arada Osimhenin transferi bir önəmli futbolçunun ayrılması ilə müşayiət olundu. Söhbət Kərəm Aktürkoğludan gedir. Göstəriciləri pis olmamasına rəğmən, fanatlarla ulduzu barışmayan, eləcə də bu mövsüm 2-ci kapitan statusu əlindən alınan istedadlı futbolçunun gec-tez ayrılacağı bəlli idi. O, sadəcə, normal bir təklif gözləyirdi. ''Spartak''ın israrına baxmayaraq, Rusiyada oynamaq istəməyən 25 yaşlı vinger ''Benfika''dan təklif alan kimi dərhal bunu dəyərləndirdi. Kərəmlə beşillik müqavilə imzalayan Lissabon nəhəngi ''Qalatasaray''a 12 milyon avro, eləcə də sonrakı satışdan 10 faiz pay ödəyəcək. ''Benfika''da Türkiyə yığmasının daha bir üzvü Orkun Kökçünün də top qovduğunu xatırladaq.

Osimhenin ilk sözləri

“Mənim üçün qərar vermək çətin olmadı. “Qalatasaray”ın böyük bir klub olduğunu bilirdim. İnanılmaz fanatlara sahibdi. Burda oynamış Onyekuru yaxın dostlarımdan biridi. Mənə həm klub, həm fanatlar, həm də burdakı insanlar barədə yalnız xoş sözlər söylədi. Hava limanında inanılmaz qarşılandım. İlk oyunumu həyəcanla gözləyirəm. Bu fanatlar üçün əlimdən gələni etmək istəyirəm. Mertensə böyük hörmətim var. İtaliyaya ilk ayaq basdığım dönəmdə mənə çox yardım etmişdi. Daim yanımda idi. Mənim üçün böyük qardaş kimi idi. O bura gələndən sonra “Qalatasaray”ın oyunlarını dəfələrlə izləmişdim. Onunla yenidən komanda yoldaşı olacağım üçün şadam. Digər komanda yoldaşlarımı da dərhal tanımaq istəyirəm”.
***
Maraqlıdı…
“Transfermarkt”a görə Osimhenin dəyəri 100 milyon avrodu və o, hazırda dünyanın ən dəyərli mərkəz hücumçuları arasında Harri Keyn ilə 4-5-ci yerləri bölüşdürür. Osimhen yalnız “İnter”li Lautaro Martines (110 milyon avro), “Real”lı Kilian Mbappe (180) və “Mançester Siti”li Erlinq Holanndan (180) geri qalır. Osimhen açıq-ara fərqlə Türkiyə çempionatında çıxış etmiş ən dəyərli futbolçuya çevrilib. Əvvəlki rekord Fərdi Kadıoğlu ilə Nikolo Zanyoloda idi. Onların hər birinin dəyəri 30 milyon avro idi. Ən maraqlısı odu ki, Osimhen dəyərinə görə hazırda Türkiyə çempionatında çıxış edən 19 klubdan 16-nı üstələyir! Yalnız “Qalatasaray”dan (281 milyon avro), “Fənərbaxça” (233,5) və “Beşiktaş”dan (140) geri qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
football-plus.az

1Mənbələr